Kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

19 Sentyabr 2025 - 10:37 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının elmi seminarının iclası keçirilib.

İclasın sədri, texnika elmləri doktoru, professor Mütəllim Mütəllimov tədbiri giriş sözü ilə açaraq, seminarın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın texnika elmləri doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu qeyd edib.

L.Suxostat dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin kiberhücumların və sistem nasazlıqlarının aşkarlanması ilə böyük verilənlərin intellektual təhlili əsasında kiberfiziki sistemlərin kiberdayanıqlığın və informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsi olduğunu bildirib.

İddiaçı dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını bildirib. Məruzəçinin sözlərinə görə, dissertasiya işi çərçivəsində kiberfiziki sistemlərin kiberdayanıqlığın müasir vəziyyətinin analizi və problemləri müəyyənləşdirilmiş, sistemin kiberdayanıqlığını təmin etmək üçün konseptual model təklif edilmişdir.

O, həmçinin kiberfiziki sistemlərdə böyük verilənlərin intellektual analizi üçün işlənilmiş metod və alqoritmləri diqqətə çatdırıb, əldə olunmuş nəticələri eksperimentlər əsasında təqdim edib. Məruzəçi qeyd edib ki, ekstremal maşın təlimindən istifadə etməklə kiberfiziki sistemlərə kiberhücumların klassifikasiyası metodu, klassifikatorlar ansamblından istifadə etməklə DoS hücumlarının aşkarlanması metodu, kiberhücumlarda vizual təsvirlərə əsaslanan zərərli proqram təminatının aşkarlanması alqoritmi işlənmişdir. L.Suxostat işdə iyerarxik gizli Markov modelləri əsasında kiberfiziki sistemlərin əməliyyat texnologiyalarında anomaliyaların aşkarlanması metodu, kiberfiziki sistemlərin cihazlarında vizual təsvirlərə əsaslanan nasazlıqlarının təsnifat metodunun işlənildiyini və kiberfiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün bir sıra metodların təklif olunduğunu da vurğulayıb.

Sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika elmləri doktoru, professor Cavanşir Məmmədov, texnika elmləri doktoru, professor Lətafət Qardaşova və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova çıxış edərək dissertasiya işinin əhəmiyyətini önə çəkiblər. Dissertasiya işində təklif edilən riyazi modellər, metod və alqoritmlərin iddiaçının müasir elmi tədqiqat vasitələrinə yiyələnmiş tədqiqatçılıq bacarığını təsdiqlədiyini qeyd ediblər. Rəyçilər işdə əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu, nəzəri və praktiki cəhətdən böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər, kompleks məsələlərin uğurla həll edildiyini vurğulayıblar. İddiaçının “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsini almağa layiq olduğunu söyləyiblər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırıblar.

Sonra iddiaçı ona ünvanlanan sualları cavablandırıb.

Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən texnika elmləri doktoru, professor Mütəllim Mütəllimov, texnika elmləri doktoru, dosent Asif Rzayev, texnika elmləri doktoru, dosent Fəhrad Paşayev, texnika elmləri doktoru, professor Cavanşir Məmmədov, texnika elmləri doktoru, professor Lətafət Qardaşova, texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova iddiaçının yerinə yetirdiyi dissertasiya işinin tamamlanmış iş olduğunu bildiriblər, irad və tövsiyələr nəzərə alınmaqla elmi-tədqiqat işinin müdafiəyə təqdim olunmasını tövsiyə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.