İnstitutda Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirildi

30 Noyabr 2022 - 17:47 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirildi.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev 1988-ci ildən etibarən dünya miqyasında qeyd edilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı meydana çıxan müxtəlif təhlükələrə qarşı beynəlxalq səviyyədə mübarizə aparmaq məqsədilə müəyyən hüquqi, texnoloji və digər istiqamətlər üzrə kompleks tədbirlərin görülməsi, kadr hazırlığı, beynəlxalq təşkilatların diqqətinin mövcud problemlərə cəlb edilməsi, yeni baxışların ortaya qoyulması tələbi meydana çıxmışdır.

Alim informasiya təhlükəsizliyinin təmin olunması məsələlərinin hər bir dövlətin milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biri kimi strateji əhəmiyyətə malik olduğunu söylədi. Qabaqcıl texnologiyaların cəmiyyətin bütün sferalarında geniş tətbiqi fonunda onların insan cəmiyyətinə, müəyyən infrastrukturlara, texnoloji sistemlərə, müxtəlif sənaye obyektlərinə böyük təhlükələr yaratdığını və bu təhlükələrin lokal deyil, qlobal xarakter daşıdığını nəzərə çatdırdı.

R.Əliquliyev son zamanlar dünyada gedən proseslər, hibrid müharibələr, kiber müharibələr, informasiya müharibələri, texnoloji müharibə, çip müharibələri, “yaşıl cəmiyyət”in formalaşması, iqlim dəyişikliyi, təbii fəlakətlər, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, ekoloji təhlükəsizlik və s. kimi qlobal problemlər kontekstində elmi cəmiyyətin nümayəndələri tərəfindən Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün əsas prioritetlərinin faktiki olaraq müəyyənləşdirildiyini qeyd etdi. Bildirdi ki, kibertəhlükəsizlik sahəsində uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması, onların İnternetdə zərərli kontentdən qorunması, kibertəhlükəsizlik mədəniyyətinin formalaşması və s. kimi bir sıra ciddi problemlər mövcuddur.

AMEA-nın vitse-prezidenti bu problemlər sırasında kiberdayanıqlılıq məsələlərinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Onun sözlərinə görə, informasiya resurslarının təhlükəsizliyi ilə yanaşı, texnoloji sistemlərin, kritik infrastrukturların, nəqliyyat infrastrukturunun, enerji sitemlərinin, “ağıllı şəhər”lərin, bir sözlə sensorlara əsaslanan bütün texnologiyaların kiberdayanıqlılığı dedikdə, təhlükələrin mahiyyəti, növü və mənbəyindən asılı olmayaraq, müvafiq texnologiyaların funksionallığını təmin etmək üçün kompleks təhlükələrə qarşı mübarizəni özündə əks etdirən yeni bir anlayış nəzərdə tutulur. İstər iqtisadi, istər sosioloji, istərsə də texnoloji sistemlərin, bütövlükdə cəmiyyətin kiberdayanıqlılıqla bağlı kompleks problemləri mövcuddur ki, artıq institutda aparılan elmi tədqiqatlarda bu mövzuya xüsusi diqqət yetirilir, gələcək üçün yeni vəzifələr müəyyənləşdirilir, müvafiq sahədə kadr hazırlığı məsələləri diqqət mərkəzində saxlanılır.

Azərbaycanda da informasiya təhlükəsizliyi problemləri və onların həllinə böyük həssaslıqla yanaşıldığını qeyd edən akademik ölkədə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirildiyini nəzərə çatdırdı.

Akademik R.Əliquliyev ölkəmizin milli təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həllində alim və ziyalıların fəal iştirakının zəruriliyini vurğuladı. Qeyd etdi ki, müvafiq sahənin alimləri IV Sənaye İnqilabının çağırışlarını rəhbər tutaraq, informasiya təhlükəsizliyinin prioritet istiqamətlərində əsaslı tədqiqatlar aparmalı, mövcud problemlərin həlli üçün bütün imkanlarını səfərbər etməlidirlər.

Sonra seminarda AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və böyük elmi işçi Könül Daşdəmirova “Regional, milli, korporativ və təşkilati səviyyədə kibertəhlükələrin süni intellekt texnologiyaları əsasında strateji, taktiki və əməli analiz olunmasının tədqiqi”, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “Kritik sistemlərin kiberdayanıqlılığının təmin edilməsində rəqəmsal əkiz texnologiyasının rolu”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Smart bulud sistemlərinin kiberdayanıqlılığı məsələləri”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Kiber-fiziki sistemlərin çatışmazlıqları və kiberdayanıqlılığın qiymətləndirilməsi”, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Ağıllı şəhər” mühitinin kiberdayanıqlılığının artırılması üçün kiberhücumların təhlili” və şöbə müdiri Rasim Mahmudov “Rəqəmsal iqtisadiyyatın kiberdayanıqlılığının təmin olunması problemləri” mövzusuna dair çıxış etdilər.

Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı, hər bir çıxışa dair geniş fikir mübadiləsi aparıldı. R.Əliquliyev məruzəçilərə təqdim etdikləri mövzularla bağlı tədqiqatlarını inkişaf etdirmələri ilə bağlı tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.