Rəqəmsal dövlət mühitində smart OLAP sistemlərinin tətbiqi məsələləri

29 Oktyabr 2025 - 15:08 | Konfranslar, İclaslar
Rəqəmsal dövlət mühitində smart OLAP sistemlərinin tətbiqi məsələləri

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal dövlət mühitində smart OLAP sistemlərinin tətbiqi” mövzusuna həsr olunmuş növbəti şöbə seminarı keçirilib.

Məruzəni institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova təqdim edərək bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalar iqtisadiyyat, təhsil, tibb, dövlət idarəçiliyi kimi sahələrə sürətlə tətbiq olunur. O, bildirib ki, rəqəmsal transformasiya göstərilən xidmətlərin keyfiyyətini və idarəetmənin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

G.Nəbibəyova rəqəmsal transformasiyanın iki əsas mərhələsi – rəqəmsallaşdırma və rəqəmsallaşma barədə məlumat verib, Klod Şennonun bu istiqamətdəki elmi təşəbbüslərindən bəhs edib. Məruzəçi qeyd edib ki, rəqəmsal texnologiyaların dövlət və inzibati orqanların praktiki fəaliyyətinə tətbiqi rəqəmsal dövlətin formalaşmasına gətirib çıxarır. Tədqiqatçı vurğulayıb ki, rəqəmsal dövlətin əsas məqsədi idarəetmənin səmərəliliyini artırmaq, xidmətlərin keyfiyyətini yüksəltmək və dövlət idarəçiliyinin şəffaflığını təmin etməkdir.

Məruzəçi diqqətə çatdırıb ki, rəqəmsallaşmanın artması dövlətlərin xarici İKT provayderlərindən asılılığını artırır ki, bu da kibersuverenlik məsələsini gündəmə gətirir. “Rəqəmsal dövlətin səmərəli fəaliyyəti üçün kibersuverenliyin təmin olunması vacibdir”, - deyə qeyd edən G.Nəbibəyova kibersuverenliyin dövlətin strateji məlumatlarının təhlükəsizliyini, rəqəmsal xidmətlərin kənar müdaxilələrə qarşı müdafiəsini təmin etdiyini bildirib.

O, smart OLAP sisteminin rəqəmsal dövlət orqanları və sosial sferada böyük verilənlərin və çoxsaylı məlumat mənbələrinin idarə edilməsində istifadəsinin zəruriliyindən bəhs edərək OLAP sistemlərinin neyron şəbəkələr, Data Mining və blokçeyn texnologiyaları ilə inteqrasiyası əsasında hibrid modelin tətbiqini təklif edib. Qeyd edib ki, bu inteqrasiya dövlət proseslərinin təhlükəsizliyini, şəffaflığını və avtomatlaşdırılmasını təmin etməyə töhfə verir.

Məruzəçi həmçinin rəqəmsal dövlətin effektivliyinin qiymətləndirilməsi üçün Əsas Effektivlik Göstəricilərinə əsaslanan metodologiyanı təqdim edib, eksperimentlərin nəticələrini diqqətə çatdırıb.

Mövzuya dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.