“Müasir informasiya texnologiyalarının tətbiqi ilə şagirdlərin fizika və riyaziyyatdan biliklərinin formalaşdırılmasının səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda dissertasiya işi müzakirə olundu Aprel 15, 2022 | 12:27 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirildi.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professor-müəllim heyətindən olan aidiyyəti şəxslər iştirak edirdi.

Əvvəlcə elmi seminarın sədri, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək tədbirin Sevinc Şabanovanın pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İnformatikanın tədrisi metodikası) ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu bildirdi.

S.Şabanova “Müasir informasiya texnologiyalarının tətbiqi ilə şagirdlərin fizika və riyaziyyatdan biliklərinin formalaşdırılmasının səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda dissertasiya işini təqdim edərək bildirdi ki, iş giriş, 2 fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.

İddiaçı mövzunun aktuallığı və işlənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələrindən söz açdı. Bildirdi ki, ölkəmizdə maddi əsasların, texniki vasitələrin çatışmazlığı, pedaqoji kadrların hazırlıq səviyyəsinin aşağı olması səbəbindən informasiya texnologiyalarının təhsildə tətbiqi sahəsində bir çox çatışmazlıqlar mövcuddur. O, qeyd etdi ki, dissertasiya işinin məqsədi yuxarı siniflərdə riyaziyyat, fizika və informatika fənlərinin tədrisində yeni informasiya texnologiyalarından istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək, şagirdlərin dərsə marağını artırmaq, yeni laboratoriya dərs modelləri ilə qazanılan bilik və bacarıqların mənimsəmə və keyfiyyət faizlərinin artırılmasına nail olmaqdır.

S.Şabanova dissertasiya işində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün görülmüş işləri təqdim etdi. Bildirdi ki, tədqiqat çərçivəsində yuxarı sinif şagirdlərinin riyaziyyat, fizika və informatika fənlərinin öyrənilməsində keyfiyyətin artırılması probleminin həlli, təlimin informasiya texnologiyalarının inkişafının tarixi-pedaqoji təhlilinin aparılması, o cümlədən yuxarı sinif şagirdlərinin riyaziyyat, fizika və informatikadan təlim keyfiyyətlərini təyin edən qiymətləndirmə mexanizminin hazırlanması kimi məsələlərə baxılmışdır.

İddiaçının sözlərinə görə, dissertasiyanın nəticələri üzrə 21 elmi iş, nüfuzlu elmi jurnallarda 16 məqalə, beynəlxalq və respublika səviyyəli konfrans materiallarında isə 5 tezis çap olunmuşdur.

O, bildirdi ki, dissertasiya işi çərçivəsində işlənib hazırlanmış müxtəlif tipli proqramların köməyi ilə riyazi məsələlərin həlli metodikası və fizikadan bəzi təcrübələrin proqramlaşdırılması şagirdlərin dərketmə qabiliyyətini fəallaşdırır, yaradıcı düşüncəyə və oxumağa yönəlmiş müsbət motivasiya formalaşdırır, eləcə də informatika fənninin məzmun və tədrisini müasirləşdirir.

İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər –  institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Hidayət Tağıyevin rəyləri dinlənildi. Bildirildi ki, dissertasiya işində əsaslı tədqiqatlar aparılmış, qarşıya qoyulmuş məsələlər həll olunmuşdur. Rəyçilər tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Sonra iddiaçı texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova,  AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru Zərifə Cəbrayılova,  texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və  texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun ona ünvanladığı sualları cavablandırdı.

Dissertasiya işi üzrə elmi rəhbər  –  ADPU-nun Ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, professor Həmzə Seyidli iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdi.

Daha sonra dissertasiya işi üzrə digər elmi rəhbər – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. Müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) yüksək sürətlə inkişaf etdiyini və onun bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni imkanlar yaratdığını vurğulayan akademik bu baxımdan mövzunun son dərəcə aktual olduğunu söylədi.

R.Əliquliyev dissertasiya işində şagirdlər tərəfindən biliyin mənimsənilməsi və aşkarlanmasının səmərəliliyinin yüksəldilməsi, texnologiyalar vasitəsilə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, mövcud informasiya texnologiyalarının pedoqoji prosesə tətbiqi ilə bağlı əsaslı tədqiqatların aparıldığını diqqətə çatdırdı.

Akademik rəhbərlik etdiyi institutun elmi potensialının daha çox müasir informasiya texnologiyalarının cəlb olunmasına, inkişafına, onun nəzəri əsaslarının işlənilməsinə istiqamətləndiyini qeyd edərək təhsildə İKT-nin tətbiqi istiqamətində tədqiqatlarının genişləndirilməsinin zəruriliyini vurğuladı. Elmi rəhbər, həmçinin dissertasiya işinin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verdi.

Alim işin yüksək səviyyədə yerinə yetirildiyini, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İnformatikanın tədrisi metodikası) ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini və iddiaçının dissertasiya işinin müdafiəyə tövsiyə olunduğunu söylədi.

Daha sonra dissertasiya işi ətrafında müzakirələr aparıldı. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, ADPU-nun Riyaziyyat fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Araz Fərəcov, ADPU-nun Kompüter elmləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Fəxriyyə Səfərəliyeva, ADPU-nun Kompüter elmləri kafedrasının professoru, pedaqogika elmləri doktoru, professor Əbülfət Pələngov iddiaçının təlim və tərbiyənin nəzəriyyəsi və metodikası istiqamətində apardığı tədqiqatın tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu bildirdilər və müdafiəyə tövsiyə etdilər. İddiaçının həm də uğurlu pedaqoji fəaliyyət göstərdiyini, müvafiq sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində böyük xidmətləri olduğunu qeyd etdilər.

Sonda açıq səsvermə keçirildi. Dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasına yekdilliklə qərar verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı