AMEA-nın vitse-prezidenti, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “İnformasiya Təhlükəsizliyi” jurnalına geniş müsahibə verib. Alim müsahibəsində ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində görülən işlər, həyata keçirilən dövlət siyasəti, aparılan tədqiqatlar, eləcə də, süni intellekt texnologiyalarının inkişafı, bu istiqamətdə qarşıda duran vəzifələr və perspektivlərdən söz açıb.
– Hörmətli Rasim müəllim, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Sizcə, hansı sahələrə daha çox diqqət yetirilməlidir?
– Əvvəla qeyd edim ki, Azərbaycanda 20 ildən artıq müddətdir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) müxtəlif sferalarda geniş tətbiq olunur. Vətəndaşlar da öz növbəsində, mobil telefonlar və digər kompüter qurğuları vasitəsilə həm İnternetə qoşulur, həm də onlayn platformada müxtəlif zəruri problemləri həll edirlər. Ona görə də, dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, Azərbaycan da bu istiqamətdə mühüm irəliləyişlər əldə edir. Həm dövlət qurumlarında, həm də biznes və vətəndaş cəmiyyəti sektorlarında informasiya texnologiyaları, virtual reallıqlar, sosial şəbəkələr və mobil telefonlar insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar artıq bu vasitələrdən təkcə gündəlik işlərini asanlaşdırmaq üçün deyil, həm də virtual mühitdə biznes fəaliyyətini həyata keçirmək üçün geniş istifadə edirlər.
Bu səbəbdən rəqəmsal transformasiyalar kontekstində kibertəhlükəsizlik məsələləri günü-gündən aktuallaşır. Məhz bu istiqamətdə həyata keçirilən kompleks işlərə dəstək vermək, onları əlaqələndirmək və tənzimləmək, kiber risklərin və təhlükələrin qarşısını almaq məqsədilə ölkə rəhbərliyi tərəfindən davamlı olaraq milli strategiyalar, dövlət proqramları, fərman və sərəncamlar qəbul olunur. Bu baxımdan, AR Prezidenti İlham Əliyevin “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” haqqında Sərəncamı çox böyük əhəmiyyətə malikdir. Bu sənəd həm dövlət qurumlarının, ali təhsil müəssisələrinin, həm də alim və mütəxəssislərin qarşısına ciddi vəzifələr qoyur.
Əlbəttə, həyata keçirilən bütün kompleks tədbirlər təkcə rəqəmsal texnoloji infrastrukturu deyil, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsini, zəruri normativ-hüquqi sənədlərin qəbulunu və bu istiqamətdə ardıcıl fəaliyyətin həyata keçirilməsini də əhatə edir. Əsas məqsəd ölkəmizdə sosial həyatın bütün sahələrində və xüsusən, müxtəlif texnoloji sferalarda, eləcə də kritik infrastrukturlarda geniş tətbiq olunan rəqəmsal texnologiyalar kontekstində kibertəhlükələrə qarşı mübarizənin və ümumiyyətlə, dövlətin, cəmiyyətin kiberimmunitetinin gücləndirilməsidir. Təsadüfi deyil ki, son dövrlərdə IV Sənaye İnqilabının yaratdığı reallıqlar şəraitində rəqəmsal və süni intellekt texnologiyalarının geniş tətbiqi və inkişafı ölkəmizin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin müsbət nəticələrini artıq müşahidə edirik.
– Qlobal kibertəhlükəsizlik ekosistemində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
– Məlumdur ki, yüksək texnologiyaların ölkəmizə transferi, onların müxtəlif sahələrdə tətbiqi, eyni zamanda bu istiqamətdə tədqiqatların aparılması, yüksəkixtisaslı kadr hazırlığı və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ölkə iqtisadiyyatının yeni iqtisadi sistemə transformasiyasını təmin etməkdə mühüm rol oynayır. Bütün bu addımlar bir-birini tamamlayır və vahid məqsədə, ölkəmizin inkişafına xidmət edir.
Əsas məqsəd qlobal mühitdə, həmçinin virtual məkanda dövlətimizin təhlükəsizliyinin ən mühüm komponentlərindən biri kimi kibertəhlükəsizliyin təmin olunması, vətəndaşların hüquqlarının, şərəf və ləyaqətinin qorunması, cəmiyyətdə stabilliyin təmin olunmasıdır.
