AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti seminarı keçirildi. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədovanın sədrliyi və şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin elmi katibliyi ilə keçirilən tədbir 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin müzakirəsinə həsr olunmuşdur.
Öncə institutun sektor müdiri Babək Nəbiyev “Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini təqdim etdi. Bildirdi ki, kompüter şəbəkələrinin miqyasının böyüməsi, şəbəkə xidmət və avadanlıqlarının sayının və funksional imkanlarının artması onun təhlükəsizliyinin təmin edilməsini çətinləşdirir. Şəbəkə təhlükəsizliyi situasiyaları haqqında dolğun informasiyanın olmaması və onlayn şəraitdə vaxt məhdudluğu qərarların qəbul olunması ilə bağlı problemlərin dərinləşməsinə səbəb olur. Onun sözlərinə görə, mövcud təhlükəsizlik sistemlərinin geniş funksional imkanlara malik olmasına baxmayaraq, kompüter şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi prosesinin mürəkkəbliyi, eləcə də böyük əmək, təcrübə və bilik tələb etməsi dissertasiya işinin aktuallığını şərtləndirən amillərdəndir.
Məruzəçi qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi şəbəkə təhlükəsizliyinin real vəziyyətinin operativ qiymətləndirilməsi, təhlükəsizlik siyasətinin pozulması hallarının erkən aşkarlanması və hadisələrə çevik reaksiya qərarları qəbul etməyə imkan verən intellektual monitorinq sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsidir.
O, dissertasiya işində qarşıya qoyulmuş məsələlər, işin praktiki əhəmiyyəti, elmi yeniliyi, aprobasiyası haqqında ətraflı məlumat verdi. Məruzəçi tədqiqat işində şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi üçün konseptual modelin işlənildiyini, kompüter şəbəkələri trafikində anomal və qeyri-profil trafikin aşkarlanması üçün istifadəçilərin profilini müəyyən edən klasterizasiya metodunun təklif edildiyini, şəbəkə trafiki siniflərinin müəyyən olunması üçün multi-klassifikator modelinin işlənildiyini diqqətə çatdırdı. Həmçinin informasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərində informasiya təhlükəsizliyi insidentləri üzrə proseslərin modelləşdirilməsi üçün kütləvi xidmət modelinin təklif edildiyini, şəbəkə servislərinin xidmətdən imtina hücumlarının aşkarlanması üçün şəbəkə trafikinin klasterizasiyasının aparıldığını, informasiya təhlükəsizliyinin emalı üzrə qərarların qəbul edilməsi üçün presedentlər nəzəriyyəsi əsasında metodun təklif edildiyini vurğuladı.
B.Nəbiyev alınmış elmi-nəzəri və praktiki nəticələrin AMEA-nın AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi və monitorinq sistemində tətbiq olunduğunu nəzərə çatdırdı.
Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.
Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə elmlər doktoru, professor Bayram İbrahimov və texnika üzrə fəlsəfə doktoru, dosent Mehman Hüseynov çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Alimlər tədqiqatın Ali Attestasiya Komissiyası (AAK) tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.
Müzakirələrdə iştirak edən professor Məsumə Məmmədova, texnika elmləri doktoru Ramiz Alıquliyev, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor İsmayıl İsmayılov, texnika üzrə fəlsəfə doktorları, dosentlər Yadigar İmamverdiyev, Məkrufə Hacırəhimova, Şəfəqət Mahmudova, Gülarə Muradova, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər, rəy və təkliflərini səsləndirdilər.
Sonda səsvermə keçirildi və dissertasiya işinin növbəti mərhələyə keçirilməsi yekdilliklə tövsiyə olundu.
Sonra professor M.Məmmədova gündəlikdə duran digər məsələ – “Fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənməsi” adlı dissertasiya işi haqqında məlumat verdi.
İnstitutun dissertantı, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova dissertasiya işini təqdim edərək, mövzu üzrə 9-u resenziya olunan elmi jurnallarda, 9-u isə beynəlxalq və respublika əhəmiyyətli konfransların materiallarında olmaqla, 18 elmi işin nəşr olunduğunu diqqətə çatdırdı.
Məruzəçi dissertasiya işinin aktuallığı, elmi yeniliyi, məqsədi, bu məqsədə çatmaq üçün müəyyən olunmuş məsələlər və alınmış nəticələr haqqında məlumat verdi.
R.Mahmudova müasir dövrdə informasiyadan istifadənin səviyyəsinin insanların həyat şəraitinə əhəmiyyətli dərəcədə təsir göstərməsi, informasiya və biliklərin sürətli artım tempinə uyğun olaraq mütəxəssislərə olan tələbin dəyişməsi, daim müstəqil şəkildə öz bilik və bacarıqlarını artırmaq, fəaliyyət sahəsinə aid yenilikləri əldə etmək və tətbiq etmək, lazım gələrsə yeni ixtisaslara yiyələnmək bacarıqlarının önəm kəsb etməsi, informasiya kanallarının artması nəticəsində yaranan informasiya bolluğunun insanların davranışına, sağlamlığına və psixologiyasına zərər vurması, informasiya məkanının qloballaşması ilə paralel olaraq informasiya təhdid və risklərinin də artması, insanın informasiya cəmiyyətindəki həyat tərzinə hazırlanması və informasiya mədəniyyətinin inkişaf etdirilməsi və s.nin dissertasiya işinin aktuallığını şərtləndirən amillərdən olduğunu söylədi.
Bildirdi ki, dissertasiya işinin məqsədi ümumi mədəniyyət kontekstində informasiya mədəniyyətinə dair mövcud baxışların müqayisəli təhlili əsasında yeni konsepsiyanın işlənməsi, fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün riyazi model və metodların işlənməsidir.
R.Mahmudova dissertasiya işində qoyulmuş məqsədə çatmaq üçün görülmüş işləri təqdim etdi. Tədqiqat zamanı ümumi mədəniyyət kontekstində fərdlərin informasiya mədəniyyətinə dair mövcud baxışların müqayisəli təhlil olunaraq sistemləşdirildiyini, informasiya mədəniyyətinin informasiya cəmiyyətinin tələbləri baxımından analiz edildiyini, fərdlərin informasiya mədəniyyətinə dair yeni konsepsiyanın işlənildiyini, fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün riyazi model və metodların işlənildiyini və bu metodların adekvatlığının yoxlanması üçün kompüter eksperimentlərinin aparıldığını nəzərə çatdırdı.
Daha sonra iddiaçı seminar iştirakçılarının suallarını cavablandırdı.
Dissertasiya işinə dair təyin olunan rəyçilər – professor İsmayıl İsmayılov və dosent Şəfəqət Mahmudova çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirdilər. Alimlər tədqiqatın AAK tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.
Müzakirələrdə iştirak edən professor Bayram İbrahimov, dosent Gülarə Muradova, texnika üzrə fəlsəfə doktoru, dosent Zəfər Cəfərov, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev rəy və təkliflərini səsləndirdilər.
Müzakirələrdən sonra səsvermə keçirildi və dissertasiya işinin növbəti mərhələyə keçirilməsi yekdilliklə tövsiyə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.