Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi və kiberdayanıqlıq sahəsində aparılmış tədqiqatların nəticələrini əks etdirən elmi əsərlərin xülasələrindən ibarət “İnformasiya təhlükəsizliyi və kiberdayanıqlıq problemləri” adlı ekspres-informasiya çapdan çıxıb.
Yeni nəşrdə institutun əməkdaşları tərəfindən son 25 ili əhatə edən dövrdə informasiya təhlükəsizliyi və kiberdayanıqlıq problemlərinin müxtəlif istiqamətləri üzrə dərc olunmuş 485 elmi əsərin xülasələri toplanıb. Toplu, həmçinin institutun informasiya təhlükəsizliyi və kiberdayanıqlıq sahəsində elmi fəaliyyətinin hesabatı xarakterindədir.
Nəşrdə informasiya təhlükəsizliyi və kiberdayanıqlıq problemlərinə yalnız texnoloji deyil, həm də hüquqi, iqtisadi, sosiopsixoloji və humanitar aspektləri əhatə edən multidisiplinar yanaşma edilir. Bu baxımdan topluda kritik infrastrukturların kiberdayanıqlığı, süni intellektəsaslı kibertəhlükəsizlik, kriptoqrafiya və elektron imza, bulud texnologiyaları və şəbəkə təhlükəsizliyi, informasiya müharibəsi, milli və beynəlxalq kibertəhlükəsizlik strategiyaları və standartları, informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi, fərdi məlumatların mühafizəsi kimi istiqamətlər üzrə elmi əsərlərin xülasələri öz əksini tapıb.
Topluda yer alan bir çox elmi əsərlər “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda çap olunub.
Xülasələr toplusunun elmi redaktoru texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevdir.
Bu nəşr informasiya təhlükəsizliyi və kiberdayanıqlıq sahəsində elm və tədris fəaliyyəti ilə məşğul olan tədqiqatçılar, müəllimlər, tələbələr, həmçinin idarəetmə və kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər üçün sistemləşdirilmiş informasiya mənbəyidir.
Xülasələr toplusu ilə bu link vasitəsilə tanış olmaq mümkündür.