Ümumiyyətlə, qlobal səviyyədə kibertəhlükəsizlik ekosistemindən danışmaq hələ tezdir. Bu sahədə fəaliyyət göstərən qurumların konseptual çağırışları, bəzi baxışları olsa da, beynəlxalq hüquqi münasibətlər hələ formalaşmaqdadır. Bəzi hallarda qəbul edilmiş qərarlar, konvensiyalar deklarativ və ümumi xarakter daşıyır. Beynəlxalq səviyyədə hüquqi tənzimləyici, zəruri hallarda məhdudlaşdırıcı, yaxud məsuliyyətə cəlbetmə mexanizmləri, demək olar ki, mövcud deyil. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri vardır, çünki maraqlar, məqsədlər müxtəlifdir. Eyni zamanda, fərqli ölkələr, xalqlar və dinlər, min illərdən bəri baş verən müharibələr, ziddiyyətli münasibətlər bu prosesə neqativ təsir göstərir, kibertəhlükələr üçün münbit şərait yaradır. Elə müasir dövrdə meydana gələn kibertəhlükələrin mənbəyi də real həyatda qlobal, milli və korporativ səviyyələrdə mövcud olan müxtəlif mənşəli və xarakterli rəqabətdən, mədəniyyətlərarası və dinlərarası ziddiyyətlərdən qaynaqlanır, yəni maraqlar toqquşur. Bu ziddiyyətlər bəzən daha da dərinləşir, ölkələr və transmilli şirkətlər arasında hibrid müharibələrin tərkib hissəsinə, lokomotivinə çevrilir.
Ölkəmizdə isə konstitutsion platformada vahid hüquqi sistem mövcud olduğundan, həm elmi nailiyyətlərə, həm də beynəlxalq təcrübəyə əsaslanan, müasir tələblərə cavab verən etibarlı, dayanıqlı milli kibertəhlükəsizlik ekosistemi formalaşmaqdadır. Lakin qlobal səviyyədə ekosistemin formalaşması ilə bağlı bütün dünyada ciddi problemlər vardır. Bu kontekstdə süni intellekt texnologiyaları cəmiyyəti inkişaf etdirmək əvəzinə, ciddi kibertəhlükələrə yol açır, daha müasir və ağıllı kiber silahların meydana gəlməsi üçün geniş imkanlar təqdim edir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dünyanın bəşəri dəyərlərinə hörmət etməyən, terrorçu əhval-ruhiyyəsində olan bəzi dövlətlər də vardır. Onlar öz resurslarını ziyanverici və dağıdıcı ağıllı texnologiyaların hazırlanmasına sərf edir.
Bu gün Azərbaycan bütün sferalarda olduğu kimi, İKT, o cümlədən kibertəhlükəsizlik sahəsində bütün beynəlxalq qurumlarla əməkdaşlıq edir. NATO və digər nüfuzlu beynəlxalq qurumların dəstəyilə Azərbaycanda kibertəhlükəsizliyin bu və ya digər aspektlərinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Eyni zamanda bu istiqamətdə qlobal çağırışlara dəstək verir, müxtəlif tənzimləyici sənədlərin və strategiyaların qəbul edilməsində aktivlik göstərir. Digər tərəfdən, Azərbaycan həm milli kibertəhlükəsizlik ekositeminin inkişafına böyük qayğı göstərir, həm də qlobal kibertəhlükəsizlik ekosisteminin formalaşması prosesində yaxından iştirak edir.
– Ölkəmizin informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi istiqamətində rəhbərlik etdiyiniz institutda görülən işlər barədə qısa məlumat verməyinizi istərdik.
– Əvvəla, qeyd edim ki, ölkəmizdə ilk dəfə olaraq informasiya təhlükəsizliyi sahəsində elmi tədqiqatlara 30 il öncə – təxminən 90-cı illərin ortalarında İnformasiya Texnologiyaları İnstitutunda başlanmışdır. Həmin dövrdə hələ İnternet, İKT yeni-yeni inkişaf etməyə başlayırdı. O illərdən bəri institutda informasiya təhlükəsizliyinin müxtəlif aktual problemlərini əhatə edən çoxsaylı tədqiqatlar aparılıb, əldə olunan mühüm elmi nəticələrə dair minlərlə məqalələr dərc olunub, çoxlu sayda dərs vəsaiti, kitablar və monoqrafiyalar hazırlanıb.
