Nəşr Etikası Komitəsinin standartlarına dair məruzə dinlənilib

18 Noyabr 2025 - 09:20 | Konfranslar, İclaslar
Nəşr Etikası Komitəsinin standartlarına dair məruzə dinlənilib

ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Nəşr Etikası Komitəsi (COPE): mahiyyəti və nəşr standartları” mövzusunda məruzə dinlənilib. Məruzəni institutun əməkdaşı Dilbər Əlizadə təqdim edərək COPE-un yaranma tarixi, vəzifələri, fəaliyyət istiqamətləri və elmi jurnallar üçün əhəmiyyəti barədə məlumat verib.

D.Əlizadə bildirib ki, Nəşr Etikası Komitəsi (Committee on Publication Ethics, COPE) 1997-ci ildə Böyük Britaniyanın London şəhərində təsis olunmuş qeyri-kommersiya təşkilatıdır. Təşkilatın əsas məqsədi elmi jurnallar və nəşriyyatlar üçün etik standartların müəyyən edilməsi, etik pozuntuların qarşısının alınması və nəşr prosesində şəffaflığın təmin edilməsindən ibarətdir.

Məruzəçi COPE-un “Core Practices” adlı sənədinə xüsusi diqqət çəkib. Qeyd edib ki, bu sənəd üzv jurnallar üçün əsas etik prinsipləri müəyyən edir: “Müəlliflik etikası, məlumatların düzgünlüyü, maraqların toqquşmasının qarşısının alınması, şikayət və apellyasiya prosedurları, redaktor məsuliyyəti və elmi dürüstlük həmin prinsiplər arasında yer alır”.

O, 2025-ci ilə qədər 15 mindən çox jurnal və nəşriyyatın COPE-un üzvü olduğunu qeyd edib, Elsevier, Springer Nature, Wiley, Taylor & Francis və Oxford University Press kimi nüfuzlu beynəlxalq nəşriyyatların da təşkilatın üzvləri sırasında olduğu vurğulayıb.

Məruzəçi COPE üzvlüyünün jurnallar üçün əhəmiyyətindən bəhs edərək, beynəlxalq etibarın artırılması, etik problemlərin həllinə dəstək, jurnalların etik siyasətinin formalaşdırılması üçün aydın çərçivə, təlimlərə və resurslara çıxış, indeksləşmə prosesində üstünlük, o cümlədən müəlliflər və oxucular üçün şəffaflığın təmini daxildir.

D.Əlizadə həmçinin COPE-un bir sıra mühüm sənədləri – redaktorlar üçün “Code of Conduct”, “Ethical Guidelines for Peer Reviewers”, “Retraction Guidelines”, etik pozuntuların araşdırılması üzrə “Flowcharts” və şəffaflıq prinsiplərini müəyyən edən birgə sənədlər haqqında ətraflı məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.