İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın iclası keçirildi

10 İyun 2016 - 10:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Yaxın zamanda institutun struktur bölmələrinin 2016-cı ilin I yarısı üçün hesabatlarının keçiriləcəyini qeyd edərək şöbələrdə aparılan elmi-tədqiqatlarla bağlı cari ildə görülmüş işlər, həyata keçirilmiş layihələrin təqdim olunacağını bildirdi.

İnstitutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova 2016-cı ilin mart, aprel, may ayları üçün verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verdi. O, tapşırıqlara əsasən, müxtəlif mövzularda elmi seminarların təşkili, elmi-praktiki konfransların keçirilməsi haqqında tədbirlər planının, müxtəlif mövzularla bağlı icmalların hazırlanması, təqdimi, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin, aparılan elmi araşdırmaların nəticələrinə dair məqalələrin hazırlanması və digər məsələlərdən danışdı.

Sonra çıxış edən institutun 16 saylı şöbəsinin müdiri Gülnarə Nəbibəyova “www.ikt.az” saytının yeni versiyasını təqdim edərək institutun rəsmi veb-saytının 2006-cı il 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günündə fəaliyyətə başladığını bildirdi. Veb-saytın AMEA-nın institut və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair tələblərə cavab verdiyini, təhlükəsizliyinin təmin olunduğunu söylədi. O, institutun mütəxəssisləri tərəfindən veb-resursun mobil versiyasının da hazırlandığını diqqətə çatdırdı.

İnstitutda informasiya-kommunikasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə aparılan elmi araşdırmaların nəticələrinin, eləcə də İKT məkanında baş verən texnoloji yeniliklərin, əldə edilən nailiyyətlərin operativ olaraq dünya və ölkə ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan veb-sayta 2007-2015-ci illər ərzində edilən müraciətlərlə bağlı statistik göstəriciləri təqdim etdi.

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev, Şəfəqət MahmudovaVüqar Musayev, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova, sektor müdirləri Rasim Mahmudov və İradə Ələkbərova, böyük elmi işçi Oqtay Ələkbərov və digərləri müzakirələrdə iştirak edərək veb-saytın yeni dizaynı ilə bağlı təklif və tövsiyələrini bildirdilər.

Cəlbedici və fərqli dizayna malik veb-saytın yaxın zamanda istifadəyə veriləcəyi qeyd olundu.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov institutun yeni dissertantlarının təsdiq edilməsi haqqında çıxış edərək bildirdi ki, cari ildə 1203.01 –  “Kompüter elmləri”, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə institutun dissertanturasına qəbul keçirilir.

Sonra qeyd olunan ixtisaslar üzrə 4 dissertantın seçilməsi üçün səsvermə keçirildi.

İclasda, həmçinin institutun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların 2016-cı ilin I yarısı üçün hesabatlarının keçirilməsi məsələsinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.