Hazırda qarşımızda duran əsas elmi problemlər, qlobal çağırışlar, IV Sənaye İnqilabı və süni intellekt texnologiyalarının yaratdığı reallıqlar fonunda yaranmış kibertəhlükələrə qarşı səmərəli mexanizmlər, metodlar və alqoritmlər işləməkdir. Bu kontekstdə Əşyaların İnterneti texnologiyalarının müxtəlif texnoloji proseslərdə tətbiqi, kiberfiziki sistemlərin kiberdayanıqlılığının, bulud sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, kibertəhlükələr və kiberinsidentlər üzrə reyestrlərdə toplanmış böyükhəcmli verilənlərin süni intellekt metodları vasitəsilə intellektual emalı texnologiyalarının işlənilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda ölkəmiz üçün xüsusi əhəmiyyətə malik olan təbii dilin emalı texnologiyalarının Azərbaycan dili üçün tətbiqi və inkişaf etdirilməsi də prioritetlərdəndir. Bu istiqamətdə azərbaycandilli informasiya resurslarının – mətnlərin, audio və video materialların araşdırılması, həmin resurslarda mövcud olan kibertəhlükələrin aşkarlanması və identifikasiyası üçün effektiv metodlar və texnologiyalar işlənilir. Uşaqların İnternet mühitində qorunması ilə bağlı bir sıra yanaşmalar, eləcə də, pilotsuz uçuş aparatlarının fəaliyyətinə müdaxilələrin qarşısını almaq üçün kibertəhlükəsizlik metodları təklif olunmuşdur. Sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi, habelə sosial təyinatlı kiberfiziki sistemlərdə və infrastrukturlarda toplanan fərdi məlumatların qorunması problemlərinin həllinə yönəlmiş araşdırmalar da qarşımızda duran əsas vəzifələrdəndir.
İnstitutun əməkdaşları elmi-nəzəri fəaliyyətlə yanaşı, ölkəmizdə müvafiq dövlət proqramlarının, fərman və sərəncamların, milli standartların və digər normativ-hüquqi sənədlərin hazırlanması və icrası işlərində də aktiv iştirak edirlər.
Eyni zamanda, institut Şərq Tərəfdaşlığı siyasətinin tərkib hissəsi kimi GEANT layihəsi çərçivəsində ölkənin elm və təhsil şəbəkəsi infrastrukturunun Avropa mühitinə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirir. NATO, GEANT və s. nüfuzlu qurumlarla əməkdaşlığı davam etdirir, elmin inkişafına dair birgə layihələrdə iştirak edir.
Bundan başqa, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, eyni zamanda müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsi İnformasiya Texnologiyaları İnstitutunun qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan, institutun Azərbaycan Texniki Univerisiteti (AzTU) ilə əməkdaşlığını xüsusi qeyd etmək istərdim. Ötən il bu iki qurum arasında elm və təhsil sahəsində birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum çərçivəsində yüksəkixtisaslı kadrların hazırlanması, elmi-ekspertiza fəaliyyətinin həyata keçirilməsi, dərsliklərin, tədris resurslarının hazırlanması, birgə konfransların təşkili və s. kimi tədbirlərin görülməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu əməkdaşlıq artıq öz bəhrəsini verməkdədir. AzTU-nun əməkdaşları institutun qabaqcıl təcrübəsindən, elmi potensialı və texnoloji imkanlarından istifadə edirlər. Onu da qeyd edim ki, ölkədə kibertəhlükəsizlik sahəsində fəlsəfə və elmlər doktorluğu üzrə kadr hazırlığının həyata keçirilməsi məqsədilə Azərbaycan Texniki Universiteti ilə bizim institutun müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya şurası təşkil olunmuşdur.
İnstitut həmçinin Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Biznes Universiteti və s. ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir.
