“Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinə dair elmi-nəzəri nəticələr müzakirə olunub Fevral 13, 2023 | 03:37 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq, elmi seminarın institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyevanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işi çərçivəsində aparılmış tədqiqatda əldə olunmuş elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

S.Ocaqverdiyeva çıxış edərək “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında ətraflı məlumat verib. O, elmi-tədqiqat işinin məqsədinin uşaqların virtual mühitdə informasiya təhlükəsizliyinin təmin edilməsi üçün intellektual texnologiyaların tətbiqi ilə metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.

İddiaçı dissertasiya işinə dair 1-i “Web of Science”, 3-ü “Scopus” bazasında olmaqla, ümumilikdə 12 məqalənin, o cümlədən 12 konfrans materialı və 2 ekspress-informasiyanın nəşr olunduğunu söyləyib.

Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilər, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. İnternet asılılıq problemləri və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə və davranışına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir.

S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatı və təhlükəsizlik sistemlərinin mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlərin görüldüyünü bildirib. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha müasir texnologiyaların və təhlükəsizlik mexanizmlərinin yaradılmasına böyük ehtiyac vardır.

Tədqiqatçı bildirib ki, dissertasiya işi çərçivəsində “təhlükəsiz internetlə” əlaqədar dünya təcrübəsi, beynəlxalq proqramlar, inkişaf etmiş ölkələrdə qəbul edilmiş qanunlar araşdırılmış, uşaqların internet mühitində qarşılaşdığı təhlükələrlə əlaqəli risklər və onların yaratdığı fəsadlar analiz olunmuş və təhlükələrin təsnifatı verilmişdir. Uşaqların internet mühitində təhlükəsizliyinin təmin edilməsi üçün ziyanlı kontentin azyaşlı auditoriyaya təqdim olunmasının qarşısının alınması məqsədilə milli intellektual sistemin konseptual modeli işlənmişdir.

Onun sözlərinə görə, tədqiqat işində veb-kontentlərdə vulqarizmlərin aşkarlanması üçün alqoritm işlənmiş, ziyanlı multimedia resurslarının klassifikasiyası üçün yeni metod işlənmiş, filtrasiyası üçün isə verilənlərin təmizlənməsi metodu işlənmişdir. Uşaqların loq-fayllarının analizi əsasında internet-asılılığın təyini və qiymətləndirilməsi ilə əlaqədar yeni metod təklif edilmişdir. AHP metodundan istifadə etməklə, uşaqların internetə girişinin idarə olunmasında onların yaş kateqoriyasına uyğun olaraq təqdim olunan informasiyanın müəyyən edilməsi üçün çoxkriteriyalı qərar qəbuletmə modeli işlənmişdir. Həmçinin, tədqiqatda istifadəçinin fərdi xüsusiyyətləri (yaşı, göz və ürək xəstəlikləri və s.) nəzərə alınmaqla, onların kompüterdə işləmə müddətinin təyini üçün Mamdani qeyri-səlis məntiqi nəticəçıxarma sisteminin tətbiqi ilə girişə nəzarət alqoritmi işlənmişdir. Dissertasiya işində təklif olunmuş metod və alqoritmlər İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm-kompüter şəbəkəsinin təqdim etdiyi bulud infrastrukturunda təcrübi sınaqdan keçirilmiş, onların səmərəliliyi aparılmış eksperimentlər əsasında təsdiq olunmuşdur.

Sonra mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Müzakirələrdə iştirak edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və digərləri mövzunun aktuallığını önə çəkiblər, dissertasiya işində mühüm elmi-nəzəri nəticələrin əldə olunduğunu bildiriblər, tədqiqatçıya mövzu ilə bağlı təklif və tövsiyələr veriblər.

Daha sonra dissertasiya işi üzrə elmi rəhbər – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, dissertasiya işinin müasir dövrdə böyük aktuallıq kəsb edən məsələlərə həsr olunduğunu diqqətə çatdırıb: “Hər bir informasiya inqilabı nəticəsində meydana çıxan yeniliklərlə əlaqədar olaraq, uşaqlarda müəyyən asılılıqlar yaranmışdır. Uşaqların şəxsiyyət və vətəndaş kimi formalaşmasına ciddi mənfi təsir göstərən asılılıqların aradan qaldırılması həlli vacib məsələlərdəndir”.

Alim 2022-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının kompüter oyunlarından asılılığı xəstəlik, psixi pozğunluğun bir növü kimi rəsmən tanıdığını nəzərə çatdırıb. Qeyd edib ki, yalnız təlim keçmiş tibb mütəxəssisləri kompüter oyunlarından asılılığı müəyyən edə bilər. Bu baxımdan bütün ölkələrdə kompüterdən asılılıqla mübarizə məqsədilə klinikalarda müvafiq şöbələrin yaradılması və bu istiqamətdə kadr hazırlığı məsələləri diqqət mərkəzində saxlanılır.

Akademik R.Əliquliyev ölkəmizdə IV Sənaye İnqilabı əsaslı, hüquqi, təşkilati, texnoloji imkanlara malik olan, peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyi Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasının uşaqların virtual mühitdə ziyanlı kontentlərdən qorunması baxımından əhəmiyyətli olduğunu bildirib. Dissertasiya işində bu mərkəzin yaradılması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan konseptual baxışların, təkliflərin irəli sürüldüyünü qeyd edib.

Elmi rəhbər uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunmasına həsr olunmuş tədqiqatın ölkədə bu istiqamətdə ilk dissertasiya işi olduğunu vurğulayıb. Alim dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini və qarşıya qoyulmuş məsələlərin həll edildiyini bildirib, tədqiqatı tamamlanmış elmi iş kimi qiymətləndirib.

Sonda dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasına yekdilliklə qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı