ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. İclasın sədri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova tədbiri giriş sözü ilə açaraq, elmi seminarın institutun dissertantı Elşən Bağırovun 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra Elşən Bağırov “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, elmi yeniliyi, qarşıya qoyulmuş məsələlər və s. haqqında məlumat verib. Qeyd edib ki, statistik rəqəmlərə əsasən, zərərli proqram nümunələrinin, o cümlədən, yeni növ zərərli proqramların sayında eksponensial artımın müşahidə edilməsi və destruktiv nəticələrinin yüksək olması, rəqəmsal sistemlərin mürəkkəbləşdiyi şəraitdə təhlükəsizliyə inteqrasiya edilmiş proqram mühəndisliyinin zərərli proqramların qarşısının alınması və dayanıqlı arxitekturaların qurulması üçün strateji aktuallıq kəsb etməsi, eləcə də kibercinayətkarların yeni növ zərərli proqramların sayını və müxtəlifliyini artırmaq məqsədilə aşkarlanmaqdan yayınma metodlarını tətbiq etməsi bu istiqamətdə tədqiqatların aparılmasını zəruri edir.
İddiaçı həmçinin vurğulayıb ki, maşın öyrənmə, dərin öyrənmə, Generativ Rəqib Şəbəkələr kimi intellektual analiz metodlarının zərərli proqramların aşkarlanmasına tətbiqi imkanlarının mövcud olması, o cümlədən informasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələr üzrə təminatının təkmilləşdirilməsi istiqamətində milli hədəflərin olması dissertasiya işinin aktuallığını şərtləndirir.
E.Bağırov dissertasiya işinin məqsədinin Windows və Android əməliyyat sistemləri mühitində zərərli icra oluna bilən proqram təminatının yüksək dəqiqliklə aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərin işlənməsi olduğunu diqqətə çatdırıb.
O, dissertasiya işində əldə olunmuş yekun nəticələri təqdim edib. Qeyd edib ki, iş çərçivəsində zərərli proqramların maşın öyrənməsi metodları ilə qurulması üçün istifadə edilən statik və dinamik əlamətlər fəzasından ən optimal əlamətlərin seçilməsi üçün metod işlənmiş, Windows və Android əməliyyat sistemləri mühitində zərərli proqramların və zərərli proqram trafikinin aşkarlanması üçün statik və dinamik yolla əldə edilmiş müxtəlif növ əlamətlərdən istifadə etməklə klassifikasiya və klasterləşdirmə əsaslı maşın öyrənmə metodları işlənmişdir. Həmçinin zərərli proqramların təsvirlərə çevrilərək aşkarlanması üçün transfer öyrənmə əsaslı yüksək dəqiqlikli aşkarlama alqoritmi işlənmişdir. Təlim məqsədilə zərərli proqram nümunələrinin sayının artırılması üçün Şərti Generativ Rəqib Şəbəkə metodu işlənmiş və artırılmış verilənlər üzərində maşın öyrənmə modelləri yoxlanılmış, performans göstəriciləri artırılmışdır. Zərərli proqramların aşkarlaması üçün təklif edilmiş modellərin izahetmə qabiliyyətinin qiymətləndirilməsi üçün üç fərqli verilənlər toplusundan istifadə etməklə eksperimentlər aparılmış, verilənlərin real mühitdə istifadə edilməsi zamanı əlamətlərin yayınması eksperimental olaraq qiymətləndirilmişdir.
İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru Xanmurad Abdullayev və texnika üzrə fəlsəfə doktoru, dosent Nizami Cəfərovun rəyləri səsləndirilib. Rəylərdə dissertasiya işində əsaslı tədqiqatların aparıldığı, qarşıya qoyulmuş məsələlərin həll olunduğu bildirilib, tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti qeyd olunub. Tədqiqat işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasına qoyduğu tələblərə tam cavab verdiyi bildirilib və iş texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ixtisaslaşdırılmış Disertasiya Şurasında müdafiəyə tövsiyə olunub.
İddiaçı rəylərdə səsləndirilən təklif və iradları cavablandırdıqdan sonra dissertasiya işi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev iştirak ediblər.
Sonra dissertasiya işi ilə bağlı akademik Rasim Əliquliyev, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə elmlər doktoru, dosent Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev çıxış edərək tədqiqatın mövzusunun müasir elmi çağırışlara uyğun olduğunu, işdə istifadə olunan yanaşma və metodların məqsədəuyğun seçildiyini qeyd ediblər, işin növbəti mərhələyə təqdim olunmasını tövsiyə ediblər.
Daha sonra dissertasiya işi üzrə elmi rəhbər – texnika üzrə elmlər doktoru, dosent Yadigar İmamverdiyev çıxış edərək müasir dövrdə zərərli proqram təminatının aşkarlanması problemlərinin xüsusi aktuallıq kəsb etdiyini bildirib. Qeyd edib ki, təqdim olunan dissertasiya işi bu sahədə mövcud elmi-praktiki problemlərin həllinə yönəlmiş və intellektual analiz metod və alqoritmlərinin tətbiqi baxımından perspektivli tədqiqat istiqamətini əhatə etmişdir. Elmi rəhbər dissertasiya işində əldə olunmuş elmi yeniliklərin tamamilə orijinal xarakter daşıdığını, tədqiqat nəticələrinin nəzəri cəhətdən əsaslandırılmış və praktik tətbiq imkanlarına malik olduğunu vurğulayıb. Bildirib ki, dissertasiya çərçivəsində qarşıya qoyulmuş kompleks məsələlər sistemli şəkildə araşdırılmış və uğurla həll edilmişdir.
Dosent Yadigar İmamverdiyev tədqiqatın əsas nəticələrinin nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda dərc edildiyini xüsusi olaraq qeyd edib. Alim dissertasiya işinin Azərbaycan Respublikasında ali attestasiyaya dair qüvvədə olan tələblərə tam cavab verdiyini, iddiaçının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildirib.
Sonda irad, təklif və tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunması ilə bağlı qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.