Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün yeni yanaşmalar işlənilib

09 İyun 2025 - 17:00 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirilib.

Dissertasiya işini təqdim edən institutun baş mütəxəssisi Tamilla Bayramova işin məqsədi, aktuallığı, qarşıya qoyulmuş məsələlər, tədqiqatın obyekti, predmeti və metodları barədə məlumat verib. Məruzəçi bildirib ki, kritik sistemlərdə proqram sisteminin imtinası böyük məbləğdə iqtisadi itkilərlə yanaşı, insan tələfatı, ekoloji fəlakət və cəmiyyətdə sosial partlayışlara səbəb ola bilər. Böyük verilənlərin analizi və emalı üçün keyfiyyətsiz proqram kodunun tətbiqi səhv elmi nəticələrin, biznes həllərin və ya digər vacib qərarların qəbul edilməsinə səbəb olaraq, böyük problemlər yarada bilər. Tədqiqatçı iqlim dəyişikliyi ilə əlaqədar yaşıl proqramlaşdırmaya keçidin alqoritmlərin optimallaşdırılmasına, enerjiyə qənaət edən proqramlaşdırma dilləri və infrastrukturun seçilməsinə tələbatı artırdığını diqqətə çatdırıb. Əlavə edib ki, proqram sistemlərinin mürəkkəbliyinin artması xəta və imtinaların ehtimalını artırır və etibarlılığı azaldır.

O, proqram sistemlərinin işində xətalar haqqında xəbərdarlıq edən, onların qarşısının alınmasını təmin edən, imtinaların yaranması zamanı proqramın fəaliyyətini davam etdirməyə imkan verən intellektual metod və alqoritmlərin işlənməsinin aktual problemlərdən olduğunu vurğulayıb.

Məruzəçi  bildirib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda öz əksini tapmış proqram mühəndisliyi və sistemləri problemlərindən irəli gələn məsələlər dissertasiya işinin aktuallığını şərtləndirir.

Tədqiqatçı dissertasiya işinin məqsədinin proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün proqram kodunun mürəkkəbliyinin hesablanması, xətaların aşkar edilməsi, aradan qaldırılması, imtinaların proqnozlaşdırılması, səhvlərə qarşı dayanıqlığın təmin edilməsi və etibarlılığın qiymətləndirilməsi üçün yeni yanaşmaların, metod və alqoritmlərin işlənməsindən ibarət olduğunu qeyd edib.

T.Bayramova tədqiqat işində qarşıya qoyulmuş proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün konseptual modelin, proqram təminatının mürəkkəbliyinin hesablanması və proqram sistemlərində xətalı modulların aşkar edilməsi üçün metodun, proqram sisteminin etibarlılığına təsir edən subyektiv faktorların analizi və onların aradan qaldırılması üçün metodun, proqram sistemlərinin xətalara qarşı dayanıqlığının təmin edilməsi üçün konseptual modelin, proqram sistemində imtinaların proqnozlaşdırılması üçün metodun, o cümlədən proqram sistemlərinin etibarlılığının bəzi göstəricilər əsasında proqnozlaşdırılması üçün metod və alqoritmin işlənməsi kimi elmi-nəzəri və praktiki məsələlərin həlli haqqında məlumat verib.

T.Bayramova qeyd edib ki, dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələri 2-si Web of Science, 5-i Scopus elmi bazasında olmaqla, ümumilikdə 10 məqalə, 8 konfrans materialı və 1 kitabda öz əksini tapmışdır.

Sonra dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparılıb, əldə olunan elmi-nəzəri nəticələrlə bağlı təklif və tövsiyələr səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Sonra dissertasiya işinə dair təyin olunmuş rəyçilər – institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova çıxış edərək dissertasiya işinin aktuallığını önə çəkiblər. Əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu, kompleks məsələlərin uğurla həll edildiyini vurğulayaraq iddiaçının 1203.01 – Kompüter elmləri  (Texnika elmləri) ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu söyləyiblər, eləcə də irad, təklif və tövsiyələrini səsləndiriblər.

Sonra iddiaçı irad, rəy və təkliflərə öz münasibətini bildirib.

Daha sonra dissertasiya işinə dair müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent  Fərqanə Abdullayeva, texnika üzrə fəlsəfə doktoru, dosent  Firudin Ağayev və digərləri aktual elmi problemlərə həsr olunmuş dissertasiya işində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu, elmi yeniliklərin və mühüm elmi-nəzəri nəticələrin əldə olunduğunu bildiriblər.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək proqram sistemlərinin etibarlılığının qiymətləndirilməsi ilə bağlı tədqiqatların aparılmasının dövrün tələbi olduğunu qeyd edib. Alim dövlət tərəfindən proqram mühəndisliyinin inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını deyib, bu istiqamətdə magistr səviyyəsində kadrların yetişdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Akademik R.Əliquliyev mövzunun aktuallığını önə çəkərək proqram sistemlərinin dayanıqlığı və etibarlılığının yüksəldilməsi istiqamətində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Dissertasiya işinin tamamlanmış iş olduğunu qeyd edib və işinin müdafiəyə təqdim olunmasını tövsiyə edib.

Dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov çıxış edərək iddiaçının yerinə yetirdiyi tədqiqatın elmi yeniliyə malik olduğunu bildirib. T. Kazımov tədqiqatın ölkəmizdə proqram mühəndisliyi sahəsində ilk dissertasiya işi kimi böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd edib.

Daha sonra səsvermə keçirilib və dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.