İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü qeyd olundu Dekabr 01, 2016 | 09:00 / Konfranslar, iclaslar

Hər il dünyanın müxtəlif ölkələrində 30 noyabr –  Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Əsas məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan problemlərin işıqlandırılması və ictimaiyyətin diqqətinin bu məsələlərə cəlb olunmasıdır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş elmi seminar da bu qəbildən olan tədbirlərdən idi.

Seminarı giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və informasiya texnologiyalarının inkişafı, o cümlədən biliklər iqtisadiyyatının yeni mərhələyə qədəm qoyması ilə cəmiyyətdə informasiya təhlükəsizliyi komponenti daha da aktuallaşmışdır.

Alim Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid dövlət siyasəti və qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımların atıldığını söylədi. Bildirdi ki, artıq müxtəlif qurumlarda informasiya təhlükəsizliyinə verilən önəmin nəticəsi olaraq bu sahənin müxtəlif problemləri ilə məşğul olan peşəkar mütəxəssislər yetişdirilir, layihələndirmə proseslərində təhlükəsizliyin təmin olunması ilə bağlı kompleks tədbirlər görülür.

R.Əliquliyev ölkədə informasiya təhlükəsizliyi sahəsində görülən işlərə institutda elmi dəstək verildiyini, informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını bildirdi.

İnstitutda artıq 20 ildən çoxdur ki, bu sahə üzrə tədqiqatların aparıldığını diqqətə çatdıran akademik informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin elmi-nəzəri əsaslarının araşdırıldığını, bu sahədə dünya təcrübəsinin öyrənildiyini vurğuladı. Akademik əldə olunmuş mühüm elmi nəticələrin nüfuzlu jurnallarda, elmi əsər və kitablarda öz əksini tapdığını söylədi.

İnstitutda yeni informasiya təhlükəsizliyi təhdidlərinin aşkarlanması üzrə araşdırmaların aparılmasının vacibliyini nəzərə çatdıran akademik informasiya təhlükəsizliyi ilə bağlı tədqiqatların monitorinqinin həyata keçirilməsinin də zəruriliyini önə çəkdi.

Sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev “İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq modelləri” mövzusunda məruzə ilə çıxış etdi. İnformasiya təhlükəsizliyinin təmin edilməsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini söyləyən şöbə müdiri ölkələrin vahid kiberfəzadan asılı olduğunu və bir ölkədə olan kibertəhlükəsizlik boşluqlarının digər ölkələrə də təsir etdiyini bildirdi. “Bu strateji sahədə xarici ölkələrlə əməkdaşlıqda iqtisadi, siyasi və milli təhlükəsizlik riskləri də mövcuddur”, – deyə bildirən Y.İmamverdiyev beynəlxalq əməkdaşlığın qanunvericilik tədbirləri, kibercinayətkarlıqla mübarizə, insidentlərin cavablandırılması, elmi-tədqiqatlar, aparat və proqram təminatının sertifikatlaşdırılması kimi sahələri əhatə etdiyini diqqətə çatdırdı.

Y.İmamverdiyev strateji tərəfdaşlar arasında informasiya təhlükəsizliyi sahəsində daha sıx əməkdaşlığın həyata keçirilməsinin kibermüdafiə üzrə birgə hərəkət etmək üçün koalisiyalar formalaşdırmağa imkan verdiyini vurğuladı. Həmçinin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq koalisiyaların modelləşdirilməsi üçün təklif olunmuş nəzəri oyun modeli haqqında məlumat verdi.

“Onlayn mühitlərdə gizli sosial şəbəkələrin aşkarlanması” mövzusunda məruzə ilə çıxış edən institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev onlayn sosial şəbəkələrin yaranması və populyarlaşmasının bir çox məlumatlara əlçatanlığı təmin edərək sosial sistemlərin öyrənilməsi baxımından yeni perspektivlər açdığını bildirdi. Alim sosial şəbəkələrin analizi üzrə aparılan tədqiqatların əsasən struktur analiz, sosial məlumatların analizi və sosial qarşılıqlı təsirlərin analizinə əsaslandığını diqqətə çatdırdı.

“Sosial şəbəkələrdə mövcud olan böyük miqdarda verilənlər analiz olunmazdan öncə sosial şəbəkələr bu verilənlərdən çıxarılmalıdır”, – deyə bildirən məruzəçi müxtəlif onlayn mənbələrdən sosial şəbəkələrin aşkarlanması zamanı onların aşkarlanması metodlarından istifadə olunduğunu qeyd etdi. Bu onlayn mühitlərdə müxtəlif gizli sosial şəbəkələrin fəaliyyət göstərməsinin mümkünlüyünü ifadə edən R.Alıquliyev e-dövlətin bu mühitlərdən biri olduğunu vurğuladı. Onun sözlərinə görə, e-dövlət mühitində dövlət əleyhinə fəaliyyət göstərən gizli sosial şəbəkələrin aşkarlanması üçün “text mining” texnologiyasına əsaslanan yeni yanaşma təklif olunmuşdur: “Bu texnologiya istifadəçi şərhlərini intellektual analiz etməyə və analizin nəticəsinə əsaslanaraq onlar arasındakı münasibətləri aşkarlamağa imkan verir”.

