ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev iclasın tapşırıqların icra vəziyyəti, institutun beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, struktur bölmələrin 2025-ci il üzrə illik hesabatlarının keçirilməsi və digər cari məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra institutun şöbə müdiri Aytən Nəbiyeva çıxış edərək struktur bölmələrdə aktual problemlərə həsr olunmuş məqalələrin nəşri, aparılan tədqiqatlarla bağlı icmalların hazırlanması, eləcə də institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyətinə dair məlumat verib.
Akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında qarşıya qoyulan məsələlər haqqında çıxış edib. Dövlət başçısının ölkə alimlərinin fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycan elmi ictimaiyyəti qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyib. AMEA-nın vitse-prezidenti bildirib ki, hər bir institut əməkdaşı Prezident İlham Əliyevin strateji sənədlərdə, eləcə də AMEA-nın 80 illik yubileyində səsləndirdiyi prioritetləri növbəti ili əhatə edən fəaliyyət planlarında əsas götürməlidir.
AMEA-nın vitse-prezidenti həmçinin İnformasiya Texnologiyaları İnstitutunun son dövrlərdə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət apardığını vurğulayıb. İnstitutun dünyanın nüfuzlu elm və təhsil qurumları, tədqiqat mərkəzləri ilə səmərəli tərəfdaşlıq münasibətləri qurduğunu deyən alim, bu çərçivədə Çin Xalq Respublikasının Honkonq Kore Akademiyası və ABŞ-ın Çikaqo Dövlət Universiteti ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Honkonq Kore Akademiyası ilə imzalanmış Anlaşma Memorandumunun birgə elmi tədqiqatlar, mübadilə proqramları və qabaqcıl təcrübələrin tətbiqi baxımından yeni perspektivlər açdığını qeyd edib.
Daha sonra elmi katib Nərmin Adıgözəlova institutun struktur bölmələrinin 2025-ci il üzrə illik hesabatlarının keçirilməsi haqqında məlumat verib. Şöbə rəhbərlərinə il ərzində həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. üzrə hesabatların hazırlanmasının tapşırıldığını qeyd edib.
Akademik Rasim Əliquliyev illik hesabatların yüksək səviyyədə təşkili və qiymətləndirilməsinin zəruriliyini vurğularaq, struktur bölmələrdə görülmüş işlərə dair müzakirələrin aparılmasının, institutun hər bir əməkdaşının bu prosesdə yaxından iştirak etməsinin vacib olduğunu qeyd edib.
İclasda həmçinin 2025-ci ildə institutun doktoranturasına qəbul olmuş doktorantların elmi fəaliyyəti, dissertasiya mövzularının seçilməsi və digər cari məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.