Aprelin 24-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti seminarı keçirildi. İclasın sədri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Tədbirin 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin müzakirəsinə həsr olunduğunu bildirdi.
Sonra Üzeyir Qurbanlı “Gömrük işində risklərin idarəolunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiyanı təqdim edərək işin aktuallığı, məqsədi və bu məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri diqqətə çatdırdı.
Bildirdi ki, işin əsas məqsədi müasir informasiya texnologiyaları, riyazi üsullar və proqramlaşdırma texnologiyalarının tətbiqi ilə gömrük risklərinin idarə olunması üçün metod və alqoritmlərin işlənilməsidir.
İddiaçının sözlərinə görə, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün gömrük risklərinin idarə olunması üsulları və sistemləri təhlil olunaraq risklərin idarə olunması üçün yeni informasiya modeli qurulmuş, risk zonalarının təyini və risk profillərinin risk zonalarında yerləşdirilməsi mexanizmi işlənilmiş, transsərhəd ölkələrdə baş verə biləcək və ölkə əhəmiyyətli risklərin aşkarlanması və idarə olunması üçün model işlənilmiş, risk profillərinin qiymətləndirilməsi üçün alqoritmlər işlənib hazırlanmışdır.
İşin elmi-praktiki əhəmiyyətindən söz açan Ü.Qurbanlı gömrük risklərinin idarə olunması üçün proqram təminatının və risklərə nəzarət üçün interaktiv monitorinq sisteminin proqram təminatının işlənib hazırlandığını söylədi.
Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.
Dissertasiya işinə dair təyin olunan rəyçilər - texnika üzrə elmlər doktoru, professor İsmayıl İsmayılov, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.
Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktorları, professorlar Məsuma Məmmədova, Bayram İbrahimov, texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev, Məkrufə Hacırəhimova, Gülarə Muradova, Nigar İsmayılova və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək, alınmış elmi nəticələri yüksək qiymətləndirdilər.
Sonda səsvermə keçirildi və Dissertasiya şurasının seminarının üzvləri tərəfindən dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.