Sonra çıxış edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “İnformasiya təhlükəsizliyinin etik və hüquqi məsələləri” haqqında məruzə etdi. İnformasiya təhlükəsizliyi sahəsindəki etik məsələlərin aktuallığından danışan məruzəçi şəxsi həyatın mühafizəsi üçün fərdlər barədə verilənlərin mühafizəsi haqqında məsuliyyət, informasiyanın həqiqiliyinin yoxlanması və dəqiqliyinin təmin edilməsi üçün verilənlərin toplanması məsuliyyəti, intellektual mülkiyyət, xüsusilə də informasiya və proqram təminatına mülkiyyət hüququnun qorunması kimi məsələlərin informasiya təhlükəsizliyinin təmin olunması baxımından böyük önəm kəsb etdiyini qeyd etdi. Bildirdi ki, informasiya sistemlərinə girişə nəzarət üçün verilənlərin toplanması üzrə cavabdehlik və digərlərinə aid informasiyaya giriş, o cümlədən informasiyadan istifadə qaydalarının müəyyən edilməsi də informasiya təhlükəsizliyinin etik məsələlərindəndir.  

O, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən peşəkar təşkilatlar, mövcud olan beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə qəbul etdiyi qanunlar haqqında məlumat verdi.

İnstitutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Bulud texnologiyaları mühitində yük balanslaşdırılması üçün planlaşdırma alqoritmləri” adlı məruzəni təqdim etdi. Bulud mühitində izafi yüklənmə yaradan tapşırıqların emal olunması məqsədilə uyğun virtual maşınlara təyin edən optimal həllin tapılması üçün yükün balanslaşdırılmasının çoxmeyarlı optimallaşdırılması modelinin təklif edildiyini və müxtəlif çəkili iki məqsəd funksiyasından istifadə olunduğunu söylədi.

F.Abdullayeva optimal həllin tapılması üçün sürü intellektinə əsaslanan alqoritmin (Particle Swarm Optimization, PSO) işlənildiyini və onun eksperimental yoxlanmasının “CloudSim” mühitində “JSwarm” proqram təminatı əsasında aparıldığını vurğuladı.

“AzScienceNet EKŞ-də internet trafikindən istifadənin vəziyyəti” adlı məruzəni təqdim edən institutun sektor müdiri Babək Nəbiyev AzScienceNet monitorinq və informasiya təhlükəsizliyi xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Bildirdi ki, bu xidmət AzScienceNet şəbəkəsində baş verə biləcək informasiya təhlükəsizliyi təhdidlərinə operativ reaksiya verilməsi, bu təhdidlər haqqında məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla əlaqələrin yaradılması məqsədilə yaradılmışdır.

Onun sözlərinə görə, burada şəbəkə trafikinin fasiləsiz toplanması və analizi, informasiya təhlükəsizliyi ilə əlaqəli hadisələrin aşkarlanması və qarşısının alınması, o cümlədən müvafiq hesabatların hazırlanması işləri həyata keçirilir. B.Nəbiyev toplanmış trafikin analizi əsasında istiqamətlər, IP-ünvanlar, yuxarı səviyyə domenlər üzrə, trafikin veb-saytlar üzrə paylanması göstəriciləri, veb-saytların kontent kateqoriyaları üzrə hesabatları tədbir iştirakçılarına təqdim etdi.

İnstitutun böyük elmi işçisi Tamilla Bayramova “Proqram sistemlərinin təhlükəsizliyi problemləri” mövzusunda məruzəni təqdim etdi. O, informasiya texnologiyalarının inkişafı nəticəsində yaranmış müasir proqram təminatının mürəkkəblik, proqram kodunun həcminin böyük olması, xətaların sayı kimi fundamental problemlərini diqqətə çatdırdı.

Məruzəçi proqram təminatında mövcud olan bəzi xətaların insan həyatının itirilməsinə, infrastruktur şəbəkələrinin işində böyük problemlərin yaranmasına, o cümlədən kiberhücumların artmasına səbəb olduğunu söylədi.

T.Bayramova proqram təminatının ən çox yayılmış xətaları, proqram kodlarında olan boşluqlardan istifadə edən haker hücumları, müxtəlif illərdə qeydə alınan ən təhlükəli haker hücumları haqda qısa məlumat verdi. Proqramların keyfiyyətinin yüksəldilməsi üçün adaptiv sistemlərin yaradılması, proqram təminatının bu sahə üzrə standartlara uyğun işlənilməsi, verifikasiyası və mütəxəssislərin sertifikatlaşdırılmasının vacibliyini qeyd etdi.

Məruzələr ətrafında gedən müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdirləri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və digərləri iştirak edərək sual və təkliflərini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı