İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı May 23, 2018 | 10:47 / Konfranslar, iclaslar

Mayın 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurasının təsis toplantısı keçirildi. Tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun əməkdaşları,  eləcə də AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə, Fəlsəfə İnstitutunun Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru Lalə Mövsümova, AMEA Qadınlar Şurasının elmi araşdırmalar üzrə katibi və koordinatoru, fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadıyeva, Fəlsəfə İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədr müavini Humay İsayeva iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev bu günün rəhbərlik etdiyi qurumun həyatında əlamətdar günlərdən biri olduğunu qeyd etdi. Cari ilin aprel ayında AMEA-da Qadınlar Şurasının təsis edildiyini diqqətə çatdıraraq institutda da belə bir şuranın yaradılmasının zəruri olduğunu vurğuladı.

“Qadınların hüquqlarının qorunması və onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı dövlət başçısının da daim diqqət mərkəzində saxladığı məsələlərdəndir”, – deyə bildirən alim ölkədə bu istiqamətdə görülən tədbirlərin gender problemlərinin həllinə böyük töhfə verdiyini qeyd etdi. Qadınların vətəndaş cəmiyyəti quruculuğu və elmin inkişafında müstəsna xidmətləri olduğunu vurğuladı.

R.Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə çalışan əməkdaşlar arasında qadınların sayca üstünlük təşkil etdiyini, onların müasir dövrün çağırışlarına cavab verən prioritet elmi istiqamətlərdə tədqiqatlar apardıqlarını bildirdi.

Alim AMEA rəhbərliyinin Qadınlar Şurasının yaradılmasına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, şuranın fəaliyyətinin səmərəli təşkili üçün hər zaman dəstək göstərməyə hazır olduğunu dedi. Qadınları institutun qarşısında duran vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə çağırdı.

Sonra çıxış edən prof. Rəna Mirzəzadə müasir dövrdə cəmiyyətdə gender zorakılığı hallarının qarşısının alınmasına nail olunduğunu, kişilərlə yanaşı, qadınlar üçün də bərabər hüquqların təmin edildiyini dedi. O, Ümummili lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə cəmiyyətdə qadınların rolunun yüksəldilməsinə xüsusi önəm verdiyini, gender bərabərliyinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirdiyini bildirdi.

Məruzəçinin sözlərinə görə, ölkə rəhbərliyinin gender bərabərliyi siyasətinə dəstək məqsədilə AMEA-da Qadınlar Şurası yaradılmışdır: “Akademiyanın qadın əməkdaşlarının fəaliyyətinin stimullaşdırılması və onlara dəstək göstərilməsi Şuranın əsas hədəflərindəndir”.

R.Mirzəzadə Qadınlar Şurasının institutlarda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər şuraları və Həmkarlar İttifaqı komitələri ilə qarşılıqlı fəaliyyət göstərəcəyini qeyd etdi, institutda yeni yaradılacaq Şuranın fəaliyyətinə uğurlar arzuladı.

İclasda institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın institutun Qadınlar Şurasının sədrliyinə, institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımovanın şuranın sədr müavinliyinə namizədliyi səsə qoyuldu və yekdilliklə qəbul olundu.

Sonra səsvermə yolu ilə şuranın üzvləri seçildi.

Daha sonra Z.Cəbrayılova və R.Qasımova çıxış edərək şuranın yaradılmasında təşəbbüs göstərən hər kəsə minnətdarlıqlarını bildirdilər, onlara etibar olunan vəzifələri layiqincə yerinə yetirməyə hazır olduqlarını söylədilər. 

Sonda müzakirələr aparıldı. İnstitutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, direktor müavini Şakir Mehdiyev, institutun elmi katibi Mədinə Səidova, şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, AMEA-nın Azad Həmkarlar İttifaqının sədr müavini, institutun Həmkarlar komitəsinin sədri Səyyar Abdullayev, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev, sektor müdiri, İradə Ələkbərova, institutun Gənc alim və mütəxəssislər şurasının sədri Nərmin Adıgözəlova çıxış edərək şuranın fəaliyyətinə dair təklif və tövsiyələrini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı