AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi seminarının cari il üzrə ilk onlayn iclası keçirildi. Tədbirdə elmlər doktorluğuna iddialı olan bir qrup şəxsin elmi fəaliyyəti ilə bağlı müzakirələr aparıldı.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək hər bir tədqiqatçının elmi fəaliyyətinin monitorinqinin aparılması, dissertasiya işlərinin müzakirəsi və hesabatların hazırlanmasının vacibliyini vurğuladı: “Seminarın əsas məqsədi institutun tədqiqatçılarının dissertasiya işlərinin vəziyyətini müzakirə etmək, görülmüş işlərlə, məqalələrlə tanış olmaq, qarşıya qoyulmuş məsələlərə bir daha diqqət yetirmək, eləcə də doktorant və dissertantlara elmi fəaliyyətlərində dəstək olmaqdır”.
İnstitutun əsas fəaliyyət istiqamətlərindən birinin də kadr hazırlığı olduğunu söyləyən akademik bu istiqamətdə struktur bölmələrin rəhbərlərini fəallıq nümayiş etdirməyə çağırdı, gənclərlə fəal iş aparmağın, onlara intellektual dəstək göstərməyin zəruriliyini önə çəkdi.
R.Əliquliyev qeyd etdi ki, şöbədaxili və şöbələrarası intellektual müzakirələrin təşkili, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların keyfiyyətinin artırılması son dərəcə vacibdir. Alim və mütəxəssislər bu prosesə töhfə verməli, biliklərini bölüşdürməli, institutun elmi potensialının gücləndirilməsi istiqamətində səylərini birləşdirməlidir.
Akademik fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi fəaliyyətinin müzakirəsinə həsr olunmuş seminarların davam etdiriləcəyini diqqətə çatdırdı.
Sonra institunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev çıxış edərək “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi. O, dissertasiyanın məqsədinin kompüter şəbəkələrinin idarə edilməsi üzrə qərar qəbul edən şəxsə düzgün və əsaslandırılmış qərarların qəbuluna intellektual informasiya dəstəyin verilməsi üçün intellektual texnologiyalara əsaslanan monitorinq metod və modellərinin işlənilməsi olduğunu diqqətə çatdırdı.
Məruzəçi mövzunun aktuallığından bəhs etdi, kompüter şəbəkələrinin idarə edilməsi üzrə düzgün və əsaslandırılmış qərarların qəbulu üçün intellektual informasiya dəstəyinin verilməsinin zəruri olduğunu bildirdi. Onun sözlərinə görə, qeyd olunanları təmin etmək üçün intellektual monitorinq metod və modellərinin işlənilməsi aktual məsələlərdəndir.
R.Şıxəliyev dissertasiyanın giriş, 5 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu dedi. Qeyd etdi ki, kompüter şəbəkələrinin monitorinqi texnologiyasının müasir vəziyyətinin analizi, bu şəbəkələrinin trafikinin intellektual analizi və təsnifatı üçün metodların işlənilməsi, onların monitorinqinin intellektuallaşdırılması üçün modellərin işlənilməsi, o cümlədən təhlükəsizliyinin intellektual monitorinqi metodlarının işlənilməsi və bu şəbəkələrin monitorinqinin optimallaşdırılması, planlaşdırılması və monitorinq qərarlarının qəbulunun intellektual dəstəklənməsi üçün model və metodların işlənilməsi qarşıya qoyulmuş əsas məsələlərdir.
Daha sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “Elektron təhsil mühitinin idarə edilməsi və elmi-nəzəri əsaslarının işlənməsi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər, çap olunmuş və hazırlanma mərhələsində olan məqalələr barədə məlumat verdi. O, işin giriş, 5 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu diqqətə çatdırdı.
Şöbə müdiri son illərdə elektron təhsilin inkişaf etdirilməsi və dünya standartlarının səviyyəsinə çatdırılmasının proritet istiqamətlərdən biri olduğunu qeyd etdi. Bildirdi ki, elektron təhsil daha geniş istifadə auditoriyasına malik olmağa, tədris materialınan istifadə edilməsində minimum xərclər sərf etməyə, müxtəlif məkanda olan mütəxəssislərlə istənilən zaman anında telekommunikasiya imkanları vasitəsilə əlaqə yaratmağa imkan verir.
F.Ağayev dissertasiya işinin əsas məqsədinin elektron təhsilin didaktik və metodoloji əsaslarının işlənməsi, resurslarının qiymətləndirilməsi və optimal idarə edilməsi, elektron təhsil mühitinin arxitekturasının yaradılmasından ibarət olduğunu bildirdi.
“E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi” mövzusunda dissertasiya işi barədə məlumatı şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov təqdim etdi.
Onun sözlərinə görə, Industry 4.0 platformasında e-dövlət formalaşdırılması problemləri, e-dövlət və rəqəmsal transformasiyalar, e-dövlət layihələrinin icrası zamanı sistemlərin müxtəlif platformalarda olması, yaradılan sistemlərin inteqrasiyası problemləri və səmərəli idarəetmə mexanizmlərinin və “Vahid pəncərə” prinsipinin olmaması, eləcə də informasiya təhlükəsizliyi və fərdi məlumatlara qorunması, e-dövlətin ölçülməsi və rəqəmsal fərqlilik problemləri və s. mövzunun aktuallığını şərtləndirən əsas amillərdir.
F.Yusifov əlavə etdi ki, tədqiqat işinin əsas məqsədi e-dövlətin effektli idarəetmə edilməsi, vətəndaş mərkəzli e-xidmətlərin göstərilməsi, vətəndaş məmnuniyyətinin və informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsidir.
Şöbə müdiri giriş, 6 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan dissertasiya işi çərçivəsində 28 məqalə, 27 konfrans materialının çap olunduğunu diqqətə çatdırdı.
Hər bir tədqiqatçının dissertasiya işinə dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, təklif və tövsiyələr səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.