Müasir dövrdə AMEA-nın elmi qurumlarında idarəetmə və aparılan elmi-tədqiqat işlərinin səmərəliyinin yüksəldilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üçün elmi fəaliyyətin İKT-nin tətbiqi ilə yenidən qurulması aktual məsələlərdəndir. Bu baxımdan, AMEA-nın institut və təşkilatlarının İnternet xidmətləri ilə dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirən AzScienceNet Elm-Kompüter Şəbəkəsi (EKŞ) böyük əhəmiyyətə malikdir.
AzScienceNet-in qeyd olunan imkanları nəzərə alınaraq, AMEA Rəyasət Heyətinin “AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi haqqında” 14 dekabr 2016-cı il tarixli qərarında AMEA-nın elmi müəssisə və təşkilatlarının müvafiq əməkdaşları üçün şəbəkənin fəaliyyəti haqqında elmi-praktiki seminarın keçirilməsinin zəruriliyi qeyd olunmuşdur.
Bu məqsədlə yanvarın 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçirildi.
AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-in xidmət və imkanlarından, o cümlədən Multimedia Qalereyasından daha səmərəli istifadəsini təmin etmək məqsədilə keçirilən tədbirdə akademiyanın elmi-tədqiqat institut və təşkilatları, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil və elmi müəssisələrinin İKT üzrə məsul şəxsləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın “Azərbaycan 2020: gələcəyə baxış: İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə xidmət etdiyini bildirdi. Qeyd etdi ki, həmin konsepsiya və strategiyanın tədbirlər planında da AzScienceNet EKŞ-nın imkanlarının genişləndirilməsi məsələləri öz əksini tapmışdır.
AzScienceNet-in texniki imkanlarının genişləndirilməsi istiqamətində görülmüş işlər nəticəsində hazırda AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus 6500-ə yaxın kompüter avadanlığının AzScienceNet şəbəkəsinə qoşulduğunu bildirən R.Əliquliyev şəbəkəyə qoşulanların 97 faizinin genişzolaqlı İnternetdən istifadə etdiyini vurğuladı.
Qeyd etdi ki, 18 oktyabr 2016-cı il tarixdə şəbəkənin xidmətlərinin sayının artırılmasına dəstək məqsədilə 26 elmi müəssisə və təşkilatı əhatə edən Akademiya Şəhərciyində 4000-ə yaxın əməkdaşa genişzolaqlı İnternet xidməti göstərən, müasir telekommunikasiya avadanlıqları və proqram təminatları ilə təchiz olunmuş AzScienceNet-in yeni İnternet Xidmətləri Mərkəzi istifadəyə verilmişdir.
R.Əliquliyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet-in böyük imkanlara malik olduğunu bildirərək AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Alimin sözlərinə görə, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.
Sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet şəbəkəsinin infrastrukturu və xidmətləri” mövzusunda məruzə ilə çıxış etdi.
Alim şəbəkənin idarəetmə strukturunu təqdim edərək bildirdi ki, DATA mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hostinq, Eduroam, İP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.
O, AzScienceNet EKŞ-nın İnternetə çıxış sürətinin illər üzrə inkişaf dinamikasını təqdim etdi, şəbəkənin İnternetə qoşulma surətinin 1,41 Gbit/s, hesablama gücünün 17 Tflops, xarici yaddaşının həcminin isə 400 Tbayt-a bərabər olduğunu diqqətə çatdırdı.
İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev “AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların tətbiqi məsələləri” adlı məruzə ilə çıxış etdi. İnformasiya təhlükəsizliyinin AzScienceNet və onun tərəfdaşlıq etdiyi təşkilatlar üçün böyük əhəmiyyətə malik olduğunu söyləyən Y.İmamverdiyev texnologiyaların, o cümlədən kiber-hücum texnologiyalarının hazırkı inkişaf səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsinin mürəkkəb məsələlərdən olduğunu vurğuladı.
Sonra məruzəçi informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə ISO/IEC 27x ailəsinə daxil olan standartlar barədə məlumat verdi, dünyada ən aktual hesab edilən standartların ölkəmizdə milli standartlar kimi qəbul edildiyini diqqətə çatdırdı. Y.İmamverdiyev bu sıraya daxil olan ISO/IEC 27001 standartında tətbiq edilən planlaşdırma-reallaşdırma-monitorinq-təkmilləşdirmə proses yanaşması və informasiya təhlükəsizliyinin təmin edilməsi sistemlərinə irəli sürülən strukturlaşdırılmış tələblərdən danışdı.
İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “AzScienceNet şəbəkəsinin istifadə siyasətinin formalaşması məsələləri” mövzusunda məruzə ilə çıxış etdi. AzScienceNet şəbəkəsinin elmi tədqiqatların həyata keçirilməsi üçün İnternet resurslarına və xidmətlərinə çıxışın təmin edilməsi baxımından əvəzolunmaz vasitə olduğunu qeyd edən məruzəçi şəbəkənin ölkənin alim və mütəxəssisləri üçün əlçatanlığı və səmərəli istifadəsinin təmin edilməsinin vacibliyindən danışdı. Bu məqsədlə AzScienceNet şəbəkəsində istifadəçi siyasətinin tətbiq edildiyini söyləyən R.Şıxəliyev siyasətin əsas funksiyaları barədə məlumat verdi.
