İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı aparılan tədqiqatların nəticələri təqdim olunub

16 Dekabr 2024 - 14:33 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova tədbiri giriş sözü ilə açaraq, elmi seminarın institutun baş mütəxəssisi Kəmalə Həşimovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu qeyd edib.

Sonra K.Həşimova “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini təqdim edərək tədqiqatın məqsədinin internet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması, müştəri məmnunluğunun əldə edilməsi üçün metod və alqoritmlərin işlənilməsi olduğunu bildirib.

Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı ilə vətəndaşların internet xidmətlərindən istifadəsinin artması virtual məkanda reklam və marketinq fəaliyyətinin genişlənməsinə səbəb olmuşdur. İnternet reklam ənənəvi reklam vasitələrindən fərqli olaraq daha çox imkanlara (zaman, məkan, modulluq, interaktivlik və s.) malikdir və bu imkanlardan reklam işlərində səmərələliyin artırılması üçün geniş istifadə oluna bilər. Əlavə edib ki, müasir informasiya texnologiyalarından istifadə etməklə reklam və marketinq sahəsində səmərəliliyi artırmaq, rəylərin analik emalı nəticəsində müştəri məmnunluğu əldə etmək üçün yeni metod və alqoritmlərin işlənməsi həlli vacib məsələlərdəndir.

O, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını və həll olunduğunu diqqətə çatdırıb. Məruzəçinin sözlərinə görə, dissertasiya işi çərçivəsində İnternet reklamın inkişaf perspektivləri, xüsusiyyətləri və imkanları araşdırılmış, mövcud problemlər müəyyənləşdirilmişdir. Həmçinin İnternet mühitində reklam və marketinq məsələlərinin səmərəli həlli üçün müştəri rəyləri əsasında veb-saytların qiymətləndirilməsi alqoritmi, effektivlik göstəricilərinin sayının azaldılması metodu, İnternet reklam kampaniyasının effektivliyinin dinamik dəyişməsi modeli, eləcə də e-kommersiya mühitində müştəri maraqlarının proqnozlaşdırılmasında tövsiyə sistemi üçün alqoritm işlənmişdir. Əldə olunan elmi nəticələrin yoxlanması məqsədi ilə eksperimentlər aparılmışdır.

İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova çıxış edərək, dissertasiya işində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildiriblər, tədqiqatın elmi yeniliyini və praktiki əhəmiyyətini qeyd ediblər. Rəyçilər tədqiqat işini AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1203.01 – “Kompüter elmləri” ixtisasına qoyduğu tələblərə tam cavab verdiyini bildiriblər və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ixtisaslaşdırılmış Disertasiya Şurasında müdafiəyə tövsiyə ediblər.

Sonra dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Akademik bu gün reklam və marketinq siyasətinin ən son texnologiyalardan istifadə etməklə qurulmasının vacibliyinə toxunaraq, İnternet vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatlarının, onlayn ticarətlə bağlı məlumatların emal edilməsi nəticəsində əldə olunan vacib biliklərin rəqəmsal iqtisadiyyatın səmərəliliyinin artırılmasına təsiri ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Akademik R. Əliquliyev istənilən biznes təşəbbüsünün əsasını təşkil edən rəqəmsal marketinqin düzgün qurulmasının İnternet mühitdə bu və ya digər məhsulun reytinqini müəyyənləşdirmək, ona olan tələb-təklifi qiymətləndirmək baxımından vacib amillərdən olduğunu diqqətə çatdırıb. Alim İnternetdə reklamla əlaqədar verilənlərdə manipulyativ texnologiyalardan istifadə olunmasının iqtisadi informasiya təhlükəsizliyi təmin olunması problemlərini də aktuallaşdırdığını əlavə edib.

Elmi rəhbər tədqiqat işinin müasir dövrdə aktuallıq kəsb edən əhəmiyyətli elmi problemlərə həsr olunduğunu qeyd edərək, internet mühitində reklam və marketinq işlərinin yüksək səviyyədə təşkili üçün ən son metod, model və texnologiyalardan istifadə olunmasının vacibliyini vurğulayıb. Akademik R. Əliquliyev tədqiqat işində onlayn ticarətin səmərəliliyinin artırılması, biznes işinin yüksək səviyyədə təşkili ilə bağlı mühüm məsələlərin öz əksini tapdığını diqqətə çatdırıb, dissertasiya işinin müdafiəyə təqdim olunmasını tövsiyə edib.

Daha sonra dissertasiya işi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. İddiaçı texnika üzrə fəlsəfə doktoru, dosent  Rəşid Ələkbərov, professor Məsumə Məmmədova, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent  Fərqanə Abdullayeva, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova və digərlərinin ona ünvanladığı sualları cavablandırıb.

Sonda irad, təklif və tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.