Proqram təminatının etibarlılıq modellərinin analizi aparılıb

27 Aprel 2022 - 09:24 | Konfranslar, İclaslar
Proqram təminatının etibarlılıq modellərinin analizi aparılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 7 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib.

Öncə şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov çıxış edərək seminarın “Proqram təminatının etibarlılıq modellərinin analizi” mövzusuna həsr olunduğunu bildirib.

Məruzəni təqdim edən institutun baş mütəxəssisi Tamilla Bayramova müasir proqram komplekslərinin mürəkkəbliyi, ölçüləri və yerinə yetirdikləri funksiyalardan söz açıb. Bildirib ki, bu komplekslər nəqliyyat, maliyyə, təhsil, səhiyyə, hüquqi, hərbi, biznes sektorlarında və digər sahələrdə tətbiq edilir. Məruzəçinin sözlərinə görə, proqram təminatının funksiyalarının, ölçüsünün və qiymətinin artması ilə yanaşı, proqram mühəndisliyini dəstəkləyən metodlar, modellər, alətlər, metrikalar da inkişaf edir.

O, proqram təminatının keyfiyyətini tənzimləyən standartlar haqqında məlumat verib, bu standartlara əsasən proqram təminatının keyfiyyətinin əsas aspektlərindən bəhs edib.

T.Bayramova bildirib ki, proqram təminatının keyfiyyətinin əsas xarakteristikalarından olan etibarlılıq xüsusiyyəti proqram məhsulunun verilən şəraitdə və verilən vaxt müddətində müəyyən funksiyaları kifayət qədər böyük dəqiqliklə yerinə yetirə bilmək qabiliyyətidir. O, əlavə edib ki, etibarlılığın ölçülməsi və proqnozlaşdırılması istənilən proqram təminatının ömrünü uzatmağa kömək edir. 

Məruzəçi, həmçinin proqram təminatının etibarlılığına təsir edən əsas faktorlardan danışıb, etibarlılığın qiymətləndirilməsinin klassik modellərində qiymətləndirmənin aparıldığı parametrlər haqqında məlumat verib, eləcə də etibarlılıq modellərinin Goel klassifikasiyasını diqqətə çatdırıb. Qeyd edib ki, proqramların təhlükəsizliyini və etibarlılığını təmin etmək məqsədilə süni intellekt, neyron şəbəkələr, dərin öyrənmə və s. texnologiyaların tətbiqi ilə etibarlılıq modellərinin işlənilməsi aktual problemlərdən biridir.

“Son illərdə etibarlılıq modellərində ən çox istifadə edilən texnologiya neyron şəbəkələr və qeyri-səlis məntiqdir”, - deyə bildirən T.Bayramova genetik alqoritmlər, genetik proqramlaşdırma, süni arı sürüsü alqoritmi, ququ quşu alqoritminin tətbiqi ilə də modellərin işlənildiyini vurğulayıb.

Onun sözlərinə görə, qeyd olunan intellektual vasitələrdən istifadə etməklə proqram kodunda olan səhvlərin klassifikasiya və klasterizasiyası, risklərin qiymətləndirilməsi, vəziyyətin monitorinqinin aparılması, hadisələrin inkişafının modelləşdirilməsi və proqnozlaşdırılması, qeyri-müəyyənlik hallarında vəziyyətə uyğun qərarların qəbul edilməsi kimi məsələləri həll etmək mümkündür.

“Proqram təminatının qiymətləndirilməsində istifadə edilən hər bir model müxtəlif proqnozlaşdırma və qiymətləndirmə qabiliyyətinə malikdir”, - deyən məruzəçi  əlavə edib ki, bu modellərin birgə tətbiqi daha səmərəli nəticələr almağa imkan verir.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb. Müzakirələrdə iştirak edən institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, institutun baş elmi işçisi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və digərləri məruzəyə dair təklif və tövsiyələrini səsləndiriblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.