İnstitutda “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş tədbir keçirilib

29 Aprel 2022 - 13:08 | Konfranslar, İclaslar

Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union - ITU) qadınların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində  fəaliyyətinə, İKT-nin qadınlar üçün yaratdığı imkanlara diqqət çəkmək, eləcə də gənc qızları bu sahəyə yönləndirmək məqsədi ilə 2014-ci ildə “Qadınlar İKT-də Beynəlxalq Günü”nü təsis etmişdir. Həmin tarixdən etibarən hər il aprel ayının son həftəsi dünyanın müxtəlif ölkələrində bu əlamətdar gün qeyd olunur.

Aprelin 28-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda da “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş toplantı keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov öncə belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Hazırda İKT-nin insan fəaliyyətinin bütün sahələrinə nüfuz etdiyini söyləyən məruzəçi bildirib ki, bu gün cəmiyyətdə tutduğu mövqedən, təhsilindən, sosial vəziyyətindən, yaşından, milliyyətindən, irqindən asılı olmayaraq hər kəs İKT istifadəçisi olub, onun imkanlarından yararlanır.

R.Ələkbərov qeyd edib ki, İKT-nin yaranması qadınlar üçün xüsusilə geniş imkanlar yaratmışdır. Bu gün distant təhsilin meydana gəlməsi bir çox qadınların vaxt qıtlığı, yol xərcləri və s. səbəblərdən təhsil ala bilməmək problemini aradan qaldırır.

“Hazırda qadınların İKT sferasına cəlb olunması istiqamətində ciddi işlər görülsə də, dünyanın əksər ölkələrində bu sahədə çətinliklər və maneələr hələ də mövcuddur”, - deyə bildirən icraçı direktor bu sahədə çalışan qadınların İKT üzrə ümumi işçi bazarının cəmi 26%-ni təşkil etdiyini vurğulayıb. Söyləyib ki, İKT sektoru üçün qadın və qızların hazırlanmasının dəstəklənməsi BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (ing. Sustainable Development Goals - SDGs)uyğundur və bu, sektorda gender bərabərliyinə nail olmağa, qadınların mövqeyinin möhkəmlənməsinə yönəlmişdir.

Son dövrlər elm sahəsində çalışan qadınların sayının kişilərə nisbətən ilbəil artmaqda olduğunu deyən məruzəçi bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunun təxminən 70 %-ni zərif cinsin nümayəndələri təşkil edir.

İnstitutun Qadınlar Şurasının sədri, texnika elmləri doktoru Zərifə Cəbrayılova çıxış edərək Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə qadınların rolunun artırılmasına xüsusi əhəmiyyət verdiyini  xatırladıb, bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğrula davam etdirildiyini nəzərə çatdırıb:  “Həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadınları dövlət orqanlarında, elm, təhsil və tibb müəssisələrində, biznes və vətəndaş cəmiyyəti sektorlarında, ədəbiyyat, incəsənət və idman sahələrində ən yüksək səviyyədə təmsil olunurlar.”

Bütün dövrlərdə Azərbaycan ədəbiyyatında qadın azadlığı problemlərinə xüsusi yer ayrıldığını deyən məruzəçi əlavə edib ki, istənilən cəmiyyətin mədəni səviyyəsi bu cəmiyyətdə qadınların mövqeyi ilə ölçülür. O, AMEA-da da əməkdaşların əksəriyyətini qadınların təşkil etdiyini, bunların sırasında AMEA-nın həqiqi və müxbir üzvləri, elmlər və fəlsəfə doktorları, yüzlərlə doktorant, dissertant, elmin müxtəlif sahələri üzrə uğurlu nailiyyətlər əldə etmiş tədqiqatçılar, həyatını elmə həsr etmiş qadınların olduğunu bildirib.

Z.Cəbrayılova bu gün İKT sektorunda qadınların rolunun və xüsusi çəkisinin artırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu söyləyərək qadınların İKT sahəsinə cəlb olunması, motivasiyası və özgüvənlərinin artırılması, bu istiqamətdə inkişaf etməsi məqsədilə hər il çoxsaylı tədbirlərin keçirildiyini, önəmli sosial layihələrə imza atıldığını qeyd edib. Bu kimi tədbirlərdə İKT sahəsində peşəkar qadın kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılır, qayğı göstərilir, problem və perspektivlər müəyyənləşdirilir. Bu baxımdan Beynəlxalq Telekommunikasiya İttifaqı, YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatlar belə tədbirlərin keçirilməsinə və sadalanan məsələlərin həllinə xüsusi diqqət ayırırlar.

Sonra tədbirdə, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxış edərək insanların hazırda süni intellekt dövründə yaşadıqlarını, cəmiyyətin bütün sferalarında İKT-nin ciddi təsirləri ilə üzləşdiklərini diqqətə çatdırıb.

