Qarabağ müharibəsinin başa çatması və atəşkəsin elan olunması ilə bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn toplantısı keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan ordusunun 27 sentyabrdan başlayaraq işğal altında olan torpaqlarımızın azad olunması uğrunda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixdə sülh müqaviləsinin imzalandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırdı. Alim Rəyasət Heyəti və institutun rəhbərliyi adından bütün kollektivi qələbə münasibətilə təbrik etdi.
“Bu, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan ordusunun gücünün göstəricisidir”, - deyən alim müharibə başlayan ilk günlərdən etibarən xalqımızın bir yumruq kimi ölkə Prezidentinin ətrafında birləşərək ordumuza hərtərəfli dəstək göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanın müzəffər ordusu bütün dünyaya öz yenilməzliyi və qəhrəmanlığını nümayiş etdirərək 30 ilə yaxındır ki işğala məruz qalmış torpaqlarımızı azad etmişdir. Bu gün Azərbaycan Respublikasının bayrağı xalqımız üçün qeyrət simvolu olan Şuşada dalğalanır.
“44 gün ərzində hər birimiz Azərbaycan ordusunun hərbi gücünə, əsgərlərimizin qəhrəmanlığına və böyük qələbəyə şahid olduğumuza görə çox xoşbəxtik”, - deyə bildirən alim institutun kollketivi adında vətən uğrunda canından keçərək şəhid olanlara Allahdan rəhmət, yaxınlarına başsağlığı dilədi. Onların Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacağına əminliyini ifadə etdi.
İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək Ali Baş Komandanın qətiyyəti və Azərbaycanın müzəffər ordusunun əzmkarlığı sayəsində Ermənistanın həm hərb, həm də siyasət meydanında məğlub olduğunu bildirdi. İmzalanmış atəşkəs müqaviləsinin Azərbaycanın siyasi maraqlarını təmin etdiyini vurğulayan alim 100 ildən sonra ölkəmizin Naxçıvanla quru əlaqəsinin bərpasının böyük tarixi əhəmiyyətə malik olduğunu söylədi.
İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova öz çıxışında Azərbaycan xalqını hər kəsin çoxdan gözlədiyi möhtəşəm qələbə münasibətilə təbrik etdi. Qeyd etdi ki, 30 il ərzində Azərbaycanın güclü generalları və zabitləri yetişmiş, vətənpərvər bir gənc nəsil formalaşmışdır. Azərbaycan üçün vətən müharibəsi hesab olunan Qarabağ müharibəsində əldə olunan nailiyyətlər bütün dünyaya Azərbaycanın siyasi və hərbi gücünü sübut etmişdir.
Tədbirdə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alquliyev də çıxış etdi. Alim 44 gün ərzində ordumuzun kiçik uğurlardan böyük uğurlara doğru addım-addım irəlilədiyini qeyd edərək qələbə gününü Azərbaycan millətinin qüruru və özünəinamının bərpası günü kimi qiymətləndirdi. Ali Baş Komandanın adının böyük sərkərdələrlə eyni sıralarda dayandığını, tarixə həmişəlik qızıl hərflərlə yazıldığını bildirdi.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev öz çıxışında ərazi bütövlüyümüzün bərpasının Azərbaycan xalqının tarixində ən böyük qələbələrdən biri olduğunu dedi. O, artıq Azərbaycan elminin üzərinə daha böyük vəzifələrin düşdüyünü bildirərək qeyd etdi ki, alim və tədqiqatçılar bundan sonra daha da əzmlə çalışmalı, elmimizin inkişafına töhfələr verməlidir.
İclasda çıxış edən şöbə müdiri Səyyar Abdullayev əldə olunan qələbə ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin də bərpa olunduğunu qeyd etdi: “Belə qısa bir müddət ərzində Qarabağın Azərbaycanın ayrılmaz hissəsinə çevrilməsi dövlət başçısının ardıcıl siyasəti və rəşadətli ordumuzun sayəsində baş verdi. Bu, misli olmayan bir tarixdir”.
İnstitutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev öz çıxışında Azərbaycan ordusunun hər kənd, qəsəbə və rayonu azad etdiyində xalqın böyük sevinc və qürur hisləri keçirdiyini, bu qələbələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu dövlət siyasəti, müasir tələblərə uyğun ordu quruculuğu və çox düzgün diplomatik səylərinin nəticəsində mümkün olduğunu diqqətə çatdırdı.
İclada, həmçinin institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, baş mütəxəssis, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova baş mütəxəssislər Əfruz Qurbanova, Kəmalə Qurbanova və digər əməkdaşlar çıxış edərək Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə hər kəsi təbrik etdilər, şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilədilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.