İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ailə Gününə həsr edilmiş elmi seminar keçirilib

09 May 2021 - 15:09 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 may – Beynəlxalq Ailə Gününə həsr edilmiş “Rəqəmsal texnologiyaların sosial inkişaf və ailə rifahına təsiri” mövzusunda elmi seminar keçirilib.

Onlayn tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ailədən kənar cəmiyyətin mövcud olmadığını, informasiya-kommunikasiya texnologiyalarının (İKT), informasiya cəmiyyəti mühitinin müasir ailələr üçün çox vacib faktor olduğunu diqqətə çatdırıb.

Akademik bildirib ki, BMT-nin Baş Assambleyası tərəfindən ilk dəfə 1994-cü ildə Beynəlxalq Ailə Gününün təsis edilməsi, belə bir günün beynəlxalq səviyyədə qeyd olunması bütün dünyada ailə institutlarına qarşı həssaslığın artdığını sübut edir.

Seminarda AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə də iştirak edib. O, öz çıxışında elmi seminarın aktual məsələyə həsr olunduğunu, müasir texnologiyaların ailə münasibətlərində rolu ilə bağlı bu kimi maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Professsor R.Mirzəzadə ailə və İKT ilə bağlı mövcud problemlərin həllinə töhfə vermək məqsədilə müxtəlif sahə tədqiqatçılarının birgə fəaliyyətinin vacibliyini önə çəkib, bu istiqamətdə AMEA alimlərinin üzərinə ciddi vəzifələrin düşdüyünü söyləyib.

Sonra institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Ağıllı” evlərin yaradılması texnologiyaları və onların ailə rifahına təsiri haqqında çıxış edib. M.Həşimov hazırda dünyada yardımçı robotların, müxtəlif “ağıllı” sensorların, süni intellektin tətbiq olunduğu bir çox “ağıllı” ev modellərindən uğurla istifadə olunduğunu bildirib. O, qeyd edib ki, “ağıllı ev” bütün ev alətlərinin (məişət texnikalarının) avtomatik olaraq uzaqdan nəzarət və idarə olunmasına imkan verən texnologiyaya sahib hər hansı ev və ya yaşayış mühitidir. “Ağıllı evdə istifadəçi İnternet vasitəsilə bütün ev cihazlarını asanlıqla izləyə və idarə edə bilər.

Məruzəçi “ağıllı ev”in infrastrukturuna fiziki, İKT və xidmət infrastruktrunun daxil olduğunu diqqətə çatdırıb: “Fiziki infrastruktur məişət texnikası və cihazlar, elektrik təchizatı xətləri, su təchizatı sistemi daxil olmaqla “ağıllı ev”in fiziki quruluşudur. Fiziki infrastruktur ümumiyyətlə “ağıllı” evlərin ağıllı olmayan hissəsidir. İKT infrastrukturu “ağıllı ev”in əsas ağıllı hissəsidir və onun “sinir mərkəzi” rolunu oynayır. Xidmət infrastrukturu isə İKT komponentləri əsasında fiziki infrastrukturun idarə olunmasıdır”.

M.Həşimov, həmçinin yaşlı və xəstə vətəndaşların sağlamlığı və rifahını təmin etmək üçün bir sıra “ağıllı” nəzarət sistemlərinin mövcud olduğunu deyib. O, kor və ya zəif görən, kar və ya zəif eşidən, hərəkət funksiyalarını itirən insanlar üçün “ağıllı” nəzarət sistemlərinin faydaları haqqında da məlumat verib.

“Videotəsvirlərin ailə təhlükəsizliyinin qorunmasında tətbiqi imkanları və perspektivləri” mövzusunda məruzəni institutun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova təqdim edib. Məruzəçi problemin aktuallığından söz açaraq bildirib ki, e-dövlətin səmərəli idarə olunması, ölkədə sosial-iqtisadi inkişafın və sabitliyin təmini üçün cəmiyyətdə baş verən demoqrafik proseslərin və ailə münasibətlərin analizi mühüm məsələlərdəndir.

Məruzəçi İKT-nin inkişaf etdiyi, süni intellekt və Əşyaların İnternetinin insanların gündəlik həyatlarına daxil olduğu müasir dövrdə vətəndaşların, ilk növbədə uşaqların, yaşlı və xəstə insanların təhlükəsizliyini təmin etmək üçün intellektual analiz metodları ilə təchiz olunmuş qurğulardan istifadənin daha məqsədəuyğun olduğunu nəzərə çatdırıb.

İ.Ələkbərova ailə və digər sosial münasibətlərin aşkarlanması üçün videotəsvirlərin intellektual analizi sisteminin ümumi arxitektur sxemini təqdim edib və videotəsvirlərin analizi əsasında ailə təhlükəsizliyinin təmini üçün fərdi məlumatlar bazasından istifadə etməklə məsələnin mərhələli həlli metodundan istifadənin əhəmiyyətindən də danışıb.

