ETN İnformasiya Texnologiyaları İnstitutu nəzdində ED 1.35 Dissertasiya şurasının iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev iclasın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın texnika elmləri doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi “Kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu söylədi.
Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva iddiaçı dos. L.Suxostatın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.
Sonra L.Suxostat çıxış edərək dissertasiya işini təqdim etdi. İddiaçı dissertasiya işinə dair 11-i Web of Science, 4-ü Scopus bazasında olmaqla, ümumilikdə 17 məqalənin, o cümlədən 16 konfrans materialının nəşr olunduğunu diqqətə çatdırdı.
Məruzəçi bildirdi ki, tədqiqatın aparılmasında əsas məqsəd kibertəhlükələr və sistem imtinaları ilə bağlı böyük verilənlərin intellektual analizi əsasında, kiberfiziki sistemlərin kiber dayanıqlılığının və informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsidir.
İddiaçı dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını bildirdi. Məruzəçinin sözlərinə görə, dissertasiya işi çərçivəsində kiberfiziki sistemlərin kiber dayanıqlığın müasir vəziyyətinin analizi və problemləri müəyyənləşdirilmiş, sistemin kiber dayanıqlığını təmin etmək üçün konseptual model təklif edilmişdir.
O, həmçinin kiberfiziki sistemlərdə böyük verilənlərin intellektual analizi üçün işlənilmiş metod və alqoritmləri diqqətə çatdırdı, əldə olunmuş nəticələri eksperimentlər əsasında təqdim etdi. Qeyd etdi ki, ekstremal maşın təlimindən istifadə etməklə kiberfiziki sistemlərə kiberhücumların klassifikasiyası metodu, klassifikatorlar ansamblından istifadə etməklə DoS hücumlarının aşkarlanması metodu, kiberhücumlarda vizual təsvirlərə əsaslanan zərərli proqram təminatının aşkarlanması alqoritmi işlənmişdir. L.Suxostat işdə iyerarxik gizli Markov modelləri əsasında kiberfiziki sistemlərin əməliyyat texnologiyalarında anomaliyaların aşkarlanması metodu, kiberfiziki sistemlərin cihazlarında vizual təsvirlərə əsaslanan nasazlıqlarının təsnifat metodunun işlənildiyini və kiberfiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün bir sıra metodların təklif olunduğunu da vurğuladı.
Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika elmləri doktoru, professor Nailə Musayeva, texnika elmləri doktoru, professor Valeh Mustafayev, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova və texnika elmləri doktoru, professor Baləmi İsmayılovun rəyləri səsləndirildi. Çıxış edənlər aktual elmi problemlərə həsr olunmuş dissertasiya işində kompleks məsələlərin qoyulduğunu və həll edildiyini bildirdilər. Həmçinin nəzəri və praktiki əhəmiyyətə malik dissertasiya işinə dair tövsiyə xarakterli iradlar və təkliflər səsləndirdilər. Opponentlər tədqiqat işinin yüksək səviyyədə yerinə yetirilmiş, tamamlanmış elmi iş olduğunu və Ali Attestasiya Komissiyasının elmi dərəcələrin verilməsinə dair tələblərini tam ödədiyini vurğuladılar.
Sonra iddiaçı ona ünvanlanan sualları cavablandırdı. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika elmləri doktoru, professor İqbal Babayev, texnika elmləri doktoru, professor Nadir Ağayev, texnika elmləri doktoru Mütəllim Mütəllimov, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva iddiaçının yerinə yetirdiyi dissertasiya işinin tamamlanmış iş olduğunu bildirdilər, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu diqqətə çatdırdılar.
Daha sonra dissertasiya işinə dair elmi məsləhətçi, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. Akademik vurğuladı ki, beynəlxalq, regional və milli səviyyədə böyük aktuallıq kəsb edən kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi probleminin həllinə yönəlmiş bu dissertasiya işi yalnız elmi deyil, həm də strateji baxımdan ölkəmiz üçün böyük önəm kəsb edir. Alim Azərbaycanda kiberfiziki sistemlərin problemlərinin uzun illərdir araşdırıldığını qeyd edərək xatırlatdı ki, hələ 1980-ci illərdən etibarən ölkəmizdə bu istiqamətdə tədqiqatlara başlanılmış, 2000-ci illərin əvvəllərindən isə bu sistemlərin təhlükəsizliyinin təmin olunması istiqamətində araşdırmalar daha da dərinləşmişdir.
“Kiberfiziki sistemlərin intellektuallaşdırılması problemlərinin tədqiqi institutun əsas prioritet istiqamətlərindən biridir”, – deyən akademik Rasim Əliquliyev bu sahədə aparılan tədqiqatlara AMEA və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən həyata keçirilən bir sıra qrant layihələri çərçivəsində dəstək göstərildiyini də vurğuladı.
İnstitutun baş direktoru dissertasiya işində yeni bir elmi istiqamət olan kiberfiziki sistemlərin kibertəhlükəsizliyinin və kiberdayanıqlığının təmin olunmasının ümümi arxitektur elmi-nəzəri əsaslarının işlənildiyini, əldə olunan nəticələrin nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunduğunu diqqətə çatdırdı.
İddiaçının şəxsi keyfiyyətlərindən bəhs edən akademik R.Əliquliyev dos. L.Suxostatın uzun illərdir ki, İnformasiya Texnologiyaları İnstitutunda elmin aktual istiqamətləri üzrə tədqiqatlar apardığını, nəcib insani keyfiyyətləri ilə kollektiv arasında dərin hörmət və nüfuz qazandığını dedi. Alim L.Suxostatın 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görüldüyünü xatırlatdı.
Akademik R.Əliquliyev iddiaçının yerinə yetirdiyi tədqiqatın tamamlanmış iş olduğunu və elmi yeniliyə malik olduğunu bildirdi. Alim ölkəmiz üçün böyük əhəmiyyətə malik olan dissertasiya işinin Azərbaycanda müvafiq istiqamətdə aparılan işlərə təkan verəcəyinə inamını ifadə etdi. Qeyd etdi ki, dissertasiya işi uzun illər ərzində aparılan tədqiqatların nəticəsi kimi, Dördüncü Sənaye İnqilabının əsas istiqamətlərindən birinə – kiberfiziki sistemlərin intellektual idarə edilməsi problemlərinə mühüm töhfə verir. O, əldə olunan nəticələrin elmi və tətbiqi baxımdan ümummilli əhəmiyyət daşıdığını qeyd etdi, dissertasiya işini yüksək qiymətləndirdi.
İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirildi.
Səsvermənin nəticələrinə əsasən, L.Suxostata texnika elmləri doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.