– Rasim müəllim, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının üzvü kimi, Komissiya tərəfindən görülən işləri necə qiymətləndirirsiniz? Komissiyanın fəaliyyəti ölkədə kibertəhlükəsizliyin inkişafına nə kimi töhfə verir?
– Qeyd etmək lazımdır ki, uzun illər ərzində ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində işlərin pərakəndə şəkildə həyata keçirilməsi, mövcud problemlərin həllinə sistemli yanaşmanın olmaması respublika səviyyəsində bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsini zəruri edirdi. Bu səbəbdən, 2018-ci ildə dövlət başçısının müvafiq Sərəncamı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradıldı. Bu komissiyanın tərkibində aidiyyəti dövlət qurumları ilə yanaşı, İnformasiya Texnologiyaları İnstitutu da təmsil olunur. Düşünürəm ki, bu, bizim elmi müəssisəyə olan etimadın göstəricisi olmaqla yanaşı, həm də qarşımıza böyük vəzifələr və məsuliyyət qoyur.
Bildiyimiz kimi, Koordinasiya Komissiyasının əsas məqsədi qlobal səviyyədə kibertəhlükəsizlik sahəsində trendləri, prosesləri izləmək, ölkənin maraqlarına zidd olan riskləri, kibertəhlükələri qiymətləndirmək, onlara qarşı effektiv tədbirlər görmək üçün müvafiq tövsiyələr vermək, ayrı-ayrı dövlət qurumlarının qarşısında məsələlər qaldırmaqdan ibarətdir. Digər tərəfdən, yüksək dinamika ilə inkişaf edən rəqəmsal transformasiya prosesləri və müasir texnologiyaların ölkə səviyyəsində cəmiyyətin həyatına təsiri, müxtəlif sahələrdə kibertəhlükəsizlik problemlərinin aşkarlanması və onların həlli üçün zəruri tövsiyə və təkliflərin verilməsi məsələləri də Komissiyanın qarşısında duran mühüm vəzifələrdəndir. Fikrimcə, Koordinasiya Komissiyası milli səviyyədə kibertəhlükəsizlik məsələlərinin və problemlərinin müzakirəsi, kollegial, demokratik əsaslarla səmərəli qərarların qəbul edilməsi üçün peşəkar, intellektual dialoq platformasıdır.
Hesab edirəm ki, bu qurum ölkəmizdə informasiya təhlükəsizliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsində ayrı-ayrı dövlət qurumları, elmi müəssisələr, kommersiya şirkətləri və s. təşkilatları əlaqələndirərək çox səmərəli fəaliyyət göstərir, müntəzəm olaraq səyyar iclaslar keçirir və öz işini get-gedə daha da təkmilləşdirir.
Onu da qeyd edim ki, “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqi və qiymətləndirilməsi işlərinin Koordinasiya Komissiyasına həvalə edilməsi, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində dayanıqlı inkişafın təmin edilməsi baxımından bu qurumun üzərinə düşən məsuliyyəti daha da artırır.
– Rasim müəllim, bəs getdikcə mürəkkəbləşən kibertəhlükələr kontekstində informasiya təhlükəsizliyinin gələcəyini, perspektiv vəzifələrini necə görürsünüz?
– Birincisi, qeyd etmək istəyirəm ki, informasiya təhlükəsizliyi artıq öz ümumi klassik tərifinin çərçivəsindən çıxmışdır. Əvvəllər informasiya təhlükəsizliyinin 3 əsas prinsipə – məlumatın məxfiliyinin qorunması, tamlığının və əlçatanlığının təmin edilməsinə əsaslandığını düşünürdük. Bu prinsiplər klassik mənada informasiya təhlükəsizliyinin əsas məqsədlərini, vəzifələrini müəyyənləşdirirdi. Lakin son dövrlərdə bu əsas prinsiplərlə yanaşı, informasiyanın məzmunu ilə bağlı məsələlər də diqqət mərkəzinə keçmişdir. İstər audio və video, istərsə də mətn formatında təqdim olunan onlayn resurslar, kontentlər vasitəsilə dövlət, cəmiyyət və fərdlər üçün ciddi kibertəhlükələr yaranır və bu təhdidlərə qarşı kompleks tədbirlərin görülməsi qaçılmazdır.
