İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20 Aprel 2026 - 11:08 | Konfranslar, İclaslar

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlət mühitində Operativ Analitik Emalla (Online Analytical Processing, OLAP) neyron şəbəkələrin inteqrasiyası modeli işlənilir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev rəqəmsal dövlətin intellektuallaşdırılması problemlərinin müasir dövrdə elmi və praktiki baxımdan xüsusi aktuallıq kəsb edən çağırışlardan biri olduğunu vurğulayıb.

“Rəqəmsal dövlətin dayanıqlı arxitekturasının qurulması və səmərəli data ekosisteminin formalaşdırılması intellektual texnologiyaların geniş tətbiqini zəruri edir”, – deyə akademik Rasim Əliquliyev qeyd edib. Alim bu istiqamətin institutun əsas prioritetlərindən biri olmaqla yanaşı, həm də dövlət siyasətindən irəli gələn vəzifələrin icrası baxımından da mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

İnstitutun baş direktoru dövlət idarəçiliyində süni intellekt agentlərinin tətbiq dairəsinin genişləndirilməsinin, eləcə də generasiya olunan məlumat axınlarının sistemli şəkildə toplanması və dərin analitik emalının vacibliyinə diqqət çəkib. Qeyd edib ki, OLAP texnologiyalarının süni intellekt alətləri ilə inteqrasiyası nəticəsində yaranan innovativ yanaşmalar idarəetmə qərarlarının daha əsaslandırılmış, çevik və effektiv şəkildə qəbul edilməsinə, nəticə etibarilə süni intellekt agentləri şəbəkəsi əsasında qurulan “ağıllı” rəqəmsal dövlət arxitekturasının yaradılmasına imkan verir.

Akademik Rasim Əliquliyevin sözlərinə görə, data resursların çoxölçülü OLAP texnologiyaları əsasında təşkili informasiyanın analitik baxımdan sistemləşdirilməsinə, rəqəmsal dövlətin idarəetmə subyektləri üçün informasiyanın intellektual emalı platformasının formalaşdırılmasına şərait yaradır. Alim əlavə edib ki, dövlət idarəetməsinin səviyyələrinə uyğun qurulmuş iyerarxik smart OLAP modulları müvafiq qurumların fəaliyyətinə effektiv şəkildə inteqrasiya oluna bilər.

İnstitutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova qeyd edib ki, ənənəvi OLAP texnologiyaları əsasən statik kublara və sərt ölçülü strukturlara əsaslandığından verilənlərin təhlilində məhdud imkanlara malikdir. Verilənlərin həcminin və mürəkkəbliyinin artmasının daha çevik və intellektual analitiz yanaşmalarına ehtiyac yaradır. Bu baxımdan neyron şəbəkələrin istifadəsi getdikcə daha da aktuallaşır.

G.Nəbibəyova tədqiqatın məqsədinin rəqəmsal dövlət mühitində qərarların qəbulunun intellektual dəstəklənməsini təmin edən OLAP texnologiyaları və neyron şəbəkələrin inteqrasiyası modelinin işlənməsi olduğunu qeyd edib. O bildirib ki, təklif edilən Adaptiv “Ağıllı” Semantik Kub modeli OLAP texnologiyalarını neyron şəbəkələri və semantik ontologiyalarla birləşdirərək analitik sistemlərin adaptivliyini artırır. Bu arxitektura ənənəvi OLAP-ın imkanlarını neyron şəbəkə əsaslı proqnozlaşdırma və koqnitiv analiz metodları ilə birləşdirir. Bu inteqrasiya dövlət idarəçiliyi üçün intellektual mühitin yaradılmasını təmin edir.

AZƏRTAC