AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Real TV-nin qonağı olub.
Verilişdə akademik Rasim Əliquliyev son illər ölkədə kibertəhlükəsizlik sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl və sistemli xarakter aldığını bildirib, 2023–2027-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyanın rəqəmsal mühitin dayanıqlılığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. AMEA-nın vitse-prezidenti bildirib ki, hazırda ölkənin bütün kritik sistemləri rəqəmsal platformalar üzərində fəaliyyət göstərir və bu, kibertəhlükəsizliyi milli təhlükəsizlik baxımından strateji məsələ kimi ön plana çıxarır. Alimin sözlərinə görə, müvafiq dövlət qurumları tərəfindən rəqəmsal dövlətin arxitektur dayaqlarından biri olan kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılmasını bu siyasətin mühüm mərhələsi kimi dəyərləndirib və Agentliyin informasiya və kritik informasiya infrastrukturlarının qorunması, kibertəhlükələrin idarə olunması, koordinasiya və maarifləndirməni vahid institusional mexanizm əsasında təmin edəcəyini qeyd edib.