Süni intellekt texnologiyalarının kulturologiya sahəsinə nüfuz etməsindən yaranan “İncəsənət İnformatikası” elmi incəsənət və texnoloji biliklər sferasının fənlərarası sərhədlərini aşır və yeni yaradıcı layihələrin həyata keçirilməsi baxımından mühüm rol oynayır. Kulturologiya sahəsində yetişən mütəxəssislərin təhsil sisteminə süni intellekt texnologiyaları ilə bağlı biliklərin daxil edilməsi zamanın tələbidir və kadr hazırlığı sahəsində aktual məsələlərdəndir.
Bu fikirləri ETN İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda keçirilmiş beynəlxalq elmi-nəzəri konfransda çıxışı zamanı səsləndirib.
Tədqiqatçı konfransın “Süni intellekt alətlərindən istifadənin sosial-humanitar aspektləri” adlı bölmə iclasında “Kulturologiya sahəsində süni intellekt texnologiyaları” mövzusunda məruzəni təqdim edib.
O, çıxışında informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı müasir kompüter və robot sistemlərinin jestlərlə idarə olunması üçün əlverişli mühit yaratdığını bildirib.
İnformasiya mübadiləsi prosesində işarə sistemlərinin (jestlər, mimika və s.) mühüm rola malik olduğunu deyən K.Qurbanova jestlərin avtomatik tanınması mərhələsi barədə məlumat verib. Qeyd edib ki, süni intellekt texnologiyaları kulturologiya sahəsində nizam sisteminin dəyişməsinə təkan vermişdir. Onun sözlərinə görə, bu texnologiyalar mədəni dəyərlərin və mədəni sərvətlərin öyrənilməsi, qorunması, yaradılması, yayılması kimi proseslərə, kulturologiya sahəsində təşkilatlarının fəaliyyətində təşkilini təkmilləşdirilməsinə, mədəniyyət obyektlərinin və mədəni sərvətlərin dövlət qeydiyyatına alınmasına imkan verən ixtisaslaşdırılmış informasiya sistemlərinin yaradılmasına geniş imkanlar açır.
“İnnovativ informasiya texnologiyalarının kulturologiya sahəsinə nüfuzu sayəsində daha böyük uğurlara imza atmaq üçün süni intellekt texnologiyalarını tətbiq etmək bacarığına malik kadrların hazırlanması zamanın tələbidir”, – deyən K.Qurbanova qeyd edib ki, bu biliklərə yiyələnmək, incəsənət əsərlərinin istehsalının artırılmasına və keyfiyyətin yüksəldilməsinə təminat verə bilər.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.