AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi seminarının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev iclasın “Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.
Sonra institutun sektor müdiri Babək Nəbiyev dissertasiya işini təqdim edərək bildirdi ki, kompüter şəbəkələrinin miqyasının böyüməsi, şəbəkə xidmət və avadanlıqlarının sayının və funksional imkanlarının artması onun təhlükəsizliyinin təmin edilməsini çətinləşdirir. Şəbəkə təhlükəsizliyi situasiyaları haqqında dolğun informasiyanın olmaması və onlayn şəraitdə vaxt məhdudluğu qərarların qəbul olunması ilə bağlı problemlərin dərinləşməsinə səbəb olur. Onun sözlərinə görə, mövcud təhlükəsizlik sistemlərinin geniş funksional imkanlara malik olmasına baxmayaraq, kompüter şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi prosesinin mürəkkəbliyi və böyük əmək, təcrübə və bilik tələb etməsi diserrtasiya işinin aktuallığını şərtləndirən amillərdəndir.
Məruzəçi qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi şəbəkə təhlükəsizliyinin real vəziyyətinin operativ qiymətləndirilməsi, təhlükəsizlik siyasətinin pozulması hallarının erkən aşkarlanması və hadisələrə çevik reaksiya qərarları qəbul etməyə imkan verən intellektual monitorinq sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsidir.
O, dissertasiya işində qarşıya qoyulmuş məsələlər, işin praktiki əhəmiyyəti, elmi yeniliyi, aprobasiyası haqqında ətraflı məlumat verdi. Məruzəçi tədqiqat işində şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi üçün konseptual modelin işlənildiyini, kompüter şəbəkələri trafikində anomal və qeyri-profil trafikin aşkarlanması üçün istifadəçilərin profilini müəyyən edən klasterizasiya metodunun təklif edildiyini, şəbəkə trafiki siniflərinin müəyyən olunması üçün multi-klassifikator modelinin işlənildiyini diqqətə çatdırdı. Həmçinin informasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərində informasiya təhlükəsizliyi insidentləri üzrə proseslərin modelləşdirilməsi üçün kütləvi xidmət modelinin təklif edildiyini, şəbəkə servislərinin xidmətdən imtina hücumlarının aşkarlanması üçün şəbəkə trafikinin klasterizasiyasının aparıldığını, informasiya təhlükəsizliyinin emalı üzrə qərarların qəbul edilməsi üçün presedentlər nəzəriyyəsi əsasında metodun təklif edildiyini vurğuladı.
B.Nəbiyev alınmış elmi-nəzəri və praktiki nəticələrin AMEA-nın AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi və monitorinq sistemində tətbiq olunduğunu nəzərə çatdırdı.
Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.
Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları, dosentlər Yadigar İmamverdiyev, Ramiz Şıxəliyev, Zərifə Cabrayılova, Şəfəqət Mahmudova və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər, rəy və təkliflərini səsləndirdilər.
Daha sonra elmi rəhbər, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin əhəmiyyətini qeyd etdi. İddiaçının şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi ilə əlaqədar paylanmış intellekt texnologiyaları əsasında apardığı tədqiqatların elm sahəsi üçün yenilik olduğunu, təklif olunan konseptual modelin, metod və alqoritmlərin böyük praktiki əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Dissertasiyanın müvafiq tələblərə cavab verdiyini bildirən alim qeyd olunan irad və təkliflər nəzərə alınmaqla işin növbəti mərhələyə keçirilməsini təklif etdi.
Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktorları, dosentlər Rəşid Ələkbərov və Fərqanə Abdullayeva çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Alimlər tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.
Sonda səsvermə keçirildi və dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.