İnformasiyanın məzmunu xüsusilə də uşaqlara, dövlətin siyasətinə, ideologiyasına, milli-mənəvi dəyərlərə və insanların psixoloji durumuna böyük təhlükələr yaradır. Buna görə də, informasiya təhlükəsizliyi məlumatların məzmunu vasitəsilə reallaşan çox mürəkkəb, aşkarlanması heç də asan olmayan kibertəhlükələrlə mübarizə aparmaq vəzifəsini də qarşıya qoyur.
İkincisi, informasiya təhlükəsizliyi mexanizmləri və vasitələri ənənəvi olaraq İnternet mühitində geniş yayılmış kibertəhlükələrə qarşı mübarizə aparır. Lakin Əşyaların İnterneti (IoT) texnologiyalarının meydana çıxması, onların kritik infrastrukturlara, müxtəlif təyinatlı texnoloji sistemlərə inteqrasiyası tamamilə fərqli, yeni problemlər yaradır. Bu texnologiyalar vasitəsilə proseslər təkcə real həyatda deyil, həm də virtual məkanda gedir və nəticədə kiberfiziki reallıq yaranır. Ona görə də hər bir ölkə bu yeni reallıqları nəzərə almalı, IoT əsasında qurulan kritik sistemlərin və infrastrukturların etibarlı fəaliyyətini təmin etməli və ümumiyyətlə, kiberfiziki sistemlərin təhlükəsizliyi və kiberdayanıqlıq problemlərini prioritet istiqamət olaraq müəyyənləşdirməlidir.
Digər tərəfdən, süni intellektin yaratdığı imkanlar müəyyən problemlərin həllinə kömək etsə də, kibertəhlükəsizliklə bağlı ciddi narahatlıqlar da yaradır. İnformasiya texnologiyaları, süni intellekt metodları inkişaf etməklə yanaşı, paralel olaraq kibertəhlükələri yaradan texnologiyalar da sürətlə təkmilləşir, intellektuallaşır. Deməli, kibertəhlükələrə qarşı yaradılan müdafiə mexanizmləri və texnologiyaları da gücləndirilməli, daha da təkmilləşdirilməlidir. Bu kimi probemlər alim və mütəxəssislərin qarşısında çox ciddi vəzifələr qoyur, yeni intellektual metod və alqoritmlərin işlənilməsini tələb edir.
Əlbəttə ki, bütün bu hədəflərə çatmaq üçün müasir dövrün tələblərinə cavab verən informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrların hazırlanması olduqca vacibdir. Xüsusilə kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə sahəsində data mühəndisləri, data analitikləri, proqram mühəndisləri, rəqəmsal hüquqşünaslar, rəqəmsal kriminalistlər, kriptoqraflar kimi mütəxəssislərin hazırlanması böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, insanların və ümumiyyətlə, cəmiyyətin kibertəhlükəsizlik mədəniyyətinin formalaşması və yüksəldilməsi istiqamətində ardıcıl və kompleks tədbirlərin həyata keçirilməsi də bu sahədə yaranacaq problemlərin və risklərin azaldılması üçün mühüm rol oynaya bilər.
– Rasim müəllim, süni intellektlə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar haqqında məlumat verə bilərsinizmi?
– Bildiyiniz ki, süni intellekt texnologiyaları son illərdə geniş aktuallıq qazanmışdır. Əvvəllər real, effektiv nailiyyətlərin olmaması səbəbindən bu texnologiyalara qlobal səviyyədə kifayət qədər diqqət ayrılmırdı. Lakin bu, süni intellekt sahəsində araşdırmaların aparılmadığı və ya bu sahədə inkişafın baş vermədiyi anlamına gəlməməlidir. Əksinə, süni intellekt texnologiyalarının elmi-nəzəri əsasları o səviyyədə inkişaf etmişdir ki, artıq bu texnologiyalar insanların həyatına həm müsbət, həm də mənfi təsirlər göstərməyə başlamışdır. Süni intellekt bəşər tarixində mövcud olan çox mürəkkəb problemlərin həllinə dəstək verir, tibb sahəsində və insanların sağlamlığı ilə bağlı məsələlərdə, həmçinin digər fəaliyyət sahələrində mühüm rol oynayır, əmək bazarında böyük dəyişikliklər baş verir, yeni peşələr yaranır. Süni intellekt istər mikro, istərsə də makro aləmdə rast gəlinən problemlərin həllində yeni perspektivlər açır və insan fəaliyyətinə dəyərli töhfələr verir.
