AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında “İnformasiya texnologiyaları problemləri” jurnalının məsul redaktoru, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova “İnformasiya texnologiyaları problemləri”, eləcə də “İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnallarının 2019-cu il üzrə fəaliyyətinə dair görüləcək işləri təqdim etdi.
Z.Cəbrayılova bildirdi ki, jurnallar “Index Copernicus”, “Google Scholar”, “CiteFactor”, “Eurasian Scientific Journal Index” və “Research Bib” bazalarında indeksləşir. O, qeyd etdi ki, jurnalların müvafiq axtarış sistemlərində yaxşı tanınmasını təmin etmək üçün texniki problemlərin həlli, həmçinin beynəlxalq reyestrlərə inteqrasiyasının davam etdirilməsi istiqamətində işlərin davam etdirilməsi planlaşdırılır. Bunlardan başqa, yeni texniki tələblərə uyğun olaraq, 2010–2018-ci illər ərzində jurnallarda dərc olunmuş bütün məqalələrin standart formalar əsasında verilənlər bazasına daxil edilməsi nəzərdə tutulur. Z.Cəbrayılova, həmçinin jurnalların ingilis dili versiyaları üçün yerin yetirilən tərcümə işlərinin təkmilləşdirilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırdı.
Məruzəçi onu da qeyd etdi ki, 2018-ci ildə Ankara Mərkəzi Elmi Kitabxanası Azərbaycanda nəşr olunan bütün elmi jurnallar arasından yalnız üçünü seçərək abunə yazılıb ki, onlardan da 2-i məhz AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi nəşrləridir. Həmçinin 2018-ci ilin oktyabr ayında AMEA-da nəşr olunan elmi jurnalların monitorinqinin nəticəsinə əsasən, institutun hər iki jurnalının saytları ən yüksək qiymət alıb.
Təqdimatdan sonra fəaliyyət planı ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qurumun elmi-praktiki jurnallarının beynəlxalq tələblərə uyğunlaşdırılması üçün dünyanın nüfuzlu elmi jurnallarının təcrübələrindən faydalanmağın önəmini vurğuladı. Alim qeyd etdi ki, məqalələrin ingilis dilinə tərcüməsinin keyfiyyətinin artırılması jurnalların beynəlxalq bazalara inteqrasiyasının gücləndirilməsi üçün geniş imkanlar açacaq.
Tədbirdə, həmçinin institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, “İnformasiya cəmiyyəti problemləri” jurnalının məsul redaktoru Rasim Mahmudov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Babək Nəbiyev, institutun böyük elmi işçisi Səbinə Məmmədzadə, institutun proqramçısı Yusif Sadıyev çıxış edərək təklif və tövsiyələrini səsləndirdilər.
Sonda Elmi şuranın qərarı ilə jurnalların fəaliyyət planı təsdiq edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.