O, qeyd edib ki, bəşəriyyətin inkişafında baş verən informasiya inqilablarının hər biri bu və ya digər şəkildə qadının cəmiyyətdə mövqeyinin güclənməsi ilə müşayiət olunub. İnternetin meydana gəlməsi hesabına cəmiyyətin əvvəlki dövrlərdən fərqli mərhələyə qədəm qoyduğunu vurğulayan məruzəçi ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri haqqında da məlumat verib. Söyləyib ki, bu gün sosial-mədəni mühitdə Azərbaycan qadınları cəmiyyətin ən müxtəlif sferalarında aktiv şəkildə fəaliyyət göstərməkdədirlər.

Sonra texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Qadınlar İKT-də Beynəlxalq Günü: dünyada və ölkəmizdə ümumi mənzərə” mövzusunda çıxış edərək BMT-nin dünya ölkələrini gənc qızların ixtisas seçmələrinə kömək göstərməyə, zərif cinsin nümayəndələrini dəqiq elmləri, texnikanı, riyaziyyatı öyrənməyə, habelə İKT-ni mənimsəməyə daha aktiv cəlb etməyə çağırdığını nəzərə çatdırıb. Dünyanın 171 ölkəsindən 357 000-dən çox qadının bu günə həsr edilmiş 11100-dən çox tədbirdə iştirak etdiklərini söyləyib.

Dünyada ilk proqramçı qadının Ada Bayron Kinq olduğunu diqqətə çatdıran məruzəçi onun həm də hesablama texnikasından praktik istifadənin mümkün istiqamətlərini qabaqcadan proqnozlaşdırdığını qeyd edib. Həmçinin Qreys Hopper, Franses Allen, Barbara Lişkov, Şafi Qoldvasser və s. qadın alimlərinin adlarını çəkib, onların nailiyyətləri haqqında məlumatları toplantı iştirakçılarının diqqətinə çatdırıb.

O, Azərbaycanda fəaliyyət göstərən, qadınların İKT klubu olan “Femmes Digitales” haqqında da məlumat verib: “Bu İKT klubu 2015-ci ildə təsis olunub. Klubda məktəbli və tələbə qızların informasiya texnologiyaları sahəsində fəal iştirakının təmin etmək məqsədilə bir sıra tədbirlər keçirilib”.

Toplantıda institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova da çıxış edib. O, “İKT-nin qadınların həyatında rolu və yaratdığı imkanlar” adlı məruzəni təqdim edərək İKT-nin sürətli inkişafı nəticəsində qadınların digər sahələrdə olduğu kimi, təhsil sahəsində də bir çox nailiyyətlər qazandıqlarını söyləyib. Bildirib ki, distant təhsil müxtəlif səbəblərdən təhsilini tamamlamamış qadınlara məqsədlərinə doğru irəliləməkdə yardım edir: “Bu istiqamətdə yaradılan elektron kitabxanalar, müəllimlər üçün nəzərdə tutulmuş elektron jurnal və gündəliklər də yardımçı vasitələr sırasındadırlar”.

“İKT-nin inkişafı ilə elektron saatlar hazırlanmış, onlayn ticarət, “ağıllı” ev sistemləri fəaliyyətə başlamışdır”, - deyən məruzəçi onu da vurğulayıb ki, Fransanın Purdue Universitetinin tədqiqatçıları istifadəçilərə geyim vasitəsilə elektron cihazları tənzimləməyə imkan verən innovativ parça hazırlayıblar. Bu geyim yeni dildə ünsiyyət qurmağa, hətta fiziki və ya əqli qüsurları olan insanlara ehtiyaclarını ifadə etməyə kömək edə bilər.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova “Gənclərin elmi yaradıcılığında və peşə seçimində İKT-nin rolu” adlı məruzə ilə çıxış edib.  O müasir dövrdə ictimai-siyasi sferada gənclərə fikirlərini sərbəst ifadə etmək, azad seçim etmək və müəyyən bir mövqe qazanmaq üçün hər cür imkanların yaradıldığını söyləyib:

“İKT cəmiyyətin bütün təbəqələri, eləcə də həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişaf üzrə bünövrəni təmin edir, informasiya texnologiyalarının yaratdığı mükəmməl imkanlar sayəsində innovativ bilik inteqrasiyası prosesləri sürətlənir”.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, institutun baş elmi işçi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova, institutun baş mütəxəssisi Əfruz Qurbanova çıxış edərək qadınların İKT-də rolu, onların əldə etdikləri nailiyyətlərlə bağlı öz fikirlərini səsləndiriblər, İKT sektorunda qadınların rolunun artırılmasının, bütün sahələrdə Azərbaycan qadınlarının ən yüksək səviyyədə təmsil olunmaları üçün lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.