Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

29 İyul 2026 - 15:31 | Yeni nəşrlər
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi sahəsində aparılan çoxillik araşdırmaların mühüm elmi nəticələrini əks etdirən “Proqram mühəndisliyi problemləri. Məqalələrin xülasələri” adlı ekspres-informasiya işıq üzü görüb.

Nəşrdə qeyd olunur ki, İnformasiya Texnologiyaları İnstitutunda artıq 20 ildən çoxdur ki, davamlı olaraq proqram mühəndisliyi problemləri ilə bağlı elmi-nəzəri və praktiki araşdırmalar aparılır. Ötən müddət ərzində proqram mühəndisliyinin məqsəd və vəzifələri, inkişaf trendləri, eləcə də, bu sahədə beynəlxalq təcrübə hərtərəfli analiz olunmuşdur. İnstitutun tədqiqatçıları tərəfindən həmçinin proqram təminatının məhsuldarlığının, səmərəliliyinin və etibarlılığının artırılması, proqram kodunun mürəkkəbliyinin müəyyən edilməsi, proqram təminatını işləyən komandanın iş effektivliyinin qiymətləndirilməsi metrikaları, süni intellekt texnologiyalarının tətbiqi üzrə mühüm metod və alqoritmlər işlənib hazırlanmışdır.          

Ekspress-informasiyada, bütövlkdə,  proqram mühəndisliyinin aktual elmi problemlərinə dair 4 kitab, 170-ə yaxın məqalə və tezis haqqında məlumat verilir. Həmin tədqiqat nəticələrinin bir çoxu dünyanın nüfuzlu, yüksək indeksli beynəlxalq elmi nəşrlərində çap edilərək geniş oxucu auditoriyasına təqdim olunmuşdur.

Nəşrin elmi redaktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.

Yeni çapdan çıxmış bu vəsait proqram mühəndisliyi, süni intellekt sistemləri, böyük verilənlər və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən tədqiqatçılar, pedaqoqlar, mvafiq sahədə təhsil alan tələbələr, İKT mütəxəssisləri üçün dəyərli elmi mənbə rolunu oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.