ETN İnformasiya Texnologiyaları İnstitutunda “Mobil bulud hesablama sistemlərinin optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin 3-cü və 4-cü fəsilləri üzrə alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirilib.
Tədbirdə institutun baş mütəxəssisi Oqtay Ələkbərov dissertasiya işini təqdim edərək tədqiqat işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını diqqətə çatdırıb. Məruzəçi mobil bulud hesablama sistemlərində virtual maşınların optimal seçilməsi metodu və alqoritminin, bulud hesablama sistemlərində məsələnin minimal xərclə həllini təmin edən virtual maşınların seçilməsi alqoritminin, o cümlədən mobil bulud hesablama sistemlərində klaudletlərdən səmərəli istifadə metodunun işlənildiyini bildirib. Əlavə edib ki, təklif edilən metodların adekvatlığının yoxlanması üçün kompüter ekspermentləri aparılmışdır.
O, iş çərçivəsində bulud server və klaudletdən istifadə məsələlərinin müqayisəli analiz olunduğunu bildirib. Həmçinin mobil bulud hesablama sistemlərində mobil cihazlarda məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün mexanizmlərin işlənildiyini qeyd edib. Tədqiqatçı fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün SECaaS platforması xidmətindən istifadə edilməsinin təklif olunduğunu qeyd edib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.
Dissertasiya işi üzrə elmi rəhbər AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev aparılan tədqiqatlarla bağlı təklif və tövsiyələrini bölüşüb. Akademik Rasim Əliquliyev dissertasiya işi çərçivəsində Əşyaların İnternetindən qaynaqlanan sensorların istifadəçi qismində araşdırılmasının, o cümlədən vahid inteqral kommunikasiya mühitinin yaradılmasını nəzərdə tutan 10G texnologiyalarının dərindən tədqiq olunmasının əhəmiyyətinə toxunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.