ETN İnformasiya Texnologiyaları İnstitutunda Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbiri keçirildi.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev 8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə institutun kollektivini təbrik etdi. O, hər iki əlamətdar günün ölkədə böyük sevinc və coşqu ilə qeyd edilməsinin xalqımızın milli birliyinin, dövlətçilik ideallarına sədaqətinin və azərbaycançılıq ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Akademik Rasim Əliquliyev çıxışında Birinci Qarabağ müharibəsindən sonra ölkədə yaranmış hərbi-siyasi böhran, xarici dövlətlərin müdaxiləsi nəticəsində meydana gələn problemlər və həmin mürəkkəb dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqımızın xilasında oynadığı tarixi roldan söz açdı. Alim qeyd etdi ki, dahi şəxsiyyətin uzaqgörən siyasəti, dövlətçilik təcrübəsi və liderlik keyfiyyətləri sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, sabitlik bərpa edildi və ölkəmizin müstəqil inkişafının təməli qoyuldu.
Bu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini bildirən baş direktor qeyd etdi ki, dövlət başçısının qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan regionda söz sahibi olan güclü dövlətə çevrildi, nəhəng beynəlxalq tərəfdaşlıqlar formalaşdı, ordu quruculuğu və milli təhlükəsizlik sahəsində əsaslı dönüş baş verdi.
Akademik Rasim Əliquliyev vurğuladı ki, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən ordumuz qarşısında strateji və operativ vəzifələr qoydu, döyüşlərin gedişatını şəxsən izləyərək, həm cəbhədə, həm də informasiya müstəvisində mübarizəyə rəhbərlik etdi. Onun idarəçiliyi ilə aparılan informasiya siyasəti Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadı.
Alim qeyd etdi ki, beş il öncə – 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçdi. Qəhrəman hərbçilərimiz düşmənin hücumlarını dəf edərək, beynəlxalq təşkilatların və böyük dövlətlərin uzun illər ərzində həll edə bilmədiyi problemi cəmi 44 günə şanlı qələbə ilə nəticələndirdilər.
İnstitutun baş direktoru əlavə etdi ki, çoxəsrlik tariximizin Zəfər zirvəsi 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın 30 illik işğalına son qoyması ilə oldu. Bu qələbə ilə tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu, şəhidlərimizin qisası alındı. Azərbaycan öz gücünü, birliyini və haqqını qorumaq əzmini bütün dünyaya nümayiş etdirdi. Akademikin sözlərinə görə, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözü tutdu, rəşadətli ordumuza və xalqına inanaraq zəfər qazandı. AMEA-nın vitse-prezidenti xalqımızın lideri – Prezident İlham Əliyevin ətrafında sıx birləşərək milli həmrəylik və mübarizlik nümunəsi göstərdiyini bildirdi.
Akademik R.Əliquliyev diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsi XXI əsrin tələblərinə cavab verən yeni texnoloji müharibə modeli kimi tarixə düşdü: “Ordumuz müasir silahlardan, pilotsuz uçuş aparatlarından və süni intellekt texnologiyalarından geniş istifadə edərək, qısa zamanda strateji üstünlük qazandı. Bu müharibə yeni texnoloji dövrün başlanğıcını qoydu və dünyada ilk dəfə məhz bu döyüşdə süni intellekt texnologiyalarının hərbi əməliyyatlarda genişmiqyaslı tətbiqi reallaşdı”.
AMEA-nın vitse-prezidenti xatırlatdı ki, Zəfərdən üç il sonra – 2023-cü il sentyabrın 19–20-də Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində bölgədə fəaliyyət göstərən separatçı və qeyri-qanuni silahlı birləşmələr tam zərərsizləşdirildi. Cəmi 24 saat davam edən bu əməliyyat Azərbaycanın konstitusion quruluşunun və dövlət suverenliyinin tam bərpası ilə yekunlaşdı. Alim bu hadisəni dövlətin siyasi iradəsinin, ordumuzun peşəkarlığının və xalqın birliyinin parlaq təzahürü kimi qiymətləndirdi.
Tədbirdə həmçinin 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunmasının tarixi mənşəyi və ideoloji əhəmiyyətindən bəhs edən Rasim Əliquliyev bildirdi ki, bayraq hər bir millətin varlığının, müstəqilliyinin və milli identikliyinin rəmzidir. Dövlətçiliyimizin mühüm atributlarından olan üçrəngli bayrağımız xalqımız üçün daim qürur mənbəyi olub və bu gün də Azərbaycan vətəndaşının dövlətə sədaqətini təcəssüm etdirir.
“Qarşıda Azərbaycanı daha böyük zəfərlər gözləyir,” – deyən Rasim Əliquliyev vurğuladı ki, bu gün dünya liderlərinin Prezident İlham Əliyevin şəxsiyyətinə, prinsipial mövqeyinə, sülhpərvərliyinə və ədalətsevərliyinə olan yüksək hörmət və etimadı ölkəmizin beynəlxalq nüfuzunun təzahürüdür. O, bildirdi ki, ölkəmizdə ən son texnologiyaların tətbiqi, süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın gələcək inkişafının əsasını təşkil edir və yeni reallıqlar formalaşdırır.
Akademik qeyd etdi ki, bu istiqamətdə dövlət başçısının elmi və intellektual potensialın gücləndirilməsinə dair baxışı xüsusilə diqqətəlayiqdir. O, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirindəki çıxışında alimlər qarşısında iqtisadiyyatın transformasiyası, süni intellekt texnologiyalarının tətbiqi kimi prioritet istiqamətlər üzrə mühüm vəzifələr müəyyənləşdirdiyini xatırladaraq, bu tapşırıqların həyata keçirilməsinin ölkəmizin elmi potensialının yeni inkişaf mərhələsinə keçidini təmin edəcəyini bildirdi.
Tədbirdə həmçinin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova çıxış edərək Zəfər Gününün və Dövlət Bayrağı Gününün Azərbaycanın tarixində mühüm yer tutduğunu, bu bayramların xalqımızın milli qürurunun və dövlətçilik ənənələrinin təcəssümü olduğunu qeyd etdilər. Çıxış edənlər ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, dövlət rəmzlərimizin ucaldılmasında və Vətən müharibəsində əldə olunan tarixi qələbədə xalqımızın, şanlı Azərbaycan Ordusunun və Ali Baş Komandanın birliyinin həlledici rol oynadığını diqqətə çatdırdılar.
Tədbirin sonunda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, qəhraman oğullarımızın fədakarlığı və şücaəti sayəsində qazandığımız Zəfərin əbədiliyi vurğulandı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.