İnstitutda Dissertasiya Şurasının növbəti iclası keçirilib

12 Oktyabr 2026 - 11:12 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda FD 1.35 Dissertasiya Şurasının növbəti iclası keçirilib.

Dissertasiya şurasının sədri, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş iki dissertasiya işinə kuratorların təyini və təsdiq edilməsi məsələsinə həsr edildiyini bildirib.

İclasda 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Ramil Mirzəyevin “Ehtiyatları bir neçə mənbədən doldurulan xidmət sistemlərinin riyazi modellərinin yaradılması” mövzusunda dissertasiya işi üzrə kuratorlar təklif olunaraq təsdiq edilib.

3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan institutun dissertantı Elşən Bağırovun “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi üzrə müvafiq qərarlar qəbul olunub.  

İddiaçı Ramiz Mirzəyevin dissertasiya işi üzrə kuratorlar – AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dos. Rəşid Ələkbərov və texnika üzrə fəlsəfə doktoru, dos. Fərhad Yusifov, iddiaçı Elşən Bağırovun dissertasiya işi üzrə kuratorlar – AMEA-nın müxbir üzvü, prof. Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dos. Fərqanə Abdullayeva və texnika üzrə fəlsəfə doktoru, dos. Ramiz Şıxəliyev təyin olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.