ETN İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın məqaləsi “Springer” nəşriyyatına daxil olan “İnsansız sistemlər: süni intellekt, dizayn və səmərəlilik üzrə beynəlxalq simpozium” (International Symposium on Unmanned Systems: Artificial Intelligence, Design & Effeciency – ISUDEF24) materiallarında çap olunub.
“Qarışqa alqoritmindən istifadə etməklə proqram təminatının optimallaşdırılması üçün alqoritmin işlənməsi” (Algorithm development for software optimization using ANT) adlı konfrans materialında yüksək keyfiyyətli proqram təminatı sistemlərinin hazırlanması zamanı istifadə olunan müxtəlif texnologiyalar, metod və alqoritmlər haqqında məlumat verilib.
Tədqiqat çərçivəsində təxmini həllər tapmaq üçün ən effektiv polinom alqoritmlərindən olan və biomimetika sahəsinə aid olunan qarışqa alqoritmi ilə bağlı araşdırmalar aparılıb. Bu alqoritmin proqram təminatının səmərəliliyini artırdığı, optimallaşdırdığı, qraflarda oxşar marşrut axtarış problemlərini həll etdiyi vurğulanıb.
Əldə olunmuş elmi nəticələr əsasında aparılan hesablamalar qənaətbəxş nəticə verib.
Qeyd edək ki, konfrans materialları Web of Science və Scopus elmi bazalarında indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.