Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb problemləri müzakirə olunub

30 Oktyabr 2025 - 09:46 | Görüşlər

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda ABŞ-ın Çikaqo Dövlət Universitetinin Sağlamlıq Elmləri və Əczaçılıq Kollecinin professoru Nadeem Fazal ilə görüş keçirilib.

Tədbirdə əvvəlcə akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycanda rəqəmsal tibbin problemləri və prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, müasir dövrdə rəqəmsal səhiyyənin inkişaf etdirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib.  

AMEA-nın vitse-prezidenti institutda rəqəmsal tibb sahəsində həyata keçirilən elmi tədqiqatlardan söz açaraq, bu elmi müəssisənin alim və mütəxəssisləri tərəfindən rəqəmsal tibb, tibbi demoqrafiyanın formalaşması, rəqəmsal tibbdə qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı müəyyən nəticələrin əldə edildiyini nəzərə çatdırıb. Eyni zamanda süni intellekt, data science, təbii dilin emalı, kiberfiziki sistemlər, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası istiqamətində aparılan tədqiqatlar haqqında məlumat verib. 

Müasir dövrdə qlobal çağırışlar kontekstində süni intellektin tibbdə tətbiqi məsələsinin daha da aktuallaşdığını vurğulayan akademik Rasim Əliquliyev ölkəmizdə tibbi informatika, rəqəmsal səhiyyənin formalaşması sahəsində institutsional tədbirlərin görülməsinin, yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini önə çəkib.

Sonra professor Nadeem Fazal çıxış edərək tədbir iştirakçılarına elmi-pedaqoji fəaliyyəti, tədris və tədqiqat sahəsindəki nailiyyətləri haqqında məlumat verib, təhsil prosesinin səmərəliliyinin artırılması, əlçatanlığın və keyfiyyətin yüksəldilməsində innovativ təlim mexanizmlərinin tətbiqindən bəhs edib. Həmçinin mikrobiologiya, immunologiya, fiziologiya və yoluxucu xəstəliklərlə bağlı apardığı tədqiqatlar, bu sahələrdə süni intellekt texnologiyalarının tətbiqi ilə əldə olunan nəticələrdən danışıb.  

Alim “Səhiyyənin gələcəyi: fərdiləşdirilmiş tibb” mövzusunda məruzəsini təqdim edərək müasir dünyada tibb sahəsində gedən proseslərdən söz açıb. O, artıq tibb təhsilinin ənənəvi modellərlə məhdudlaşmadığını, bu sahədə yeni istiqamətlərin formalaşdığını və süni intellekt texnologiyalarının tətbiqinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Gələcəyin həkiminin insan bilikləri ilə süni intellektin imkanlarını birləşdirəcəyi, tibbdə süni intellekt əsaslı yeni diaqnostika imkanlarının formalaşacağı proqnozlaşdırılır. Lakin dəqiq diaqnoz üçün tibbi mütəxəssisin rolu əvəzolunmaz olaraq qalacaq”.

Professor Nadeem Fazal tibbdə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də tibb sahəsində müasir təhsil yanaşmaları və tədris keyfiyyətinin artırılması istiqamətində ABŞ təcrübəsindən də bəhs edib, mövcud problemlər və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Daha sonra tədbirdə tibb təhsilinin məzmununun təkmilləşdirilməsi, yeni dərsliklərin hazırlanması, rəqəmsal səhiyyənin rəqəmsal dövlətə inteqrasiyası və s. kimi aktual məsələlərə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Görüş çərçivəsində Çikaqo Universiteti ilə ikitərəfli əlaqələrin qurulması, kadr və təcrübə mübadiləsinin təşkili, birgə tədqiqatların aparılması, qrant layihələrində iştirak, konfransların, seminarların keçirilməsi, o cümlədən əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.