İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi

11 Noyabr 2014 - 15:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. 

Sonra texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov “Elektron dövlət qurucuğuna dair dünya təcrübəsi: təklif edilən innovativ modellər, problemlər və perspektivlər” adlı məruzəsini təqdim etdi. O, bu sahədə dünya təcrübəsi, Avropa ölkələrində e-dövlət quruculuğuna qoyulan tələblər, e-dövlətin mərhələləri, e-dövlətin quruculuğu sahəsində innovativ modellər, mövcud problemlər barədə məlumat verdi, bir sıra tövsiyələri nəzərə çatdırdı. Qeyd etdi ki, aparılan tədqiqatlarda Avstriya, Danimarka, Finlandiya, Almaniya, Niderland, Böyük Britaniya, İsveç, Çex Respublikası, Estoniya kimi Avropa Birliyi ölkələrinin e-dövlət quruculuğu sahəsində  təcrübələri araşdırılmışdır.

Dünyada e-dövlət quruculuğunda 3 əsas - kontinental-avropa, ingilis-amerikan, Asiya, - eləcə də, sovetlər birliyi ölkələri arasında e-dövlətin inkişafı indeksinə görə yüksək pillərdə qərarlaşmış Estoniya modellərinin geniş tətbiq olunduğunu söylədi. O, həmçinin bu sahədə mövcud innovativ layihələr, elmi jurnallar, keçirilmiş beynəlxalq konfransları diqqətə çatdırdı.

İnstitutun sektor müdiri Babək Nəbiyev “Şəbəkə trafikinin klassifikasiyası metodu” mövzusunda məruzə ilə çıxış edərək avtomatlaşdırılmış proses olan trafikin klassifikasiyasının şəbəkə trafikini müəyyən parametrlər əsasında klassifikasiya edərək, konkret siniflərə böldüyünü söylədi. Bildirdi ki, trafikin klassifikasiyası şəbəkənin planlaşdırılması, QoS və İnternet trafikin idarə olunması, şəbəkə təhlükəsizliyinin monitorinqi, kibercinayətkarlıq, şəbəkə proqramları və texnologiyalarının inkişafı üçün vacibdir. Məruzəçi, həmçinin trafik axınının ümumi görünüşü, ierarxik klassifikasiya, bu sahədə mövcud yanaşmalar və ən çox istifadə olunan metodları diqqətə çatdırdı.  

“Nitq siqnallarından aşağı səviyyəli əlamətlərin çıxarılması metodu” haqqında Lyudmila Suxostat çıxış etdi. O, nitq siqnallarının əlamətləri, empirik veyvlet dəyişiklik (EWT), nitq siqnallarının aşağı səviyyəli əlamətləri və s. haqqında ətraflı məlumat verdi. Nitq siqnallarının qısa müddətli spektral, spektral-müvəqqəti, səs mənbəyi və s. üzrə qruplaşdırıldığını vurğuladı. Diktorun tanınması sistemində mövcud problemləri nəzərə çatdıran məruzəçi bu problemlərin səs yazısı və kanal şərtlərinin dəyişkənliyi, səsin zamanla dəyişkənliyi, səslərin oxşarlığı və s. ilə bağlı olduğunu söylədi. Qeyd etdi ki, siqnala uyğunlaşdırılmış veyvlet ailəsinin qurulmasından ibarət olan EWT metodu tezlik sahəsində zolaqlanmış filtrlər dəstinin qurulmasına bərabərdir.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi. Müzakirələrdə texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Rəşid Ələkbərov, Zərifə Cəbrayılova, Firudin Ağayev, Bikəs Ağayev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev iştirak etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.