Akademik Rasim Əliquliyev: “Elmi seminarlar tədqiqat nəticələrinin intellektual platforma çərçivəsində müzakirəsinə imkan verir”

02 Fevral 2022 - 13:17 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarının iclasında fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan dissertantların tədqiqat işlərinin monitorinqi aparıldı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bu kimi seminarların keçirilməsinin əsas məqsədinin aktual elmi istiqamətlərdə aparılan tədqiqatlar üzrə alınan nəticələrin intellektual platforma çərçivəsində müzakirəsi, eləcə də doktorant və dissertantlara dissertasiya işlərinə dair zəruri dəstəyin göstərilməsindən ibarət olduğunu vurğuladı.

Öncə institutun baş mütəxəssisi dissertant Sabirə Ocaqverdiyeva “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün model və metodların  işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi.

Mövzunun aktuallığından bəhs edən S.Ocaqverdiyeva bildirdi ki, hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatları və təhlükəsizlik sistemlərinin mövcud olmasına və əksər ölkələrdə milli səviyyədə müxtəlif tədbirlər görülməsinə baxmayaraq virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha etibarlı proqram vasitələri və mexanizmlərinin yaradılmasına böyük ehtiyac var.

S.Ocaqverdiyeva dissertasiya işinin məqsədinin İnternet mühitində uşaqların informasiya təhlükəsizliyinin təmin olunması üçün model və metodların işlənilməsi olduğunu bildirdi. O,  giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan dissertasiya işi çərçivəsində 12 məqalə, 15 tezis və 2 ekspres-informasiyanın çap olunduğunu diqqətə çatdırdı.

Mövzuya dair çıxış edən akademik Rasim Əliquliyev tədbirdə qeyd olunan təkliflər nəzərə alınmaqla dissertasiya işi üzrə aparılan tədqiqatların intensivləşdirilərək yaxın zamanda müdafiə üçün təqdim olunmasını tövsiyə etdi.

Sonra institutun baş mütəxəssisi, dissertant Tamilla Bayramova “İdarəetmə sisteminin təhlükəsizliyini təmin edən proqram təminatlarının etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinə dair alınmış nəticələr barədə məlumat verdi.

“Yüksək keyfiyyətli və sifarişçi tələblərinə cavab verən proqram məhsullarının işlənilməsi və onlara olan tələbat elə bir inkişaf səviyyəsinə çatmışdır ki, bu məhsulların etibarlılığını təmin etmək üçün proqram mühəndisliyində yeni metod və alqoritmlərin tətbiqinə ehtiyac yaranmışdır”, - deyə T.Bayramova qeyd etdi. İddiaçı dissertasiya işinin məqsədinin yüksək keyfiyyətli və sifarişçi tələblərinə cavab verən proqram məhsullarının etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi olduğunu diqqətə çatdırdı.

T.Bayramova tədqiqat işində qoyulmuş məsələlərdən bəhs etdi, həmçinin dissertasiya işinin giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, tədqiqata dair 8 məqalə, 11 tezisin nəşr olunduğunu söylədi.

Akademik Rasim Əliquliyev tədqiqat işində ümumnəzəri problemlərə daha çox yer ayrılmasının vacibliyinə toxunaraq tətbiq sahəsindən asılı olmayaraq proqram sistemlərinin yaradılması, onun arxitektur və konseptual əsaslarının işlənilməsi və etibarlılığının yüksəldilməsi üçün yeni yanaşmanın irəli sürülməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırdı.

İnstitutun baş direktoru dissertasiya işində proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün süni immun sistemlərin tətbiqi məsələlərinin də öz əksini tapmasının vaciliyinə diqqət çəkdi.

Dissertant Süleyman Süleymanzadə “Obyekt asılılığı olan rollar əsasında internet mühitində informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə apardığı tədqiqatların məqsədi, aktuallığı, qarşıya qoyulmuş məsələlər, dərc olunmuş məqalələr və s. barədə məlumat verdi. Bildirdi ki, işin əsas məqsədi istifadəçi sorğusunda sözlərin mənasını və ardıcıllığını, məlumat mənbələrinin etibarlılığını nəzərə alan, sorğulara relevant və istifadəçiyə adaptiv olan intellektual, miqyaslaşa bilən axtarış sistemlərinin yaradılmasının elmi-nəzəri və metodoloji əsaslarının, model və alqoritmlərin işlənməsidir.

O, mətn və qrafik məlumatlara əsaslanan veb-səhifələrin klassifikasiyası metodlarının və alqoritmlərinin işlənməsi, veb-səhifələrin məzmunlarına əsasən ranqlaşdırılması üçün süni intellekt metod və alqoritmlərinin işlənməsi, sorğuların klasterizasiyası əsasında axtarış sitemlərinin səmərəliliyinin artırılması üsullarının, mətnlərin semantik relevantlığının qiymətləndirilməsi üsullarının və informasiya axtarışında sənədlərin sorğulara relevantlığının ranqlaşdırılması üsulunun işlənilməsi, o cümlədən effektiv informasiya axtarışı üçün sorğu tövsiyə sisteminin qurulması metodlarının və alqoritmlərinin işlənməsinin tədqiqat işində qarşıya qoyulmuş məsələlərdən olduğunu diqqətə çatdırdı.

İddiaçıların dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, bir sıra təkliflər səsləndirildi.

Akademik Rasim Əliquliyev hər bir tədqiqatçıya dissertasiya işlərinə dair tövsiyələrini verdi. Akademik təqdim olunan hər bir mövzu üzrə beynəlxalq təcrübənin araşdırılmasının, dərin elmi tədqiqatların aparılmasının, tədqiqat nəticələrin şöbənin və institutun seminarında müzakirə olunmasının daha səmərəli nəticələrin əldə olunması baxımından vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.