“Fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda dissertasiya işi müdafiə olundu May 25, 2018 | 04:00 / Konfranslar, iclaslar

Bu  gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, Azərbaycan Respublikasının Əməkdar müəllimi, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev iclasın institutun dissertantı, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudovanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənməsi” adlı dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev iddiaçı R.Mahmudovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Sonra R.Mahmudova dissertasiya işini təqdim edərək onun giriş, 4 fəsil, nəticə, 207 adda ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi. Qeyd etdi ki, mövzu üzrə 18 elmi iş çap olunmuş, onlardan 9 məqalə resenziya olunan elmi jurnallarda, 9 məruzə isə beynəlxalq və respublika səviyyəli konfransların materiallarında nəşr olunmuşdur.

Məruzəçi dissertasiya işinin aktuallığı, elmi yeniliyi, məqsədi, bu məqsədə çatmaq üçün müəyyən olunmuş məsələlər haqqında məlumat verdi.

R.Mahmudova müasir dövrdə informasiyadan istifadənin səviyyəsinin insanların həyat şəraitinə, eləcə də, iqtisadi, siyasi, mədəni, elmi inkişaf perspektivlərinə əhəmiyyətli dərəcədə təsir göstərməsi, informasiya və biliklərin sürətli artım tempinə uyğun olaraq insan resurslarına tələblərin dəyişməsi, hazırda mütəxəssislərin peşəkarlıq qabiliyyəti ilə yanaşı, müstəqil şəkildə ixtisasını təkmilləşdirmək, yeni biliklərə yiyələnmək və onları öz fəaliyyətində tətbiq etmək bacarıqlarının önəm kəsb etməsi, informasiyanın həcmi və məzmununun insanların davranışına, sağlamlığına və psixologiyasına mənfi təsiri və s. problemlərin, həmçinin insanların informasiya cəmiyyətindəki həyat şəraitinə xüsusi olaraq hazırlanması barədə YUNESKO və digər beynəlxalq təşkilatların çağırışlarının dissertasiya işinin aktuallığını şərtləndirən amillərdən olduğunu söylədi.

Bildirdi ki, dissertasiya işinin məqsədi ümumi mədəniyyət kontekstində fərdlərin informasiya mədəniyyətinə (İM) dair mövcud baxışlarının müqayisəli təhlili əsasında yeni konsepsiyanın işlənməsi və fərdlərin İM-nin ölçülməsi və qiymətləndirilməsi üçün riyazi model və metodların işlənməsidir.

R.Mahmudova dissertasiya işində qoyulmuş məqsədə çatmaq üçün görülmüş işləri təqdim etdi. Tədqiqat zamanı ümumi mədəniyyət kontekstində fərdlərin İM-ə dair mövcud baxışlarının müqayisəli təhlil olunduğunu və problemlərin müəyyən olunduğunu, İM-nin informasiya cəmiyyətinin tələbləri baxımından analiz olunduğunu, fərdlərin İM-nin xüsusiyyətlərinin təhlil edildiyini və yeni konsepsiyanın işlənildiyini, təklif olunmuş konsepsiya əsasında İM-nin strukturunun işlənildiyini söylədi. Həmçinin bildirdi ki, İM-nin ölçülməsi və qiymətləndirilməsi üçün kriteriyalar sistemi işlənilmiş, fərdlərin İM-nin ölçülməsi və qiymətləndirilməsi üçün model və metodlar işlənilmiş, fərdlərin İM-nin qiymətləndirilməsi üçün təklif olunmuş metodların adekvatlığının və tətbiqi imkanlarının yoxlanılması üçün kompüter eksperimentləri aparılmışdır.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Elmi rəhbər, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə İM-yə dair müxtəlif baxışların mövcud olduğunu bildirdi. Alim İM-nin fəlsəfə, sosiologiya, kulturologiya, informatika, pedaqogika, psixologiya, linqvistika, kitabxanaşünaslıq və s. elm sahələrini təmsil edən alimlər tərəfindən geniş araşdırıldığını, lakin fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi məsələlərinin kifayət qədər tədqiq olunmadığını bildirdi. Akademik bu baxımdan tədqiqatın əhəmiyyətini qeyd edərək, dissertasiya işində əldə olunan nəticələrin elmi yenilik olduğunu vurğuladı. R.Əliquliyev işin gələcəkdə praktiki sahədə geniş tətbiq olunması üçün kriteriyalar sisteminin işlənildiyini diqqətə çatdırdı.  

Daha sonra R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işinə dair təyin olunan rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professor Cavanşir Məmmədov və texnika üzrə elmlər doktoru, professor Lətafət Qardaşovanın rəyləri diqqətə çatdırıldı. Qeyd olundu ki, dissertasiya işində əsaslı tədqiqatlar aparılmış, qarşıya qoyulmuş məsələlərin həll olunmuşdur. Tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyi bildirildi, irad və təkliflər səsləndirildi.

Müzakirələrdə iştirak edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent, Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika elmləri doktoru, professor Nadir Ağayev rəy və təkliflərini səsləndirdilər. İddiaçı rəy və təkliflərə öz münasibətini bildirdi.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və R.Mahmudovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.   

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı