AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Seminarın “Çayların su ehtiyatlarının səmərəli istifadə sisteminin kompüter modelinin işlənməsi” adlı dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.
Sonra dissertant Almaz Əliyeva dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, bu məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.
Bildirdi ki, dissertasiya işinin məqsədi çayların su balansına təsir edən əsas amilləri nəzərə almaqla su ehtiyatlarının səmərəli istifadəsinin kompüter modelinin işlənməsidir.
A.Əliyeva tədqiqat işində su anbarlarının su yığma xüsusiyyətindən istifadə etməklə su ehtiyatlarının səmərəli idarə edilməsi probleminin müasir vəziyyətinin araşdırıldığını söylədi. Su ehtiyatlarının səmərəli istifadəsinin konseptual modeli, Yerin relyefinin vektor xəritəsinin bəzi ümumi səhvlərinin aşkar edilməsi üçün alqoritm və proqram təminatı, alternativ sensorlar vasitəsilə su ehtiyatlarının avtomatik idarə edilməsi üçün alqoritmlər və çay hövzəsində su balansının proqnozlaşdırılması modelinin işlənildiyini, Kür çayının su ehtiyatlarının səmərəli istifadə edilməsi üçün təklif edilən kompüter modelinin Mingəçevir su anbarının timsalında reallaşdırıldığını dilə gətirdi.
Onun sözlərinə görə, dissertasiya işi yerinə yetirilərkən avtomatik idarəetmə, xəritəçəkmə, optimal idarəetmə, hidromexanika nəzəriyyələri, o cümlədən kartoqrafik informasiyaların yığılma metodları, eksperimental və ədədi üsullar, müasir coğrafi informasiya texnologiyaları və digər metodlardan istifadə olunmuşdur.
İşin elmi-praktiki əhəmiyyətini vurğulayan məruzəçi çayların su ehtiyatlarının səmərəli istifadəsinin əsas prinsiplərini qeyd etdi. O, həmçinin müasir GİS (Coğrafi İnformasiya Sistemləri) texnologiyalarının nailiyyətləri nəzərə alınmaqla çayın su balansının proqnozlaşdırma alqoritminin işlənildiyini diqqətə çatdırdı.
Təqdimatdan sonra iddiaçı alim və mütəxəssislərin suallarını cavablandırdı.
Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktorları Rəşid Ələkbərov, Ramiz Şıxəliyev və Bikəs Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri dissertasiya işinin aktuallıq baxımından müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
Sonra rəyçilər - texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova mövzunun aktuallığını önə çəkərək, irad və təkliflərini səsləndirdilər.
Sonda dissertasiya işinin növbəti mərhələyə buraxılması qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.