Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər İnformasiya Texnologiyaları İnstitutunun qonağı oldu

06 May 2022 - 12:10 | Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, ABŞ-ın nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü, Yaponiyanın “Global Optical Solutions” (Beynəlxalq Optik Həllər) şirkətinin baş tədqiqatçısı, elektronika mühəndisi, fizika elmləri doktoru, LCD monitorun əsas yaradıcılarından olan professor Xəlil Kələntər ilə görüş keçirildi. Qonağı Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədr müavini, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev müşayiət edirdi.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, icraçı direktor, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, baş mühəndis Şakir Mehdiyev, şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak edirdilər.

Akademik Rasim Əliquliyev qonaqları institutun kollektivi adından salamlayaraq Xəlil Kələntərin Azərbaycanı Yaponiyada layiqincə təmsil etdiyini, Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti bütün dünyada təbliğ etdiyini, elmi nailiyyətləri ilə ölkəmizin qürur mənbəyinə çevrildiyini diqqətə çatdırdı. Aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən professorun əsl ziyalı, dünya Azərbaycanlılarının ən layiqli nümayəndələrindən olduğunu vurğuladı.

R.Əliquliyev qonaqlara institutun əsas fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, kadr potensialı, texnoloji təchizatı, beynəlxalq əlaqələri və s. haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, rəhbərlik etdiyi elmi qurumda e-dövlətin nəzəri əsasları, bulud texnologiyaları, süni intellekt texnologiyaları, e-tibb, e-demoqrafiya, Big Data, Text Mining, İnternetdə və kiber-fiziki sistemlərdə kibertəhlükəsizlik problemləri, Elm 4.0, Sənaye 4.0, Əşyaların İnterneti və s. kimi müxtəlif aktual elmi problemlər üzrə əsaslı tədqiqatlar aparılır. İnstitut ölkə başçısının qəbul etdiyi proqramların, müvafiq sahələrdə dövlət siyasətinin həyata keçirilməsində və bir sıra mühüm layihələrin hazırlanmasında yaxından iştirak edir.

İnstitut direktoru Azərbaycan elmi və təhsilinin Avropa mühitinə inteqrasiyasının təmin edilməsində virtual körpü rolunu oynayan AzScienceNet elm-kompüter şəbəkəsi, eləcə də magistratura pilləsi, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə fəaliyyət göstərən Dissertasiya şurası haqqında da məlumat verdi.

Alim informasiya əsrində əldə olunan mühüm elmi nailiyyətlərin, görkəmli Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələrin, eləcə də, yeni elmi istiqamətlərin təbliğ edilməsinin vacibliyindən, elmi biliklərin populyarlaşdırılmasında KİV-in rolundan söz açdı. Jurnalistikanın mühüm sahələrindən biri olan elmi jurnalistikanın inkişafının, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətini vurğuladı.

“Elmi biliyin fəlsəfi mahiyyəti, sosial təyinatı və əhəmiyyətini düzgün anlayan, cəmiyyətlə elm adamları arasında əlaqə yaradan peşəkar ixtisaslaşmış jurnalistlərin hazırlanmasına böyük ehtiyac vardır. Bu istiqamətdə zəruri biliklərin öyrədilməsi məqsədilə xüsusi fakültələr və ixtisaslar yaradılmalıdır”, – deyə akademik bildirdi. Elmi məqalə və xəbərlərin populyar dildə hazırlanmasında jurnalistlərin üzərinə düşən vəzifələri xüsusilə qeyd etdi.

Sonra çıxış edən professor Xəlil Kələntər elektronika mühəndisliyi, yeni nəsil ekranlarının yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində 3 kitabın, 130-dan artıq elmi məqalənin müəllifi olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, dünyada ilk dəfə olaraq, məişətimizə daxil olan LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarını yaratmış, dünyanın aparıcı universitetlərində bu mövzuda mühazirələrlə çıxış etmişdir.

40 ilə yaxın Yaponiyada fəaliyyət göstərən alim 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışdığını bildirdi, dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratdığını söylədi. Əlavə etdi ki, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülmüşdür. “SID” üzrə 2011-ci ildə keçirilmiş konfransda “Ən yaxşı məqalə” mükafatını almışdır. “SID” Cəmiyyəti proqram komitəsinin üzvüdür. Bundan əlavə, “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru kimi fəaliyyət göstərir və displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsində də təmsil olunur.

Professor Xəlil Kələntər göstərilən qonaqpərvərliyə görə institut rəhbərliyinə minnətdarlığını bildirdi, bu elmi qurumun fəaliyyətini yüksək qiymətləndirdiyini nəzərə çatdırdı. O, Azərbaycanın son illər yüksək texnologiyalar sahəsində qazandığı uğurları diqqətlə izlədiyini qeyd etdi, alimlərimizin yaponiyalı həmkarları ilə əlaqələrini daha da inkişaf etdirmələrini arzuladığını və bu məsələdə dəstək göstərməyə hər zaman hazır olduğunu vurğuladı.

Daha sonra Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədr müavini, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev çıxış edərək Azərbaycan-Yaponiya əlaqələri, Azərbaycan diasporunun Yaponiyadakı fəaliyyəti barədə ətraflı məlumat verdi, həmyerlilərimizin bu ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini bildirdi.

Görüş çərçivəsində gələcəkdə iki ölkə arasında elmi əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, Azərbaycan gənclərinin Yaponiyada təhsil alması istiqamətində zəruri addımların atılması və digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.