İnstitutun baş mütəxəssisi Oqtay Ələkbərov “ağıllı” qurğuların ailə sağlamlığının qorunmasında istifadəsi imkanlarından söz açıb. “Ağıllı” cihazların insan həyatının bütün sferalarında istifadə olunduğunu deyən məruzəçi bu cihazların elektron tibbdə tətbiqi, onların iş prinsipi və üstünlükləri ilə bağlı məlumat verib. “Ağıllı” qurğuların bir qisminin insanlara stasionar vəziyyətdə öz sağlamlıqlarına nəzarət etməyə imkan verdiyini söyləyib.

O.Ələkbərov “ağıllı” tibbi qurğulara misal olaraq “CardioQvark” cihazı haqqında danışıb. Bildirib ki, bu cihaz ürəkdə baş verən bütün dəyişiklikləri EPİC (Elektrik impulsları ölçən inteqral mikrosxemler) texnologiyası ilə ölçür. Bu mobil kardioqraf xəstəxanalarda istifadə olunan kardioqraflarla eyni dəqiqliyə malikdir.

“Propeller” cihazı haqqında məlumat verən məruzəçi qeyd edib ki, qurğu astma xəstələrinin xəstəlik dinamikasını analiz etmək və baş verə biləcək  riskli halları təyin etmək üçün istifadə olunur.

““Tricella Pillbox” isə ağıllı dərman qutusudur”, - deyən O.Ələkbərov bu qurğu vasitəsilə hər bir dərmanın istifadə zamanı çatanda  pasiyentin mobil qurğusuna, eyni zamanda dərmanlardan pasiyentin istifadə edib-etməməsi barədə onun həkiminə də bildiriş göndərildiyini diqqətə çatdırıb.

Pilotsuz uçuş aparatlarının (PUA) bəzi tətbiqləri və onların sosial inkişafa təsiri haqqında danışan institutun doktorantı Orxan Vəlixanlı PUA-ların tətbiq sahələri haqqında ümumi məlumat verib. Tədqiqatçı bu qurğuların elmi araşdırmalarda, səhiyyədə, minalara qarşı mübarizədə, döyüş və kəşfiyyatda, kənd təsərrüfatında, pandemiya ilə mübarizədə və s. kimi sahələrdə geniş istifadə olunuğunu qeyd edib. PUA-ların artıq Azərbaycanda da bir çox sahəyə xüsusi ilə də kənd təsərrüfatına tətbiq edildiyini söyləyib.

Məruzəçi PUA-ların pandemiya dövründə istifadəsi haqqında da məlumat verib. O xüsusi sensorlar ilə təchiz olunmuş PUA-lardan istifadə edilərək insanlarda hərarətin, ürək döyüntüsünün, nəfəsalma tezliyinin və öskürəyin havadan qeydə alına biləcəyini vurğulayıb. Tədqiqatçı pandemiya ilə mübarizədə laboratoriya nümunələrinin götürülməsində və çatdırılmasında, ərazilərin havadan dezinfeksiya olunmasında, ictimai ərazilərə nəzarət edilməsində PUA-lardan geniş istifadə olunduğunu diqqətə çatdırıb.

İnstitutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva uşaqların İnternetdən qorunması texnologiyaları haqqında təqdimatla çıxış edib. O, qeyd edib ki, ailələr və uşaqlar hazırda informasiya texnologiyaların orbitindədirlər. Müasir uşaqlar demək olar ki, rəqəmsal mühitdə böyüyürlər. Bu gün uşaqların rəqəmsal texnologiyalardan istifadəsi adi maus və klaviaturadan istifadə ənənəsindən kənara çıxaraq öz təyinatını dəyişməyə başlamışdır. Onlar kiçik yaşlarından ekranla tanış olurlar. Uşaqların şəbəkəyə daxil olmaları üçün ekrana bir toxunuşları kifayət edir.

Məruzəçinin sözlərinə görə, müasir uşaqların texnologiyaları mənimsəməsi, onların şəbəkəyə olan maraqları, eyni zamanda şəbəkədə qarşılaşdıqları risklər və s. valideynlərinin üzərinə müəyyən məsuliyyətlər qoyur. Valideyn bu yeni tərbiyə aspekti ilə ciddi məşğul olmalı və övladının gözündə müasir valideyn kimi formalaşmalı, rəqəmsal valideyn missiyasını həyata keçirməlidir.

“Rəqəmsal valideyn rəqəmsal cihazlardan istifadəni bacarmalı və onun faydalı-faydasız tərəflərini bilməlidir. Valideyn rəqəmsal texnologiyalardan istifadə zamanı övladları üçün nəyin yaxşı, nəyin pis olduğuna qərar verməlidir”, - deyə o, əlavə edib.

Sonda institutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova virtual mühitin insanların ailə  münasibətlərinə təsiri ilə bağlı fikirlərini bölüşüb. O, İnternet və sosial şəbəkələrin insanların həyatında əvəzsiz rol oynadığını, lakin bu rolun birmənalı olmadığını deyib.  Qeyd edib ki, ailə üzvləri İnternetə aludə olduqca bir-birindən uzaqlaşırlar: Buna görə ailə üzvləri daha çox bir-biri ilə ünsiyyətdə olmalı, müxtəlif mövzularda fikir mübadilələri aparmalıdırlar.  Uşaqlara virtual aləmin müsbət xüsusiyyətlərini izah etməli, onlara doğru yolu göstərməlidirlər.

Məruzələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, çıxışlar ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.