ARB TV-də yayımlanan “Günə doğru” verilişində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev ilə telefon bağlantısı baş tutub.
“Süni intellekt və rəqəmsallaşma – Müasir dövrün tələblərinə cavab verə bilirik?” mövzusuna həsr olunmuş proqramda akademik Rasim Əliquliyev ölkə Prezidenti cənab İlham Əliyevə elm və təhsilə göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Alim dövlət başçısının AMEA-nın 80 illik yubiley tədbirindəki nitqində süni intellekt və rəqəmsallaşma problemləri ilə bağlı məsələlərə xüsusi diqqətə ayırdığını, alimlər qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb.
Bildirib ki, 80 il ərzində Azərbaycan alimləri ölkə iqtisadiyyatı, sənaye və kənd təsərrüfatının inkişafı, yerüstü sərvətlərin mənimsənilməsi, neft-qaz sənayesinin formalaşdırılması, ölkəmizdə kimya zavodlarının yaradılmasına elmi dəstəyin verilməsi və digər istiqamətində əhəmiyyətli işlər həyata keçiriblər.
“Bu gün süni intellektin inkişafı Azərbaycanın həm daxili, həm də xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir”, – deyən akademik R.Əliquliyev ölkəmizdə bu sahədə görülən tədbirlərdən danışıb.