Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə institut əməkdaşlarını təbrik etdi, bu tarixin əhəmiyyətindən danışdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib.
Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən R.Əliquliyev ölkə başçısının qloballaşan dünyanın tələbinə uyğun apardığı siyasi xəttin Azərbaycan dövlətçiliyinin inkişafına, eyni zamanda ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişafına misilsiz töhfələr verdiyini vurğuladı.
Daha sonra akademik gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Seminarın “Vizual analitikanın elmi-nəzəri problemləri və bəzi tətbiqləri” adlı mövzuya həsr olunduğunu bildirdi.
İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev məruzəni təqdim edərək vizuallaşdırmanın tarixi, onun üsulları, vizual analitika anlayışı, onun elmi əsasları, tətbiqləri, eləcə də problemləri haqqında ətraflı məlumat verdi.
Verilənlərin vizuallaşdırılmasının biliyin əldə edilməsi üçün verilənlərin müəyyən sistematik formada təsviri olduğunu söyləyən məruzəçi onun müxtəlif üsullarının mövcud olduğunu vurğuladı.
R.Şıxəliyev bildirdi ki, vizual analitika interaktiv vizual interfeyslər vasitəsi ilə dəstək verilən analitik düşüncə haqqında elmdir: “Vizual analitika üsulları qərar qəbul edən şəxsə mürəkkəb problemlər haqqında təsəvvür yaratmaq üçün öz düşüncə keyfiyyəti və baza biliklərini verilənlərin saxlanılması və emalının müasir texnalogiyaları ilə birləşdirməyə imkan verir. Vizual analitika sahəsindəki tədqiqatların məqsədi qərar qəbul edən şəxsə böyük həcmdə informasiya axınını analiz etməklə real zamanda effektiv qərarların qəbul edilməsinə dəstək verməkdir”.
Onun sözlərinə görə, vizual analitika informasiyanın vizuallaşdırılmasına və verilənlərin avtomatik analizinə əsaslanır və insanın analiz prosesində iştirakına imkan verir. Bundan əlavə, vizual analitika insanla maşın arasında qarşılıqlı əlaqəni təmin etmək üçün müxtəlif elm sahələrini birləşdirir.
“Vizual analitikanın birinci mərhələsində verilənlərin ilkin emalı həyata keçirilir”, - deyə bildirən məruzəçi qeyd etdi ki, vizual analitika prosesində bilik vizuallaşdırmadan, avtomatik analizdən, həmçinin vizuallaşdırma, modellər və analitiklər arasındakı qarşılıqlı əlaqədən əldə edilə bilər.
R.Şıxəliyevin sözlərinə görə, vizual analitika fizika, astronomiya və coğrafiya, maliyyə, biznes, marketinq, ətraf mühit, iqlim, havanın monitorinqi, kimya, biologiya və tibb, sosiologiya, iqtisadiyyat, milli, ictimai və kiber təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat, enerji kimi sahələrdə geniş tətbiq olunur.
Məruzəçi qeyd etdi ki, böyük verilənlərin real zamanda analizi və vizuallaşdırılması, qeyri-bircins mənbələrin verilənlərinin inteqrasiyası, analiz prosesində verilənlərin interpretasiyası və etibarlığı, ontologiyanın ölçüsünə, kontentin müxtəlifliyi və qeyri-bircinsliyinə görə ontologiya üzrə və metaverilənlərdə əlaqələrin analizi, eləcə də miqyaslama vizual analtikanın əsas problemlərindəndir.
R.Şıxəliyev həmçinin, vizual analitika sahəsində tanınmış proqram təminatları barədə ətraflı məlumat verdi. O, dünyanın seysmik aktiv zonalarının real zamanda vizuallaşdırıldığı 3D-xəritələri, dünya üzrə 180 mindən çox uçuşun vizuallaşdırıldığı xəritəni nümayiş etdirdi.
Sonra akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığından danışdı, bu sahədə tədqiqatların dərinləşdirilməsini, institutun növbəti seminarlarında vizual analitikanın çoxaspektli problemlərinə həsr olunmuş məruzələrin təqdim olunmasını tövsiyə etdi.
R.Əliquliyev vizuallaşdırmanın elmi-nəzəri problemlərinin həllində kiçik cisimciklər (qranullar) nəzəriyyəsindən istifadə edilməsinin əhəmiyyətindən bəhs etdi, gələcək tədqiqatlarda devizualizasiya problemləri, fraktal nəzəriyyə, mnemonikaya dair araşdırmalara yer ayrılmasının zəruriliyini vurğuladı.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, institutun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, institutun böyük elmi işçisi Roza Şahverdiyeva və s. iştirak etdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.