O, AzScienceNet-in istifadə siyasətinin tətbiqi zamanı Azərbaycan Respublikası Konstitusiyası və mövcud qanunvericilik, o cümlədən beynəlxalq hüquq prinsipləri, norma və sənədlərinə riayət edilməsinin önəmini vurğuladı. Həmçinin şəbəkənin resurslarından istifadə zamanı qarşıya çıxan təhlükəsizlik məsələləri, şəbəkə infrastrukturunun qeyri-səmərəli istifadəsi zamanı ortaya çıxan problemlər və onların həllində AzScienceNet şəbəkəsinin istifadə siyasətinin rolundan danışdı.
“AzScienceNet şəbəkəsinin elektron elmin formalaşmasında rolu və perspektivləri” mövzusunda məruzəni institutun şöbə müdiri Təhmasib Fətəliyev təqdim etdi. O, respublikada vahid milli elmi onlayn infrastrukturun və informasiya fəzasının formalaşdırılması məqsədini daşıyan, e-elmin inkişafına dəstək verən, e-dövlət quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlar və normativ hüquqi sənədlər haqqında məlumat verdi.
“E-elmin əsas vəzifələrindən biri də şəbəkə və hesablama infrastrukturunun formalaşdırılmasıdır”, – deyə bildirən T.Fətəliyev bu istiqamətdə aparılmış işlərin nəticəsi kimi e-elmin şəbəkə platforması olan AzScienceNet və böyük hesablama və yaddaş resurslarına malik olan Verilənlərin Emalı Mərkəzinin yaradıldığını diqqətə çatdırdı.
Məruzəçi e-elm çərçivəsində elmin informasiya təminatının formalaşdırılması, inkişaf etdirilməsi, elmmetrik texnologiyaların köməyi ilə elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində həyata keçirilən tədbirlərdən də danışdı. Bu məqsədlə AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradıldığını, o cümlədən RETƏŞ üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzularının reyestri” informasiya sistemlərinin yaradılması istiqamətində işlərin həyata keçirildiyini bildirdi.
AzScienceNet şəbəkəsinin Avropa elm və təhsil şəbəkəsi (GEANT) ilə əməkdaşlığı haqqında çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev AzScienceNet-in beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutu Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktura – GEANT layihəsinə qoşulmuşdur. AzScienceNet ölkəmizi GEANT Assosiasiyasında, həmçinin onun layihələrində təmsil edərək 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
V.Musayev GEANT ilə əməkdaşlıq çərçivəsində 2015-ci ildən AzScienceNet-in ölkəmizi Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional İnternet şəbəkəsinin yaradılması üçün həyata keçirilən “EaPConnect” layihəsində də təmsil etdiyini bildirdi. Həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun GEANT-ın “Horizon 2020” proqramı çərçivəsində həyata keçirdiyi “GN4” layihəsində iştirak etmək üçün dəvət olunduğunu qeyd etdi.
Sonra Data Mərkəzin administratoru Tural Mustafayev “AzScienceNet şəbəkəsinin Cloud və Eduroam xidmətləri haqqında”, institutun sektor müdiri Babək Nəbiyev “AzScienceNet şəbəkəsində monitorinq və təhlükəsizlik xidmətlərinin imkanları”, AzScienceNet-in sistem administratoru Səməd Dursunov “AzScienceNet şəbəkəsinin e-mail sistemi: problemlər və həllər” mövzusunda məruzələrlə çıxış edərək AMEA əməkdaşlarına təqdim olunan Cloud və Eduroam xidmətlərinin üstünlükləri, AMEA əməkdaşlarının İnternet resurslarından istifadəsinin monitorinqi və təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş informasiya təhlükəsizliyinin monitorinqi sistemi və AMEA Rəyasət Heyəti, AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatları, o cümlədən AMEA-nın institut və təşkilatları üçün rəsmi e-poçt ünvanları haqqında ətraflı məlumat verdilər.
Daha sonra “Data Mərkəz platformasında “Multimedia Qalereyası” informasiya sistemi: məqsədlər və vəzifələr” mövzusunda məruzəni təqdim edən institutun sektor müdiri Kəmalə Haşımova AzScienceNet EKŞ-nın Data Mərkəzində yerləşdirilmiş qalereyanın AMEA Rəyasət Heyətinin rəsmi görüşləri, AMEA-nın keçirdiyi mötəbər tədbirlərdən əldə edilmiş foto və video materialları strukturlaşdırılmış şəkildə əks etdirdiyini söylədi.
Onun sözlərinə görə, AMEA-nın rəsmi www.science.az portalı, ElmTV və institutun www.ict.az saytının əməkdaşları tərəfindən hazırlanmış materiallar, o cümlədən akademiyanın institut və təşkilatlarının arxiv, video, audio və foto materialları mütəmadi olaraq Multimedia Qalereyasının verilənlər bazasına daxil edilir.
K.Haşımova Multimedia Qalereyasının istifadə qaydaları haqqında ətraflı məlumat verərək qalereyaya foto və video materialların daxil edilməsi və axtarışın aparılmasını əyani olaraq nümayiş etdirdi, fotomaterialların kateqoriyalar üzrə artım diaqramını təqdim etdi.
Sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
Sonda çıxış edən Azərbaycan Texnologiya Universitetinin (Gəncə) rektoru, professor Akif Süleymanov tədbirin keçirilməsinin əhəmiyyətini vurğuladı, institut tərəfindən təqdim olunan AzScienceNet xidmətinin böyük imkanlara malik olduğunu bildirdi. O, həmçinin gələcəkdə rəhbərlik etdiyi universitetlə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin önəmini qeyd etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.