Təbii ki, 1960-cı illərin ortalarından etibarən dünya elminin bir hissəsi olaraq ölkəmizdə də həm elmi tədqiqat institutları, həm də ali təhsil müəssisələrində süni intellektlə bağlı tədqiqatların aparılmasına başlanılmışdır. Azərbaycan alimləri süni intellekt texnologiyalarının əsasını təşkil edən neyron şəbəkələri, qeyri-səlis məntiq, maşın təlimi texnologiyaları və s. istiqamətlərdə fundamental və tətbiqi araşdırmalar aparmış, mühüm elmi-nəzəri nəticələr əldə etmişər.
Xüsusilə vurğulamaq lazımdır ki, bu istiqamətdə araşdırmaların aparılmasında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin rolu çox böyük olmuşdur. Onun 1965-ci ildə Azərbaycana səfəri, alim və ziyalılarla görüşü ölkəmizdə süni intellektin elmi-nəzəri əsaslarının inkişafına təkan vermiş, onu stimullaşdırmışdır.
1980-ci illərdən sonra süni intellekt texnologiyalarının Azərbaycanda neft-qaz və digər sahələrdə tətbiq edilməsinə başlanmış və bu proses tədricən genişlənərək müxtəlif sektorlara nüfuz etmişdir. 1990-cı illərdə qeyri-səlis biliklər bazası, ekspert sistemləri, qərar qəbuletmə, qeyri-səlis optimallaşdırma üsulları, tibdə intellektual informasiya sistemlərinin yaradılması və digər istiqamətlərdə tədqiqatlar aparılmış, mühüm nəticələr əldə olunmuşdur. 2000-ci illərdən etibarən təbii dilin emalı texnologiyalarının tətbiqi ilə mətnlərin intellektual analizi sahəsində əhəmiyyətli tədqiqatlara başlanmışdır.
Bu gün yeni süni intellekt metodları və texnologiyalarının işlənilməsi ölkəmizdə müvafiq elm və təhsil müəssisələrinin fəaliyyətinin ən aktual və prioritet elmi istiqamətlərindən biridir. Bu tədqiqat qurumlarında süni intellektin problemlərinə dair çoxaspektli araşdırmalar aparılır, fəlsəfə və elmlər doktorları, eləcə də, müasir tələblərə cavab verən yüksəkixtisaslı kadrlar hazırlanır.
İnformasiya Texnologiyaları İnstitutu da bu prosesdə fəal iştirak edərək süni intellektin aktual problemlərini diqqət mərkəzində saxlayır. Kiberfiziki sistemlər, təbii dilin emalı, dərin təlim, ifrat böyük verilənlərin analitikası, intellektual, kibersuveren e-dövlətin formalaşdırılması, təhlükəsiz bulud texnologiyalarının yaradılması və s. prioritet istiqamətlər üzrə mühüm tədqiqatlar aparır.
– Artıq 5-ci ildir ki, İnformasiya Texnologiyaları İnstitutu Stenford Universiteti tərəfindən təqdim edilən süni intellekt sahəsində beynəlxalq reytinq siyahısında yer alır. Azərbaycan alimlərinin bu siyahıda təmsil olunması ölkəmiz üçün böyük şərəfdir. Bu barədə də danışmağınızı istərdik.
