İnstitutda elmi etikaya dair müzakirələr aparılıb

27 Oktyabr 2025 - 10:21 | Konfranslar, İclaslar
İnstitutda elmi etikaya dair müzakirələr aparılıb

ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Elmi fəaliyyətdə nizam-intizam və elmi etika” mövzusunda məruzə təqdim olunub.

Tədbirdə institutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə çıxış edərək bildirib ki, elmi etika elmi fəaliyyət zamanı tədqiqatçıların və alimlərin riayət etməli olduqları mənəvi və davranış prinsiplərinin məcmusudur. Onun sözlərinə görə, bu prinsiplərə əməl olunması elmi araşdırmaların obyektivliyini və şəffaflığını təmin etməklə yanaşı, elmi cəmiyyətin etibarlılığının qorunmasına xidmət edir.

Məruzəçi elmi fəaliyyətdə etikanın rolu haqqında məlumat verərək məlumatın dürüstlüyü, müəlliflik hüququnun və şərəfinin qorunması, obyektiv resenziya, eləcə də eksperimentlərdə etik normalara riayət olunmasının vacibliyinə toxunub.

Elmi etikanın tarixi inkişaf mərhələlərindən danışan D.Əlizadə amerikalı sosioloq R.Mertonun 1942-ci ildə irəli sürdüyü “Normativ Elmi Etika” modelini xatırladaraq onun “Kommunalizm”, “Universalizm”, “Təmənnasızlıq” və “Tənqidi yanaşma” prinsiplərinin bu gün də aktuallığını qoruduğunu bildirib.

D.Əlizadə XXI əsr elminin etik prioritetləri kimi açıq elm (open science), maraqların toqquşmasından yayınma, etik məsuliyyət və davamlılıq, eləcə də obyektivlik, dürüstlük və şəfafflıq prinsipləri barədə də danışıb.

Məruzəçi qeyd edib ki, plagiatlıq, təkrar nəşr, saxta müəlliflik kimi halların qarşısının alınması, eləcə də ədalətli müəlliflik və düzgün istinad prinsiplərinə riayət edilməsi elmi etikanın əsas tələblərindəndir.

Sonra AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tədqiqatlar zamanı elmi etika tələblərinə riayət olunmasının əhəmiyyətindən danışıb.

Akademik R.Əliquliyev əlavə edib ki, İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətin bütün mərhələlərində etik davranış, intizam və şəffaflıq prinsiplərinə xüsusi önəm verilir. Alim vurğulayıb ki, bu kimi maarifləndirici seminarların keçirilməsi gənc tədqiqatçılarda elmi mədəniyyətin formalaşması və elmi etika prinsiplərinin dərindən dərk olunması baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.