Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi.
Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı, tədbirin institutun struktur bölmələrinin 2015-ci il üçün fəaliyyət planlarının müzakirəsinə həsr olunduğunu söylədi.
5 saylı şöbədə cari ildə görüləcək işlərlə bağlı çıxış edən şöbə müdiri Səyyar Abdullayev informasiya texnologiyaları üzrə terminoqrafiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yerinə yetiriləcək işlərdən danışdı. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi və sistemləşdirilməsinin nəzərdə tutulduğunu bildirdi.
Qeyd etdi ki, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən kadr potensialnın gücləndirilməsi də 2015-ci ildə qarşıya qoyulan əsas hədəflərdəndir.
6 saylı şöbənin fəaliyyət planını təqdim edən texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirdi ki, rəhbərlik etdiyi şöbədə il ərzində audio informasiya texnologiyaları problemləri və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə araşdırmalar aparılacaq. Bu məqsədlə e-dövlət mühitində G2G, G2B, G2C modelləri üzrə nitq tranzaksiyalarının emalı metod və alqoritmləri, istifadəçilərə göstərilən audio xidmət vasitələri üçün effektiv alqoritmlərin işlənməsi, paylanmış iyerarxik operativ dispetçer sistemləri üçün audio xidmət vasitələrinin analizi və sintezi məsələləri və paylanmış audioinformasiya şəbəkələri üzərində multimedia servislərinin sintezi problemlərinin tədqiqi, o cümlədən inkişaf etmiş ölkələrdə e-tullantıların idarə edilməsi məsələlərinin öyrənilməsi və Azərbaycanda e-tullantıların idarə edilməsinin mövcud vəziyyətinin monitorinqi və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparılması nəzərdə tutulur.
B.Ağayevin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində şöbədə yeni qrant layihələrin hazırlanması və müsabiqələrdə iştirak planlaşdırılır.
İclasda institutun 8 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planını iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev təqdim edərək cari ildə görüləcək işlərlə bağlı məlumat verdi. Bildirdi ki, rəhbərlik etdiyi şöbədə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması proseslərinin təhlili və onun inkişafı üzrə müvafiq modellərin işlənilməsi, iqtisadiyyatın İKT vasitəsilə ekoloji cəhətdən tarazlı inkişafına təsiredici amillərin araşdırılması, texnoparkların fəaliyyətinin təşkili və idarə olunması üçün model və mexanizmlərin işlənilməsi planlaşdırılır.
Ə.Əliyev şöbənin cari ildə elmi-innovasiya fəaliyyətindən bəhs edərək iqtisadi-sosial sistemlərin idarə olunması və informasiyalaşdırılması istiqamətində konsaltinq xidmətinin göstərilməsi və müvafiq fond və təşkilatlara informasiya və innovasiya iqtisadiyyatının elmi-nəzəri əsaslarının formalaşması məsələləri ilə əlaqədar qrant layihələrin təqdim olunmasının nəzərdə tutulduğunu vurğuladı.
Şöbə müdirinin sözlərinə görə, Daşkənd Dövlət Texniki Universiteti, Türkiyənin Yıldız Texnoparkı, Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı və Belorusiya MEA-nın İqtisadiyyat İnstitutu və müvafiq təşkilatlarla beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması hesabat ili ərzində yerinə yetiriləcək işlərdəndir.
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi 9 saylı şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi üzrə müxtəlif aktual mövzularda aparılacaq elmi-tədqiqat işlərindən söz açdı.
T.Kazımov cari ildə insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında etalon təsvirin formalaşması üçün alqoritmlərin işlənməsi və bunlar əsasında biometrik identifikasiya sisteminin (İEBİS) yaradılması, həmçinin biometrik şəbəkələrin yaradılması prinsiplərinin tədqiq olunacağını diqqətə çatdırdı. İnsanın əl damar izləri əsasında identifikasiya olunması məsələsi üzrə aparılan araşdırmalar haqqında məlumat verdi.
Proqram mühəndisliyi mövzusu üzrə proqram təminatının etibarlılığının yüksəldilməsi problemlərinin təhlili məsələsinə də toxunan məruzəçi bu məqsədlə modellərin işləniləcəyini bildirdi.
Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək “Təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin kompüter vasitəsilə müəyyən olunması üçün metod və alqoritmlərin işlənməsi və “İrqi-Etnik” biometrik identifikasiya sisteminin yaradılması” mövzusu üzrə AR Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunmuş qrant layihəsini diqqətə çatdırdı.