– Qeyd etdiyim kimi, Azərbaycan elminin əsas prioritetlərindən biri süni intellekt texnologiyalarıdır. Bu sahənin ölkəmizdə formalaşmış bir ənənəsi, elmi məktəbləri mövcuddur. Sevindirici haldır ki, dövlətin müvafiq qurumları artıq ali təhsil sistemində bu istiqamətdə kadrların hazırlanması üçün mühüm addımlar atmaqdadır. Ölkəmizdə süni intellekt texnologiyaları sahəsində görülən işlər və əldə olunan elmi nailiyyətlər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, İnformasiya Texnologiyaları İnstitutu son 5 ildə ardıcıl olaraq nüfuzlu Stenford Universitetinin dərc etdiyi, dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısında təmsil olunur. Əgər son 30 ildə institutda aparılan tədqiqatları, dərc olunmuş elmi əsərləri təhlil etsək görərik ki, süni intellekt texnologiyalarının ən geniş tətbiq olunduğu sahələr məhz kibertəhlükəsizlik problemləri ilə əlaqədardır.
– Rasim müəllim, bəs fərdi məlumatların qorunması problemləri informasiya təhlükəsizliyinin təmin olunmasında hansı rola malikdir?
– Əvvəlcə onu qeyd edim ki, fərdi məlumatların qorunması bəşər tarixinin bütün dövrlərində xüsusi əhəmiyyətə malik olmuşdur. Çünki bəşəriyyətin yaranışından indiyə qədər insanların şəxsi həyatı və fərdi məlumatları hər zaman məxfi və toxunulmaz hesab olunub, bütün dövrlərdə müxtəlif qayda-qanunlarla, üsullarla qorunub.
Məlumdur ki, müasir dövrdə kiberfiziki sistemlər insan həyatının bütün sahələrinə sürətlə nüfuz edir, bu proses getdikcə daha da mürəkkəbləşir, kibertəhlükələrin miqyası genişlənir. Əşyaların İnterneti, mobil cihazlar və məişətdə istifadə olunan “ağıllı” qurğular bir tərəfdən həyatımızı asanlaşdırır, digər tərəfdən də müəyyən risklər yaradır, insanların fərdi həyatının daha həssas bir məsələyə çevrilməsinə səbəb olur. Ona görə də dövlətimiz tərəfindən fərdi məlumatların qorunması və kibertəhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Lakin bu kompleks problemin həllində təkcə dövlət deyil, eyni zamanda, özəl sektor, vətəndaş cəmiyyəti institutları və vətəndaşlar da ciddi məsuliyyət daşıyırlar. Məhz buna görə də bu problemlərin həllində onların birgə fəaliyyət göstərmələri məqsədəuyğundur.
Hər kəs kibertəhlükəsizlik texnologiyalarından istifadə etməklə şəxsi həyatının qorunması üçün yeni biliklər əldə etməli, ayıq-sayıq olmalı, başqa sözlə, zəruri səviyyədə kibertəhlükəsizlik mədəniyyətinə yiyələnməlidir. Bütün bunlar ölkədə ümumi kibertəhlükəsizlik ekosisteminin bir hissəsi olaraq fərdi məlumatların qorunması üçün alt ekosistemin formalaşdırılması və qorunmasını zəruri edir.
Bundan başqa, IoT əsaslı kiber-fiziki sistemlərin geniş və sürətli inkişafı ilə fərdi məlumatların qorunması və istifadəçi məxfiliyi ilə bağlı bir çox texniki, hüquqi və etik məsələləri əhatə edən elmi problemlər ortaya çıxarır. İnformasiya Texnologiyaları İnstitutu bu istiqamətdə də ardıcıl olaraq tədqiqatlar aparır, mövcud problemlərin həllinə elmi-praktiki dəstək verir. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl texnologiyaların Azərbaycana transfer olunması, eləcə də, fərdi məlumatların qorunması və kibertəhlükəsizlik sahəsində ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə də lazımi işlər görülür.
– Rasim müəllim, məlumdur ki, ölkəmizdə informasiya təhlükəsizliyinin əsas prioritetlərindən biri də uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsidir. Bununla bağlı ölkəmizdə həyata keçirilən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verməyinizi istərdik.
– Əlbəttə ki, uşaqlar və yeniyetmələr cəmiyyətin ən həssas təbəqələrini təşkil edirlər. Son illərdə insanların kompüterlərdən, İnternetdən geniş istifadə etməsi əsasən xeyirxah məqsədlərə xidmət etsə də, təəssüf ki, bu sahədə müəyyən problemlər də ortaya çıxır. Nəinki uşaqlar, həm də böyüklər ziyanlı məlumatların təsirinə məruz qalır, onlarda İnternet asılılığı yaranır. Nəticədə şəxsiyyətin deqradasiyası, ailələrin dağılması kimi ciddi sosial-psixoloji problemlər müşahidə olunur.
