AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin 2019-cu ilin birinci yarısı üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova yarım il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. Qeyd etdi ki, cari ildə mərkəzdə informasiya mədəniyyətinin formalaşması problemləri üzrə fərdin informasiya mədəniyyətinin zamandan asılı olaraq qiymətləndirilməsi və fərdin informasiya mədəniyyətinin inteqral göstəricilərinin hesablanması istiqamətləri üzrə tədqiqatlar aparılıb. O, bu il həmçinin, jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatların aparıldığını diqqətə çatdırdı.
R.Mahmudova bildirdi ki, qeyd olunan istiqamətlər üzrə əlin xarici əlamətlərinin təhlili əsasında jestlərin tanınması metodlarının analizi, əlin üçölçülü modelinin təhlilinə əsasən jestlərin tanınması metodlarının analizi, insanın müxtəlif emosional vəziyyətlərində onun üzündəki mimikanın analizi və sintezi məsələlərinin araşdırılması, eləcə də İKT əsasında qeyri-verbal texnologiyalar və cəmiyyətin inklüziv inkişafı ilə bağlı araşdırmalar aparılıb.
Məruzəçinin sözlərinə görə, xarici ölkələrdə intellektual oyunların İnformatika fənninin tədrisinə inteqrasiyası üçün metodika işlənilib, tədrisin keyfiyyətinin qiymətləndirilməsi üçün kriteriyalar hazırlanıb və əldə edilmiş nəticələrin təcrübi yoxlanılması üçün seçilmiş məktəblərdə eksperimentlər aparılıb.
TİM-in rəhbəri mərkəzdə elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işləri də diqqətə çatdırdı. Doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu, distant tədris və imtahanların keçirilməsi, AMEA-nın magistratura pilləsində təhsil alan magistrantlar üçün dərs və imtahanların təşkili ilə bağlı görülən işlər haqqında məlumat verdi.
O, 2019-cu ildə də ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar tədbirlərin görüldüyünü, eləcə də Ümumrespublika Olimpiadasının final mərhələsinin təşkil edildiyini, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlərin davam etdirildiyini söylədi.
R.Mahmudova mərkəzin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülən işlər haqqında məlumat verdi. O, cari ildə “Tədqiqatçıların informatika üzrə hazırlığı. Statistik icmal” adlı kitabın, eləcə də “İnformatika. 1111 test” adlı dərs vəsaitinin çap olunduğunu bildirdi.
Sonda hesabat ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarım illik fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, mərkəzin elmi və elmi-innovasiya fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.