AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev TV1-də “Akademik söhbət” verilişinin qonağı olub. Alim verilişdə Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışı, dövlət başçısının Azərbaycanın alimlərinin qarşısında müəyyənləşdirdiyi yeni vəzifə və prioritetlər, eləcə də, AMEA-nın 80 il ərzində keçdiyi şərəfli inkişaf yolu, əldə etdiyi nailiyyətlər və inkişaf perspektivlərindən danışıb.
Akademik Rasim Əliquliyev dövlət başçısının ölkənin texnoloji inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərək qeyd edib ki, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik istiqamətləri bu gün artıq Azərbaycanın elmi və texnoloji inkişaf strategiyasının əsas prioritetlərinə çevrilmişdir. Alim bu prosesdə alimlərin fəal iştirakının milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıdığını da vurğulayıb.