Uşaqların yaşına və psixologiyasına uyğun olmayan kontentlərə çıxış əldə etməsi, eləcə də, zərərli biliklər qazanması, bu bilikləri cəmiyyətdə tətbiq etməsi ciddi problemlər yaradır. Digər tərəfdən, uzun müddət İnternetdən istifadə və kompüter qarşısında vaxt keçirmək onların fiziki inkişafına, səhhətinə mənfi təsir göstərir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı İnternet asılılığını rəsmi olaraq bir xəstəlik növü kimi tanıyıb. Bu, cəmiyyət üçün ciddi siqnaldır və hər bir ailə, məktəb və bütövlükdə cəmiyyət bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır.
Onlayn mühitdə uşaqların müdafiəsi yalnız dövlətin səyləri ilə deyil, biznes sektoru, İnternet xidmətləri provayderləri, təhsil müəssisələri və valideynlərin birgə fəaliyyəti əsasında təmin edilməlidir. Bu sahədə beynəlxalq təcrübənin nəzərə alınması da olduqca vacibdir. Belə ki, ayrı-ayrı ölkələrdə uşaqların təhlükəsizliyini təcili təmin etmək üçün müxtəlif institusional tədbirlər həyata keçirilir, İnternetə çıxışı təcili bloklama kimi texnologiyalar tətbiq olunur. Azərbaycanda da bu kimi təcrübələrin tətbiqi ilə uşaqların İnternet təhlükələrindən qorunması üçün müasir və effektiv mexanizmlərin işlənilməsi məqsədəuyğun olardı.
İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin əsas prioritetlərindən biri də uşaqların İnternetdə təhlükəsizliyinin qorunması məsələsidir. İnstitutda uzun illər ərzində aparılan tədqiqatların nəticəsi kimi uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün dərin təlim texnologiyalarının tətbiqi ilə müasir metodlar işlənilmiş, beynəlxalq təcrübəyə əsaslanan konseptual baxışlar, ideyalar irəli sürülmüşdür. Göründüyü kimi, bu istiqamətdə görüləsi işlər çoxdur, maraqlı qurumların bununla əlaqəli fəaliyyətinin əlaqələndirilməsinə zəruriyyət vardır.
– Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu baxımdan alimlərimiz, o cümlədən kibertəhlükəsizlik sahəsində çalışan alimlər qarşısında hansı vəzifələr dayanır?
– Yaşadığımız dövrün xüsusiyyəti ondan ibarətdir ki, İKT-nin, İnternetin geniş tətbiqi nəticəsində artıq real məkanda mövcud olan varlıqların müxtəlif rəqəmsal əkizləri formalaşır. Bu proses ölkəmizdə də ardıcıl olaraq həyata keçirilməkdədir. Başqa sözlə, qlobal virtual məkanda real Azərbaycanın rəqəmsal əkizi kimi virtual Azərbaycan və onun ayrı-ayrı komponentləri (e-hökumət, e-məhkəmə və s.) formalaşır. Ona görə də, bu gün suveren dövlətimizin təhlükəsizliyinin həm real, həm də virtual məkanda təmin olunması çox mühüm məsələdir. Bu səbəbdən müvafiq dövlət təşkilatları, elmi müəssisələr, eləcə də, digər aidiyyəti qurumların əsas strateji hədəfi çox mürəkkəb xüsusiyyətlərə malik qlobal virtual məkanda suveren Azərbaycan dövlətinin tərkib hissəsi kimi kibersuveren e-dövlətimizi formalaşdırmaq və onun informasiya təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməkdir.
Əlbəttə ki, bu məqsədlərə çatmaq üçün ölkəmizdə formalaşmaqda olan milli kibertəhlükəsizlik ekosisteminin və onun komponentlərinin daha da dayanqılı və etibarlı fəaliyyət göstərməsinə alimlərimiz tərəfindən hərtərəfli elmi dəstək veriləcəkdir.