İnstitutun 11 saylı şöbəsinin müdiri Şakir Mehdiyev şöbənin fəaliyyət planında cari ildə görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bu il şöbədə elmi-tədqiqat işləri çərçivəsində korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi nəzərdə tutulur.
O, şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açaraq AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, AMEA-nın Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi, həmçinin akademiyanın institut və təşkilatlarının infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərdən danışdı.
Bildirdi ki, AMEA RH Mərkəzi Aparatı və Əsas binada konfrans və iclasların müşayiət olunması, İnternet üzərindən yayımın təmin olunması və s. tədbirlərin görülməsi bu il də fəaliyyət planına daxil edilmişdir.
Cari ildə 12 saylı şöbədə görüləcək işləri təqdim edən şöbə müdiri Mədinə Səidova bildirdi ki, e-elmin formalaşması istiqamətində bibliometrik üsulların e-kitabxana mühitində tətbiqi imkanlarının araşdırılması və elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi nəzərdə tutulur.
Müzakirə zamanı e-dövlətin formalaşması istiqaməti üzrə müasir elektron kitabxana şəbəkəsinin yaradılması metodları və e-kitabxanaların intellektual menecmentinin səmərəliyinin artırılması üçün konseptual modellərin işlənilməsi tövsiyə olundu.
O, həmçinin institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova tərəfindən hesabat ili ərzində bibliometriyanın müasir vəziyyəti, problemləri və perspektivləri, neyro-fazi şəbəkələrin tətbiqi ilə bibliometrik sənədlərin elmi istiqamətlər üzrə təsnifatı məsələləri və intellektual analiz texnologiyalarının tətbiqi ilə bibliometrik xəritələrin araşdırılacağını diqqətə çatdırdı.
M.Səidovanın sözlərinə görə, elmi-innovasiya istiqaməti üzrə Azərbaycanda elmin cari vəziyyəti haqqında hesabatların hazırlanması, elmi-texniki informasiyanın komplektləşdirilməsi və sistemləşdirilməsi, İT üzrə elmi-praktiki tədbirlər haqqında informasiya axtarışı və yayılması, institut əməkdaşlarının elmi əsərlərinin “Vikipediya”da yerləşdirilməsi ilə əlaqədar işlərin həyata keçirilməsi nəzərdə tutulur.
O, Elektron Kitabxana Mərkəzində “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi məsələlərinin vacibliyini də vurğuladı.
O, institut əməkdaşları üçün ACM, IEEE kimi rəqəmsal kitabxanalar, EBSCO, EİFL və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradılması ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdiriləcəyini söylədi.
Tədbirdə cari ildə şöbənin əməkdaşları tərəfindən “Google Scholar bazasına məqalələri daxil etməyin yolları”, “Elmmetrik göstəricilərin təyin olunması qaydaları”, “IEEE bazasının imkanlarından istifadə qaydaları” mövzusunda seminarların keçirilməsi təklif olundu.
Texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi 13 saylı şöbədə e-elmin formalaşması istiqamətində yerinə yetirilən araşdırmalarıdan söz açaraq cari ildə elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsaslarının araşdırılmasının nəzərdə tutulduğunu dilə gətirdi.
R.Alıquliyev həmçinin böyük həcmli məlumatlar toplusundan (Big Data) biliklərin aşkarlanması, sosial şəbəkələrin analizi və idarə olunması, paralel hesablamalar istiqamətləri üzrə elmi-tədqiqat işlərinin aparılacağını qeyd etdi.
Bildirdi ki, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika miqyaslı elmi konfrans və tədbirlərdə iştirakı, SCOPUS, Compendex, ACM Digital Library, IEEE Xplore, DBLP kimi nüfuzlu elmi bazalarda indeksləşən, respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısında olan jurnallarda elmi məqalələrin nəşri nəzərdə tutulur.
Şöbənin beynəlxalq əməkdaşlıq perspektivlərindən söz açan alim bildirib ki, 2015-ci ildə Avstraliya və Malayziyanın müvafiq qurumları ilə elmi əlaqələrin qurulması planlaşdırılır.
Məruzəçilər rəhbərlik etdikləri şöbələrin elmi-innovasiya və praktiki fəaliyyəti, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görüləcək işləri də diqqətə çatdırdılar.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
Sonda müzakirə olunan plan layihələri Elmi şuranın üzvləri tərəfindən təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.