“EaPEC 2020” konfransına ilkin hazırlıqla bağlı məsələlər müzakirə edilib

06 Noyabr 2019 - 12:30 | Görüşlər

Bu gün AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer, GEANT-ın Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq Qrupunun koordinatoru Laura DurnfordEaPEC 2020” konfransının təşkilat komitəsinin üzvləri, LİTNET-in Marketinq və Kommunikasiya üzrə Koordinatoru Nerinqa Cakvayz və konfransın təşkilatçısı Steffie Bosman ilə görüş keçirib.

Görüşdə, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, elmi katib Mədinə Səidova, şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, institutun 4 saylı şöbəsinin baş mütəxəssisi Tural Mustafayev və digər məsul şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rasim Əliquliyev Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarusiya, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlara alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.

R.Əliquliyev 2020-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”nın  (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) əhəmiyyətindən söz açıb. Akademik EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədi ilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı bu konfransın Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Alim qeyd edib ki, konfransın təşkili, davam edən əməkdaşlıq əlaqələri Azərbaycan elmi ictimaiyyətinin Avropa elmi mühitinə inteqrasiyası üçün yeni imkanlar yaradır.

Konfransın Azərbaycanda keçirilməsinin ölkəmizin alim və mütəxəssisləri üçün geniş imkanlar açdığını qeyd edən R.Əliquliyev rəhbərlik etdiyi qurumun konfransın təşkilində yaxından iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin, GEANT Assosiasiyası və onun xidmətləri, GN4-3 və GN4-3N layihələrinə dair müzakirələr də aparılıb. GEANT-ın 2022-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan GN4-3 və GN4-3N layihələri barədə danışılıb, bu layihələrin dünyanın 42 ölkəsində 39 tərəfdaş təşkilatının olduğu vurğulanıb. Yeni xidmətlərin layihələndirilməsi, əməliyyat xidmətlərinin təmin olunması və beynəlxalq əməkdaşlığın təşkili istiqamətlərinin GN4-3 layihəsinin əsas fəaliyyət istiqamətləri olduğu bildirilib.

Sonda geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.