İnstitutun əməkdaşı İtaliyada keçirilən beynəlxalq süni intellekt təlimində iştirak edib

13 Aprel 2026 - 12:13 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, Azərbaycan elminin qlobal müstəvidə təmsil olunması və süni intellekt sahəsində qabaqcıl bilik və təcrübənin ölkəmizə transfer olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bu çərçivədə institutun gənc tədqiqatçılarının nüfuzlu beynəlxalq proqramlarda, qrant layihələrində, seminar və konfranslarda iştirakı mühüm əhəmiyyət kəsb edir.

ETN İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov İtaliyanın Trieste şəhərində keçirilən “Applied AI for Sustainable Development (SMR 4210)” adlı beynəlxalq təlimdə iştirak edib. Beynəlxalq Nəzəri Fizika Mərkəzi (ICTP) tərəfindən təşkil olunan proqramın əsas məqsədi süni intellektin müxtəlif problemlərin həllində tətbiqinə dair praktiki bilik və bacarıqların artırılması olmuşdur.

Təlim çərçivəsində ənənəvi bulud əsaslı AI modellərindən Edge AI və TinyML texnologiyalarına keçidin üstünlükləri ilə bağlı geniş məlumat verilmiş, bu yanaşmanın real vaxtda işləyən və enerji baxımından səmərəli sistemlərin qurulmasına imkan verdiyi qeyd edilmişdir. İştirakçılar tullantıların idarə olunması və IoT əsaslı “ağıllı” sistemlər üzrə yanaşmalarla, həmçinin müxtəlif sahələrdə istifadə olunan süni intellekt tətbiqləri ilə yaxından tanış olmuşlar. Proqram çərçivəsində iştirakçılar real problemlərə yönəlmiş innovativ süni intellekt həlləri barədə geniş bilik və təcrübə əldə etmişlər.

Bundan başqa, iştirakçılar ICTP-nin Elm, Texnologiya və İnnovasiya Laboratoriyasında (Science, Technology and Innovation Laboratories, STI) müasir elmi avadanlıqlar və tətbiqi texnologiyalarla, həyata keçirilən innovativ tədqiqatların praktiki nəticələri ilə yaxından tanış olmuşlar.

Tədbir zamanı iştirakçı ölkələr arasında süni intellekt üzrə əməkdaşlıq perspektivləri, birgə layihələrdə iştirak və gənc tədqiqatçıların davamlı olaraq bu kimi beynəlxalq proqramlara cəlb olunmasına dair müzakirələr aparılmışdır.

Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.