İnformasiya Texnologiyaları İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirilib

11 İyun 2021 - 12:20 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İxtisaslaşdırılmış Magistr Müdafiə Şurasının onlayn iclası keçirilib.

Öncə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb, iclasın 060631 – “Kompüter mühəndisliyi” ixtisası üzrə 2020-2021-ci tədris ilində elmi tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsinə həsr olunduğunu qeyd edib.

İnstitutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov magistrantlar tərəfindən şuraya təqdim olunmuş sənədlər haqqında məlumat verib.

Sonra institutun magistrantı  Leyla Yusifova 249372 – “Kompüter sistemləri və şəbəkələr” ixtisaslaşması üzrə “Böyük ölçülü məlumatlarda anomaliyaların aşkarlanması metodlarının analizi” mövzusunda dissertasiya işini təqdim edib. İşin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısı da daxil olmaqla 80 səhifədən ibarət olduğunu deyib.

Məruzəçi tədqiqat işinin əsas məqsədinin böyük verilənlərdə anomaliyaların aşkarlanmasında istifadə edilən maşın təlimi metodlarının müqayisəli analizi və şəbəkə trafiki verilənlərində anomaliyaları aşkarlamaq üçün geniş yayılmış təlim alqoritmlərinin tətbiqindən ibarət olduğunu söyləyib.

Tədqiqatın elmi yeniliyi və praktik əhəmiyyətindən söz açan L.Yusifova bildirib ki,  tədqiqat işində böyükölçülü şəbəkə trafiki verilənlərində DoS hücumların aşkarlanması üçün klassifikasiya ansamblına əsaslanan yanaşma təklif olunub və WEKA proqram mühitində realizasiya edilib.

249356 – “Kompüter mühəndisliyi” ixtisaslaşması üzrə “Python mühitindən istifadə etməklə verilənlərin intellektual analizi” mövzusunda dissertasiya işini institutun magistrantı Eltun Əhmədov təqdim edib. Məruzəçi bildirib ki, dissertasiya işinin əsas məqsədi müxtəlif həcmdə olan verilənlər üzərində “K-means” alqoritmi və onun modifikasiyalarından istifadə etməklə eksperimentlər aparmaq və müqayisəli analiz etmək, daha effektiv nəticə əldə etmək üçün yeni yanaşma təklif etməkdir.

Dissertasiya işinin əsas nəticələrini təqdim edən E.Əhmədov elmi tədqiqatda qeyd edilən məsələlərin həllinə nail olmaq üçün “K-means”, “K-means++” və “Mini batch K-means” alqoritmləri vasitəsilə eksperimentlərin aparıldığını və nəticələrin müqayisəli analiz edildiyini bildirib. Bu alqoritmlərin çatışmazlıqlarının aradan qaldırılması məqsədilə hibrid “PCA” və “Elbow” metodlarının təklif olunduğunu, eksperimentin nəticələrinin müxtəlif qiymətləndirmə indeksləri və alqoritmin yerinə yetirilmə vaxtına əsasən analiz edildiyini söyləyib.

Digər magistrant Gülnarə Quliyeva 249389 – “Kompüter sistemləri və şəbəkələr” ixtisaslaşması üzrə “Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üsullarının analizi” mövzusunda dissertasiya işi barədə məlumat verib. İşin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində 3 konfrans materialının çap edildiyini bildirib.

O, dissertasiya işində əldə olunmuş elmi nəticələri təqdim edərək, tədqiqat zamanı rəqəmsal iqtisadiyyat haqqında ilkin anlayışlar və mövcud yanaşmaların araşdırıldığını, rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin ölçülməsi üzrə aparılmış tədqiqatların analiz edildiyini, indikatorlar sisteminin işlənilməsi metodologiyası üzrə tədqiqatların aparıldığını nəzərə çatdırıb. Həmçinin qeyd edib ki, rəqəmsal iqtisadiyyatın regional-sektorial aspektdə qiymətləndirilməsi üsullarının analizi aparılmış, rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üsullarının təkmilləşdirilmiş kompüter modelinin arxitektur-texnoloji strukturu verilmişdir.

249364 – “Kompüter mühəndisliyi” ixtisaslaşması üzrə “Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması modelinin işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumatı magistrant Sahib Əliyev təqdim edib. Məruzəçi dissertasiya işinin məqsədi və qarşıya qoyulmuş məsələlər haqqında məlumat verərək qeyd edib ki, mobil hesablama buludlarında arxitektur-texnoloji prinsiplərinin araşdırılması, burada meydana çıxan problemlər və onların həlli yolları, həmçinin Cloudlet əsasında mobil hesablama buludlarının resurslarından səmərəli istifadə üçün modelin işlənməsi və s. dissertasiya işində məqsədə çatmaq üçün qarşıya qoyulan məsələlərdir.

O, dissertasiya işində mobil qurğuların mövcud vəziyyətinin analiz edildiyini, mobil hesablama buludlarının bulud saxlanc platformalarının müqayisəli analizinin aparıldığını diqqətə çatdırıb: “Eyni zamanda mobil hesablama buludlarının arxitekturası analiz edilib, bu texnologiyada meydana çıxan problemləri həll etmək üçün iyerarxik strukturlu cloudlet əsaslı  arxitektura təklif edilib”.

İddiaçılar dissertasiya işlərini təqdim etdikdən sonra şura üzvlərinin çoxsaylı suallarını cavablandırıblar.

Hər bir dissertasiya mövzusu ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə institutun şöbə müdiri, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, baş mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

Dissertasiya işləri üzrə təyin edilmiş elmi rəhbərlər çıxış edərək hər bir mövzunun müasir dövrdə aktuallıq kəsb etdiyini, magistrlik dissertasiyalarının tələblərinə cavab verdiyini və tədqiqat zamanı qarşıya qoyulmuş məsələlərin həll olunduğunu söyləyiblər.

Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra açıq səsvermə keçirilib, müəyyən olunmuş meyarlara əsasən müdafiə olunan dissertasiya işləri qiymətləndirilib. Magistrlik dissertasiyalarının Müdafiəsi Şurası qiymətləndirmənin nəticələri əsasında 4 magistrantın hər birinə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.