İnformasiya Texnologiyaları İnstitutunda “Elm Günü” qeyd olundu Mart 18, 2022 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 27 Mart - “Elm Günü”nə həsr olunmuş onlayn toplantı keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev əvvəlcə institut əməkdaşlarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, Novruzun keçmişdən gələn böyük mənəvi dəyərlərimizin daşıyıcısı olduğunu vurğuladı.

Akademik R.Əliquliyev “Elm Günü”nə həsr olunmuş bugünkü toplantının əhəmiyyətindən bəhs edərək AMEA Rəyasət Heyətinin bu əlamətdar günün Akademiyanın bütün elmi müəssisə və təşkilatlarında keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırladığını diqqətə çatdırdı.

Baş direktor bu günün təsis edilməsində əsas məqsədin həmin tarixdə bütün ölkə ictimaiyyətinin diqqətinin məhz elm sahəsinə yönəlməsinə, elmi nailiyyətlərin təbliğinə, problem və vəzifələrin yenidən müəyyənləşdirilməsinə, səmərəli əməkdaşlıqların təşkilinə, ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolunun artırılmasına, eləcə də ictimai təfəkkürün ali forması olan elmi təfəkkürün inkişaf etdirilməsi və vətəndaşların bu istiqamətdə maarifləndirilməsinə, gənclərin elmə cəlb olunmasına təkan vermək olduğunu diqqətə çatdırdı.

“Biz cəmiyyətimizin yüksək intellektual potensiala malik olan bir ölkə kimi formalaşdırılması və ölkəmizin iqtisadi dayaqlarının qabaqcıl biliklər üzərində qurulması ilə Azərbaycanın inkişafına nail olunması üçün bütün imkanlarımızı səfərbər etməliyik”, - deyə bildirən akademik AMEA-da bu istiqamətdə görülən işlərdən söz açdı.

R.Əliquliyev institutda fəaliyyət göstərən alimlərin kompüter elmlərinin dünya səviyyəsində inkişafına böyük töhfə verdiyini qeyd edərək ölkəmizin bu sahədə Cənubi Qafqaz ölkələri arasında ilk sırada dayandığına diqqət çəkdi. O, Stenford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilmiş 8 azərbaycanlı alimdən 2-sinin rəhbərlik etdiyi institutda fəaliyyət göstərdiyini vurğuladı.

İnstitutun baş direktoru çıxışının sonunda institut kollektivini “Elm Günü” münasibətilə təbrik etdi, onlara möhkəm can sağlığı, elmimizin inkişafı yolunda yorulmaz fəaliyyət arzu etdi.

Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu gün AMEA-nın elmi müəssisələrinin qarşısına Azərbaycan elminin inkişafı istiqamətində mühüm vəzifələrin qoyulduğunu, dünyanın müasir çağırışlarına cavab verən yeni elmi istiqamətlərin müəyyənləşdirildiyini söylədi.

Alim İnformasiya Texnologiyaları İnstitutunun keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq qeyd etdi ki, 50 il ərzində bu elmi müəssisədə fundametal elmi tədqiqatlar aparılmış, informasiya cəmiyyəti və informasiya texnologiyalarının inkişafı istiqamətində ciddi nailiyyətlər əldə olunmuş, institutda onlarla fəlsəfə foktoru, bir neçə elmlər doktoru yetişdirilmişdir:

“Artıq institut respublikamızda və regionda informasiya texnologiyaları sahəsində prioritet elmi istiqamətlərdə aparılan tədqiqatlara görə sayılıb-seçilən təşkilata çevrilmişdir. Bu uğurlar əməkdaşlarımızın, alim və mütəxəssislərimizin gərgin əməyi və zəhmətinin məntiqi nəticəsidir”.

Nitqinin sonunda R.Ələkbərov bütün institut əməkdaşlarını həm “Elm Günü”, həm də qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, hər kəsə yeni elmi nailiyyətlər arzuladı.

AMEA-nın müxbir üzvü, şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova öz çıxışında 77 ildir ki, fəaliyyət göstərən akademiyanın bu illər ərzində mühüm elmi nəticələr əldə etdiyini, Azərbaycan elminin dünyada tanıdılması istiqamətində böyük nailiyyətlərə imza atdığını qeyd etdi. Bildirdi ki, bu gün AMEA-da, eləcə də bizim institutda dünya elminin çağırışlarına və tələblərinə uyğun olaraq yeni elmi istiqamətlər müəyyənləşdirilib, hər bir tədqiqatçının qarşısına konkret vəzifələr qoyulub.

Müasir dövrdə ölkəmizdə gənclərin elmdə irəliləməsi və xarici ölkələrin nüfuzlu elm və təhsil qurumlarında təhsil almaları üçün geniş imkanların yarandığını qeyd edən professor, bütün gəncləri yaradılmış bu şəraitdən istifadə etməyə, öz üzərlərində çalışmağa, beynəlxalq qrant layihələrində fəal iştirak etməyə çağırdı.

M.Məmmədova hazırkı şəraitdə Azərbaycan elminin dünya elminə inteqrasiyası üçün hər cür imkanların mövcud olduğunu qeyd edərək, bundan sonra ölkə elminin daha çox inkişaf edəcəyinə, elmə olan tələbatın artacağına inamını ifadə etdi.

Sonra toplantıda AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış etdi. “Elmi fəaliyyət insan cəmiyyətində ən ali fəaliyyət növüdür”, - deyən alim elmin intellektual və uzunmüddətli xarakter daşıdığını, çətin, məsuliyyətli və eyni zamanda olduqca şərəfli bir fəaliyyət olduğunu vurğuladı.

R.Alıquliyev elmin cəmiyətdə sosial münasibətlərin qurulmasında bir nömrəli fəaliyyət olduğunu qeyd edərək, onun bütün münasibətlərə təsir etdiyini, elmsiz cəmiyyət və inkişafın mövcud olmadığını bildirdi.

AMEA-nın müxbir üzvü öz çıxışında elm sahəsində fəaliyyət göstərən gənclərə bu yoldan çəkinməməyi, davamlı fəaliyyət göstərməyi, onlar üçün yaradılmış fürsətdən səmərəli istifadə etməyi tövsiyə etdi.

Şöbə müdiri, həmçinin Rusiya, Ukrayna, Belarus və digər ölkələrdə “Elm Günü”nün qeyd olunması tarixi haqqında məlumat verdi.

O, “Elm Günü”nün bu sahədə fəaliyyət göstərən insanların peşə bayramı olduğunu vurğulayaraq, hər kəsi bu önəmli gün münasibətilə təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar dilədi.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova elmin inkişafı istiqamətində seçilmiş düzgün strategiya nəticəsində institutda ötən illər ərzində əldə olunmuş yüksək elmi nəticələrdən söz açdı. Z.Cəbrayılova son illər qadınların elmdə rolunun artdığını qeyd edərək institutda da əməkdaşların böyük bir qismini qadınların təşkil etdiyini və onların elmi fəaliyyətin aparıcı qüvvəsinə çevrildiyini bildirdi.

O, institut əməkdaşlarını “Elm Günü” münasibətilə təbrik etdi, onlara elmi fəaliyyətlərində yeni nailiyyətlər arzu etdi.

Sonra AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, dosent Hikmət Quliyev çıxış edərək “Elm Günü”nün mahiyyətindən bəhs etdi, onun digər əlamətdar günlərdən öz xüsusi çəkisinə görə fərqləndiyini vurğuladı.

H.Quliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi tədqiqat müəsissəsi olmaqla yanaşı, ölkəmizdə informasiya cəmiyyəti ideologiyasının təlimi funksiyasını öz üzərinə götürmüş aparıcı mərkəzlərdən biri olduğunu qeyd etdi, qurumun dövlətin bu sahədə olan siyasətinə böyük dəstək verdiyini diqqətə çatdırdı. O, 2001-ci ildən etibarən akademik R.Əliquliyevin rəhbərliyi ilə institutun informasiya cəmiyyəti və texnologiyalarının nəzəri problemlərinin araşdırılması istiqamətində uğurlu fəaliyyətinin nəticəsi olaraq elmi tədqiqatlarda yüksək nailiyyətlər qazanıldığını bildirdi.

İnstitutun Veteranlar Şurasının sədri Təhmasib Fətəliyev şərəfli sahələrdən olan elmdə fəaliyyət göstərməyin böyük məsuliyyət və əzm tələb etdiyini vurğuladı. O, məhz elm sayəsində bu gün bütün dünyanı əhatə edən koronavirus pandemiyası ilə mübarizənin mümkün olduğuna diqqət çəkdi.

T.Fətəliyev elm olmadan cəmiyyətin inkişafını təsəvvür etməyin qeyri-mümkün olduğunu deyərək İnformasiya Texnologiyaları İnstitutunun Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən söz açdı.

Veteranlar Şurasının sədri institutun yaş tərkibinə görə ən gənc institutlardan olduğunu bildirdi, müəssisədə ümumilikdə 30 veteranın fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

Tədbirdə, həmçinin institutun şöbə müdirləri – texnika üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, texnika üzrə fəlsəfə doktoru, dosent Gülnarə Nəbibəyova, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, institutun baş elmi işçi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəsmiyə Mahmudova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova, institutun əməkdaşı Xatirə Həbibova, eləcə də doktorant Araz Mustafa çıxış edərək bu əlamətdar günün tarixi əhəmiyyətindən bəhs etdilər. Çıxış edənlər Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində institutun və bütövlükdə AMEA-nın qarşısına mühüm vəzifələrin qoyulduğu, bu vəzifələrin yüksək səviyyədə icrası prosesində hər kəsin fəal iştirakının zəruriliyini vurğuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı